Əsas Səhifə > Slayd > “TƏRTƏR İŞİ”NİN PƏRDƏARXASI VƏ DƏHŞƏTLİ HƏDƏFLƏRİ...

“TƏRTƏR İŞİ”NİN PƏRDƏARXASI VƏ DƏHŞƏTLİ HƏDƏFLƏRİ...


3-05-2021, 16:14

Ordumuzu ləkələmə kampaniyası şimal cəbhəsindən qərb cəbhəsinə daşınsa da, məqsəd dəyişməyib!

Nəcməddin Sadıkov başda olmaqla, bu işdə əli olanların heç biri məsuliyyətdən kənarda qalmamalıdır!

“Tərtər işi”-nin 2016-cı ilin aprel döyüşlərindən sonra bir tərəfdən ordu rəhbərliyindəki xəyanətkar qrupun öz əməllərini ört-basdır etmək, məsuliyyətdən qaçmaq, digər yandan isə həmin döyüşlərdə şücaət göstərmiş Azərbaycan əsgərini, gizirini, zabitini sındırmaq, gözdən salmaq üçün törədilən düşünülmüş çirkin təxribat olduğu getdikcə daha çox aydınlaşmağa başlayır. Məlum olur ki, bu iş ilk gündən indiyə kimi Azərbaycan Ordusunu ləkələmək, nüfuzdan salmaq üçün istifadə olunmaqdadır...

Qısa xatırlatma olaraq qeyd edək ki, 2017-ci il mayın 7-də Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanatla bir qrup hərbi qulluqçu və mülki şəxsin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq etdiyinə görə saxlandığını açıqlamışdılar.

Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açmış və saxlanılanlar müxtəlif müddətə azadlıqdan məhrum edilmişdilər. Lakin sonradan məlum olub ki, bu işin istintaqı zamanı azı 9 hərbi qulluqçu işgəncələrdən ölüb. Bəzi ekspertlər öldürülənlərin sayının daha çox olduğunu bildirirlər. 

Zərərçəkənlərin ailə üzvlərinin dediklərinə görə, ümumilikdə 1700-dən çox hərbçiyə işgəncə verilib. İşgəncələrə məruz qalanların çoxu Aprel döyüşlərində xüsusi fəallıq göstərmiş, vətənpərvərliyi, peşəkarlığı ilə seçilən hərbçilər olublar.

 

 

Həmin vaxt öldürülən hərbçilərin cənazələrinin yuyulmasına, normal dəfninə imkan verilməyib, onlar polis nəzarəti altında tələsik dəfn ediliblər. Buna paralel olaraq, yerli icra hakimiyyəti orqanlarına bu şəxslərin vətən xaini olması barədə təbliğat aparılması göstərişi verilib - əslində, çoxlarının diqqətindən yayınan, lakin əsas fikir verilməli olan məqamlardan biri məhz budur ki, buna da qayıdacağıq...

Bir müddət sonra öldürülənlərdən bir neçəsinin ailəsinə rəsmi məlumat verilib ki, onların təqsiri sübuta yetirilməyib. Yəni, günahsız olaraq işgəncəyə məruz qalıblar və öldürülüblər. Öldürülən dörd nəfər sonradan rəsmən bəraət alıb, onlara qarşı ittihamları saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər həbs cəzası alıblar. Vəssalam...

Ancaq artıq üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, cəmiyyəti bu işlə bağlı düşündürən əsas suala hələ də tam cavab verilməyib - həqiqətən də həbs olunan hərbçilərimizin arasında kimlərsə Ermənistana işləyiblərmi, yoxsa əsl xəyanəti və xainləri gizlətmək üçün yüzlərlə əsgər və zabitə qəsdən şər atılıb, onlara misli görünməmiş işgəncələr verilib?

Həmçinin, bu gün də bu işin tez-tez gündəmə gətirilərək, ordu rəhbərliyi və komandir heyətində kimlərisə hədəfə çıxarmaq, onları ləkələmək, ağır işgəncələrdə günahlandırmaq nəyə xidmət edir?

İlk olaraq qeyd edək ki, “Tərtər işi”ndəki işgəncə faktlarında birbaşa “5-ci kolon”un əli olduğuna dair əsaslı iddialar var. Bu iddialar təsadüfi deyil. Ən azından icra hakimiyyətlərinə günahsız olaraq qətlə yetirilən hərbçilərimizlə bağlı “vətən xaini” təbliğatı aparmaq göstərişi verənlərlə orduda “Tərtər işi”-ni təşkil edənlərin eyni mərkəzdən idarə olunduğu şübhə doğurmur. İcra hakimiyyətlərinin həmin vaxtlarda kimin kurasiyasında, orduda əsas söz sahiblərindən birininsə kim olduğunu unutmayaq...

 

 

Kütləvi işgəncələrin 2016-cı ilin aprel döyüşlərindən sonra başlaması da təsadüfi deyil. Bu, həmin döyüşlərdə ordu rəhbərliyindəki xəyanətlərin, satqınlığın gizlədilməsinə, törədilmiş cinayətləri başqalarının üzərinə yıxmağa xidmət etməklə yanaşı, erməni ordusunun başını əzən silahlı qüvvələrimizdən bir növ intiqam alınması, onun cəzalandırılması aktı idi. Və heç şübhəsiz göstəriş Moskvadan gəlirdi. Əsl xəyanətkarlar isə hərbçiləri kütləvi şəkildə dövlətə xəyanətdə suçlayanlar, onlara qarşı işgəncələri təşkil edənlər, onları öldürtdürənlər idi.

Heç kimə sirr deyil ki, uzun illər ordumuzda da Moskvaya xidmət edən xəyanətkar qrup olub. Onların müəyyən hissəsi ordudan uzaqlaşdırılsa da, hazırda da bu qrupun tam təmizləndiyini söyləmək sadəlövhlük olardı.

Mətbuatda müxtəlif hərbi ekspertlər və hüquqşünaslar tərəfindən dəfələrlə Tərtər hadisələrinin başında birbaşa Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun durduğu barədə açıqlamalar yayılıb. Qeyd olunub ki, bu prosesləri Müdafiə Nazirliyinin Daxili təhlükəsizlik idarəsinin rəisi, general-mayor Ramil Əsgərov aparıb. O isə N.Sadıkovun doğma bacısı oğludur. Və indiyə qədər bu cür ağır ittihamlarla bağlı nə N.Sadıkov, nə də R.Əsgərov heç bir açıqlama verməyib, bunu inkar etməyiblər. Sanki belə də olmalı imiş...

 

 

Lakin bu məslədə həmin bu şəxslərlə yanaşı onların əməllərini araşdırmalı və hüquqi qiymət verməli olan orqanlar da günahkardır.

Onu da qeyd edək ki, o vaxt bu işə əsas nəzarət Baş Pokurorluq tərəfindən həyata keçirilird. Məlumata görə, Baş prokuror Zakir Qaralov işə nəzarəti müavini Rüstəm Usubov tapşırıbmış.

 

 

Eyni zamanda Hərbi Prokurorluğun rəhbərliyi də bu işin məsuliyyətini daşıyanlar arasındadır. 

Nəhayət, icra hakimiyyətlərinə “vətən xaini” təbliğatı göstərişi verən əsas həlqə - Prezident Administrasiyasının o vaxtkı rəhbəri Ramiz Mehdiyev...

 

 

Təbii ki, bu qeyd etdiklərimiz real ittiham xarakteri daşımır, lakin hüquq-mühafizə orqanları mütləq bütün variantları, ehtimalları nəzərdən keçirməli, obyektiv araşdırma aparmalıdır ki, həqiqət üzə çıxsın və gerçək günahkarlar bilinsin...

Bəs, indi nə baş verir? Məsələn, Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Hadrutun alınmasında xüsusi xidmətləri olan, yaralanan mayor Ziya Kazımov bir müddət əvvəl hərbi hospitalda müalicə olunarkən həbs edilib. O, 2017-ci ildə “Tərtər işi” üzrə dindirmələrə cəlb olunan şəxslərə işgəncə verməkdə təqsirləndirilir.

Eləcə də, xarici kəşfiyyatın nəzarətində olduğu şübhə doğurmayan bəzi internet televiziyalarında Vətən Müharibəsində qəhrəmanlıq göstərən, hətta Şəhid olan igidlərimizin adı işgəncələrin iştirakçısı kimi hallandırılır. Təbii ki, ordumuzu ləkələməyə çalışan xarici qüvvələrin və hətta ermənilərin sifarişi ilə...

Fikir verin, 2017-ci ildə baş vermiş bu xain əməliyyatın zərəri hələ də orduya dəyməkdədir. Azərbaycan əsgəri, giziri, zabiti və s. bilərəkdən üz-üzə qoyulub. İşgəncələrə bilərəkdən çoxlu sayda hərbçi cəlb olunaraq, onlardan cinayətkar “düzəldilib”. Məqsəd Azərbaycan əsgərini bir-birinə qırdırmaq, düşmən etmək, bir-birinə zülm vermək, aşağılamaqdır.

Hansımızın qarşısına gətirib birilərini qoysalar və desələr ki, bu, vətən xainidir, satqındır, səninlə çiyin-çiyinə vuruşmuş əsgərləri qırğına verib, ermənilərə satıb, zorlatdırıb və s. – buna necə reaksiya verərik, həmin şəxsə nə edərik? 

Yəni hər iki tərəfdən hərbçilərimizə necə “torba tikildiyini” anlatmaq istəyirik. İndi bir tərəfdəkilər qətlə yetirilib, sındırılıb, şikəst edilib, həbsə atılıb, qarşı tərəfdəkilər isə cinayətkara çevrilib və ya çevrilməyə cəhd edilir. Və hər iki tərəf də ordunun peşəkar, döyüşlərdə şücaət göstərmiş kadrlarıdır. Hər iki tərəf də bədbəxt edilir və sıradan çıxarılır. Bütün bu oyunu quranlar, işgəncə, qətl əmrini verənlər isə yenə kənarda qalıb...

Bu işin daha bir olduqca çirkin, məkrli və ziyanlı tərəfi məlum həbslər və qətllər barədə ilk vaxtlarda yayılan məlumat və şayiələrdir. Həmin vaxt çoxları “satqınların”, “xainlərin” haqlı olaraq cəzalandırıldığını, ölümə, işgəncəyə layiq olduqlarını düşünürdü. Çünki yayılan şayiələr dəhşətli, tükürpədici idi. Əsgərlərimizin həmin bu şəxslər tərəfindən erməni tərəfinə dəstə-dəstə keçirilərək, işgəncələrə məruz qoyulduğu, şantaj edildiyi, hətta zorlandığı barədə cəmiyyətə, mətbuata yalan, saxta məlumatlar sızdırılırdı. İnsanlarsa bu xəbərlərdən şoka düşüb, bunu edənlərin ən ağır cəzaya layiq olduqlarını düşünürdülər.

 

 

Ola bilsin ki, həqiqətən də buna bənzər hansısa hadisə olub, lakin bunun deyildiyi kimi kütləvi şəkildə baş verdiyi nə dərəcədə inandırıcıydı? Heç kim bu barədə düşünmək istəmirdi. Heç kim fərqinə varmırdı ki, bu deyilənlər əslində ordunu, Azərbaycan əsgərini, zabitini, nəhayət, Azərbaycan kişisini ləkələmək, alçaltmaq, onu qorxaq, rəzil sifətində təqdim etmək cəhdiydi!

Yaxşı, aldadılaraq erməni tərəfinə keçirilənlər və məlum hərəkətlərə məruz qaldıqları iddia edilənlər arasında heçmi bütün bunları özünə sığışdırmayan, müqavimət göstərən, ləyaqəti, şərəfi uğruna canından keçən olmadı? Hamı susdu, dayandımı? Əlbəttə ki, yox. Bunlar sadəcə ordunun, əsgərin dəyərsizləşdirilməsi, aşağılanması üçün planlı şəkildə yayılan şayiələr, həyata keçirilən çirkin təxribat idi...

Bu gün artıq orduya qarşı ləkələmə kampaniyası sanki şimal cəbhəsindən qərb cəbhəsinə daşınıb.

İndi Qərb ölkələrində - Fransada, Almaniyada oturan və pul-para müqabilində hər şeyini satmağa hazır olan adlarını bloger, jurnalist, hüquq müdafiəçisi qoyaraq “günahsız hərbçilərə işgəncə verənlərin” cəzalandırılması, mühakimə edilməsi tələbi adı altında ordumuzun özü, eləcə də onun milli, vətənpərvər kəsimi, zabitləri, generalları barədə çirkin kampaniya aparırlar, hətta Şəhidlərimizə, qazilərimizə dil uzadırlar və sözsüz ki, çoxları bunu sifariş əsasında yerinə yetirir.

 

 

Bu sifarişin arxasında isə Azərbaycan ordusunun gücündən, əzmindən qorxuya düşən ermənilərin və onların havadarlarının dayandığı şübhə doğurmur.

Sifariş verənlərin məqsədi isə milli dünyagörüşlü, qanı təmiz hərbçilərin önə çəkilməsinin, orduda söz sahibi olmasının, strateji postlarda oturmasının qarşısını almaq, eyni zamanda da əhalidə orduya, onun rəhbərliyindəki bir çox zabitlərə, xüsusilə də istər 2016-cı ilin Aprel döyüşlərində, istərsə də son 44 günlük müharibədə şücaət göstərən, döyüş meydanında ordunun ayrı-ayrı hissələrinə rəhbərlik etmiş yüksək rütbəli hərbçilərə qarşı mənfi rəy yaratmaq, onları ləkələyib gözdən salmaqdır.

Yəni ordumuza qarşı “Tərtər işi” də daxil olmaqla uzun illər aparılmış fiziki terror səngisə də, mənəvi terror tam gücü ilə davam etdirilir.

Bütün bunların qarşısını birdəfəlik almaq üçünsə ən azından barəsində danışdığımız işlə bağlı həqiqətlər üzə çıxmalıdır.

Çünki həqiqət üzə çıxarılmayınca, əsl təşkilatçılar və sifarişçilər ifşa olunub, cəzalandırılmayınca, onların adları cəmiyyətə açıqlanmayınca, “Tərtər işi” Azərbaycan Ordusuna, onun nüfuzuna qarşı məlum dairələr tərəfindən istifadə olunacaq.

Ona görə də, ortaya iradə qoyulmalı, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və digər müvafiq orqanlar bu işin üstünə gedərək, haqq-ədaləti bərpa etməli və bu ləkəni Azərbaycanın Şanlı, Müzəffər Ordusunun üzərindən birdəfəlik təmizləməlidir.  “AzPolitika.info”

 

 


Geri qayıt