Əsas Səhifə > Slayd > “Rusiya Turan Birliyinin yaranmasını sakitcə

“Rusiya Turan Birliyinin yaranmasını sakitcə


28-06-2021, 10:36

“Rusiya Turan Birliyinin yaranmasını sakitcə qəbul edəcəkmi?..”

Cümşüd Nuriyev: “Əgər hazırkı ölkə lideri Putin buna əməl etməsə,  Rusiya bir neçə yerdən yox, 10-15 yerdən parçalanacaq...”
 
*** ***
"Yəni bütünlüklə  Rusiya dövlət kimi mövcud olmaq istəyirsə,  Turan məsələsində Türkiyə və Azərbaycanın qarşısında durmamalıdır..."
 
“Şuşa Bəyannaməsi ilə birmənalı şəkildə Turan Birliyinin yaradılmasının birinci hüquqi addımı atıldı”. 
Bu fikri Moderator.az-a açıqlamasında politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev  ifadə edib. 
 
“Yadınıza salım ki, Azərbaycan və Türkiyə liderləri Şuşada möhtəşəm görüş keçirərkən paralel olaraq Özbəkistanda türkdilli dövlətlərin ombudsmanlarının yığıncağı da keçirilirdi. Və orada ilk dəfə olaraq türkdilli ölkələrin insan hüquqları üzrə müvəkkilliyinin katibliyi yaradıldı. Bu da o deməkdir ki, türkdilli dövlətlər hüquqi müstəvidə də vahid statusla çıxış etməyə başlayır. Jirinovski də məhz ona görə can-fəşanlıq edir ki, Ermənistan və Tacikistan Rusiyanın milli maraqları və təhlükəsizliyi çərçivəsindədir. Çünki Rusiya üçün Tacikistan Orta Asiyanın “Ermənistanı”,  Ermənistan isə Güney Qafqazın, yəni Azərbaycanla Gürcüstanın “Tacikistanı” statusundadır... Amma bütün bunlara rəğmənn innən belə kimsə  Turanın yaradılmasının qarşısını ala bilməyəcək. Çünki türkdilli dövlətlərin artıq Parlamenti var, onların hal-hazırda Astanada fəaliyyət göstərən Akademiyası, diplomatik sahədə Qara dəniz Əməkdaşlıq Təşkilatı kimi birlikləri var. Və artıq dediyimiz kimi, Şuşa Bəyannaməsi ilə Turan dövlətinin hüquqi-siyasi bazası da yaradıldı. Yəni 2009-cu ildən bəri Azərbaycan və Türkiyənin apardıqları siyasət nəticəsində bu Birliyin bütün siyasi, hüquqi, iqtisadi və hərbi bazası bu və ya digər şəkildə formalaşdırılıb. Yaxın bir neçə il ərzində Turan artıq qurulacaq. Yəqin ki, bu, Avropa İttifaqı şəklində bir qurum olacaq. Yəni yarı dövlət, yarı beynəlxalq təşkilat... Amma Avropa İttifaqının bir problemi var ki, oradakı 27 dövlətin hərəsi bir dildə danışır. Amma Turanda bizləri birləşdirən neçə amil var: dil, soykök,  mədəniyyət və din..” - deyə politoloq bildirib.
 
“Bəs Rusiya  minlərlə kilometrlik cənub sərhədləri boyu Turan Birliyinin yaranmasını sakitcə qəbul edəcəkmi” sualını isə Cümşüd Nuriyev  belə cavablandırıb.
 
“Hesab edirəm ki, Rusiya bu mövzuda ciddi düşünməlidir. Məşhur türkəsilli filosof Lev Qumilyovdan bəri Rusiyada bir dualizm nəzəriyyəsi var. Bunu 1988-1990-cı illərdə Azərbaycanda rəhmətlik Aydın Məmmədov çox güclü təbliğ edirdi... Yəni pravoslav  rus xristianlığı və islam türk ikiliyi şəklində bir Avrasiya Birliyi yaradılmasından söhbət gedir. Burada prinsipial məsələ ruslarla türklərin səmimi olaraq eyni hədəfə vurmasıdır. Əgər hazırkı ölkə lideri Putin həmin dualizm nəzəriyyəsinə əməl etməsə,  Rusiya bir neçə yerdən yox, 10-15 yerdən parçalanacaq. Yəni bütünlüklə  Rusiya dövlət kimi mövcud olmaq istəyirsə,  Turan məsələsində Türkiyə və Azərbaycanın qarşısında durmamalıdır. Bunu Ərdoğan Azərbaycanın tarixən xarici işğallara qarşı döyüşkən bir mərkəzi olmuş Şuşadan  gizli bir mesajla bəyan etdi... Buna subliminativ mesaj deyirlər...” - deyə politoloq fikrini tamamlayıb.
 
Sultan Laçın

Geri qayıt