Əsas Səhifə > Slayd > “Əli Əsədov yaxın 6 ayda yeni komanda quracaq”
“Əli Əsədov yaxın 6 ayda yeni komanda quracaq”19-10-2019, 10:05 |
Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə bir çox mühüm məsələləri diqqətə çatdırıb. Həmçinin, yeni Baş Nazir təyin olunan Əli Əsədovla bağlı bunları deyib: “Bir neçə gün bundan əvvəl mənim sərəncamımla Əli Əsədov Baş Nazir vəzifəsinə təyin edilib. Əli Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib. Əminəm ki, Baş Nazir kimi o, mənim tərəfimdən qarşıya qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir”. Dövlət başçısının bu çıxışından sonra diqqətlə yeni Baş Nazir tuşlanıb. Çingiz Qənizadə xatırladıb ki, Əli Əsədov Baş nazir təyin olunandan sonra bu, ilk geniş toplantı idi: “Təbii ki, cənab Prezident həm də yeni Baş Naziri təqdim edirdi, qarşısına qoyulan vəzifələri hökumət üzvlərinə çatdırırdı. Hesab edirəm ki, Əli Əsədovun yeni Baş Nazir təyin olunması cənab Prezidentin apardığı kadr islahatlarının tərkib hissəsidir. Həqiqətən də Əli müəllim bu günə kimi qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirib. Təbii ki, yeni Baş Nazir yeni nəfəslə, yeni arzu və istəklə qarşıya qoyulan tapşırıqları həyata keçirməyə çalışarkən özü işləyə biləcək insanlara da üstünlük verməlidir. Düzdü, bu səlahiyyət cənab Prezidentdədir, ancaq Baş Nazir dövlət başçısından sonra icra orqanında üçüncü ali şəxs olduğuna görə, güman ki, yeni kadrlarla işləmək məsələsi onlar arasında müzakirə predmeti olacaq. Əsas məsələ ölkədə iqtisadi artımın daha da gücləndirilməsidir. Bu, yeni iş yerləri, ölkəyə yeni valyuta axını, iqtisadiyyatın inkişafı deməkdir. Bu baxımdan iqtisadiyyatdakı irəliləyiş və artım insanların normal yaşamasına, rifahına onların problemlərinin həllinə xidmət edən məqamdır. Ona görə də cənab Prezident insanların sosial problemlərinin, sosial rifahının təmin edilməsi üçün bu artımın dövlətimizə lazım olduğunu bir daha vurğuladı . Dövlət başçısı müşavirədə ayrı-ayrı məmurların islahatlara mane olmasını xüsusi qeyd etdi. Təbii ki ad çəkmədi. Bu, cəmiyyətin mövzusu deyil. Ancaq dövlət başçısı üstüörtülü bu məsələyə toxundusa, demək ki, kifayət qədər məlumatlara malikdir. Bu işlə məşğul olan, islahatlara mane olmaq istəyən insanlar xəbərdarlıqdan nəticə çıxarmalıdırlar. Təbii, nəticə çıxartmayacaqlarsa, o zaman başqa tədbirlər görüləcək. Ümid edirəm ki, bu istiqamətdə islahatlar gedəcək. Bu islahatlara mane olan qüvvələr hakimiyyətdən uzaqlaşdırılacaq”. Yevda Abramov bildirib ki, Əli Əsədov yaxşı kadr olmaqla yanaşı, yaxşı da iqtisadçıdır: “İllərlə cənab prezidentin iqtisadi məsələlər üzrə müşaviri olanda özünü doğruldub. Azərbaycanda gedən bir sıra uğurlu iqtisadi, abadlıq işləri onun göstərişləri ilə gerçəkləşib. Yaxın 6 ay ərzində Əli Əsədov çox yaxşı bir komanda quracaq. Müasir düşüncəli, yaxşı təhsilli, gələcəyə baxışları açıq olan insanları ətrafına toplayacaq. Cənab prezidentin ona göstərdiyi etimadı Azərbaycan xalqı qarşısında doğruldacaq. Onu şəxsən tanıyıram. Vətənpərvər kadrlarımızdan biridir”. Aqil Abbas vurğulayıb ki, dövlətin içində oturub ona qarşı siyasət aparmaq olmaz: “Yeni Baş Naziri çox yaxşı tanıyıram. İqtisadiyyatı bilən adamdır. Baş Nazirin də əsas işi ölkənin iqtisadiyyatını bilmək, yönəltməkdir. Ona gənclik illərindən bələdəm. Cənab Prezident onun qarşısında mühüm vəzifələr qoyub. Bu vəzifələri mətbuatda açıqlamayıb. Bu vəzifələr ondan ibarətdir ki, iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı gerçəkləşsin. Bildiyiniz kimi, kadrlar məsələsində gəncləşmə prosesi gedir. Müşavirədə qoyulan məsələlərdən biri də bu idi. Kadr məsələsində diqqətli olmaq, işi bilənə tapşırmaq çox önəmlidir. Təəssüf ki, yeni kadrlara qarşı mətbuatda bir hücum gözə dəyir. Buna da dövlət başçısı münasibət bildirdi. O demək deyil ki, yaxşı kadrlar evdə oturmaldır. Onlardan da öyrənmək lazımdır. Yadımdadır, 2005-ci ildə cənab Prezident məmurlara belə bir söz dedi: “Kim siyasətlə məşğul olmaq istəyirsə, gedib olsun”. Ancaq hökumətin içində oturub siyasətlə məşğul olmaq olmaz. Yalnız bir siyasətin ola bilər. O da Azərbaycan dövlətinin və cənab Prezidentin yürütdüyü siyasətə dəstək vermək. Bu siyasəti yürütməlisən. Hansısa siyasi təşkilatla hakimiyyətə qarşı əks-siyasət yürüdə bilməzsən. Cənab Prezidentin mesajları çox önəmlidir. Bu mesajları anlamaq lazımdır”.
Geri qayıt |