Əsas Səhifə > Slayd > Paşinyanın seçki sonrakı 3 vəzifəsi - biri QARABAĞdan
Paşinyanın seçki sonrakı 3 vəzifəsi - biri QARABAĞdan30-06-2021, 10:01 |
Bakı yalnız o halda Ermənistanın gələcəyinə təminat verəcək; İrəvan üçün böhrandan qurtuluşa aparan “yol xəritəsi” qonşularla təcili barışığı diktə edir...Ermənistan MSK-sı 20 iyun parlament seçkilərinin yekun nəticələrini təsdiqlədi. Baş nazir əvəzi Nikol Paşinyanın partiyasının şəriksiz qələbəsi ilə ölkədə ikihakimiyyətliliyə faktiki son qoyuldu. Paşinyan və komandası radikal və revanşist qüvvələrin ciddi cəhdlərinə rəğmən, 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra öz legitimliyini bərpa edə bildi. Bu, həm də öz xalqından yeni mandat almaq deməkdir. Qalır ondan rasional şəkildə istifadə eləmək. Bundan ötrü hakim qüvvə ən əvvəl seçkilərdə qələbəni təmin eləmiş şərtləri ciddiyə almalıdır. Söhbət ilk növbədə ermənilərin əksəriyyətinin müharibə istəməməsindən gedir. Əks halda, əksəriyyət Qarabağ klanı və onun odioz siması, eks-prezident Robert Köçəryanın “Hayastan” blokunu qutudan qalib çıxarardı. Başqa sözlə, elektoratın böyük hissəsi 20 iyunda sülhə, regional əməkdaşlığa səs verib. Sülh, əməkdaşlıq isə aydın məsələdir ki, qonşu Azərbaycan və Türkiyə ilə barışıq, normal qonşuluq əlaqələri olmadan, blokada ləğv edilmədən istisnadır. Bunu Paşinyan da başa düşməmiş deyil. Onun üçün heç də asan olmayacaq, lakin sosial-iqtisadi və mənəvi böhran içində çabalayan Ermənistan üçün ayrı yol yoxdur, görünmür. Ölkənin qurtuluşu üçün “yol xəritəsi” bilavasitə və ləngimədən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağı diktə edir. Yolu bəlli. Tezliklə formalaşacaq təzə hökumətin əsas prioriteti məhz bu olmalıdır... *****
Oleq Kuznetsov “Həm seçkilərdən əvvəl, həm də sonra Ermənistan qarşısında üç qlobal problem dururdu və durur. Gec-tez yeni parlament tərəfindən təsdiqlənəcək təzə hökumət bunları həll etməli olacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bunu tanınmış rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib. Həmin problemləri o, belə sıralayıb: “Birincisi, Dağlıq Qarabağdan imtina və onu Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanımaq; ikincisi, Azərbaycanla dövlət sərhədinin demarkasiyası və bunun ardınca onunla sülh müqaviləsi imzalamaq; üçüncüsü, Zəngəzur dəhlizinin açılması”. Analitikə görə, əslində bu problemlərdən hansının öncə, hansının ikinci və ya üçüncü sırada həllinin, yəni həll ardıcıllığın xüsusi bir önəmi yoxdur: “Önəmli odur ki, bu üç problemin hamısı kompleks şəklində çözülmədən Ermənistanın gələcəyi olmayacaq və bu ölkəyə heç bir perspektiv vəd eləməyən hazırkı depressiv, darıxdırıcı durum davam edəcək. Bütün hallarda, ölkənin əhalisi və rəhbərliyi ambisiyalarla rifah arasında seçim etməli olacaq. Özü də bu seçimi onlar müstəqil şəkildə etməli olacaqlar”.
Kuznetsov Ermənistanda hələ də mövcud olmayan “Dağlıq Qarabağ münaqişəsi”ndən danışılmasına da münasibət bildirib. Onun qənaəticə, bu məsələdə Ermənistanın fikrinə statistik qüsur kimi önəm verməyib keçmək lazımdır. “Aydındır ki, bu qəbildən ifadələr ilk növbədə daxili auditoriyaya hesablanıb. Ki, cəmiyyətin müəyyən hissəsində ”parlaq gələcəyə" inam saxlansın. Bundan əlavə, rəsmi İrəvan bununla bəzi xarici tərəfdaşlara, məsələn, gələn il prezident seçkiləri uğrunda yenidən seçki yarışına girəcək Fransa prezidenti Makrona pas verir, oynayır. Çünki Makrona bir milyon erməni diasporunun səsləri lazım olacaq. Əgər indi Ermənistan rəsmiləri qəfildən elan eləsələr ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi yoxdur, o zaman Makron beynəlxalq durumun reallıqlarını anlamayan bir zarafatcıla bənzəyəcək və bu da onun onsuz da aşağı olan elektoral reytinqinə ciddi zərbə vuracaq", - deyə ekspert əlavə edib. *****
Ancaq yeni gerçəyi, yəni Dağlıq Qarabağ probleminin daha mövcud olmadığını nəinki erməni rəsmiləri və revanşistlər, tezliklə Fransa və onun rəhbəri də qəbul eləməli olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 26-da Ordu Günü ilə bağlı hərbçilərlə görüşdə söylədiyi kimi, Ermənistan sülh, inkişaf istəyirsə, Dağlıq Qarabağı unutmalı, “Dağlıq Qarabağ” ifadəsini bir də dilə gətirməməlidir, çünki Dağlıq Qarabağ konflikti daha mövcud deyil, Azərbaycan öz ərazi bütövlüyünü həll edib və bu xüsusda heç bir danışığa, vasitəçiyə ehtiyac qalmayıb. Bu mesaj şübhə yox ki, həm də elə Ermənistanın havadarlarına, öncəliklə günü bu gün də görünməmiş həyasızlıqla ermənidən çox ermənilik edən Fransaya - ATƏT-in Minsk Qrupunun formal həmsədrinə ünvanlanıb. Bəlkə də ermənilər Dağlıq Qarabağı unutmağa hazırdırlar, çünki çəkdiklərini çəkib, yaşadıqlarını yaşayıblar, amma Fransa belə görünür ki, unutmağa hazırlaşmır, konflikti təzədən körükləməyə çalışır. O səbəbə ki, bu dövləti erməni xalqının taleyindən, zamanın diktəsinə çevrilmiş Türk-erməni barışığından, bölgədə ədalətli və daim sülhdən, regional əməkdaşlıq və inteqrasiyadan daha çox öz mənafeyi maraqlandırır. Ancaq vurğulandığı kimi, gec-tez Fransa kimi destruktiv qlobal güclər də Azərbaycan Ordusunun yaratdığı yeni gerçəyi qəbul eləməli olacaqlar. Əks halda, bölgəmizdəki olan-qalan təsirlərini və nüfuzlarını da itirmiş olacaqlar. Özü də həmişəlik. Odur ki, erməni xalqı həqiqi rifaha qovuşmaq istəyirsə, öz qərarını Fransa kimi məkrli dövlətlərin qızışdırıcı mövqeyinə yox, Bakı və Ankaranın real sülh çağırışlarına məhəl qoyaraq və sərbəst şəkildə verməlidir. Gerisayım başlayıb... “Yeni Müsavat” Geri qayıt |