Əsas Səhifə > Slayd > Türk Dünyasına böyük xidmətinə böyük mükafat
Türk Dünyasına böyük xidmətinə böyük mükafat13-11-2021, 20:58 |
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edildi. Qərarı Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri imzaladılar. Əlbəttə, bu Ordenin tarixi, siyasi əhəmiyyəti çox böyükdür və dərin anlamı var. Sözsüz ki, Prezident Əliyevin bu ödülə layiq görülməsini şərtləndirən amillər bütün türk dünyası üçün mühümdür, önəmlidir. Ən əsas məsələ isə qədim türk torpağı olan Qarabağın işğaldan azad edilməsində göstərdiyi böyük performansdır. Qarabağ Zəfəri həmçinin, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbədir. Proseslərin nəticəsi olaraq açılacaq Zəngəzur dəhlizi bütün Türk dünyasının yoludur! Bu, həm də Turan yoludur! Qeyd edilənlərin fonunda sözügedən Ali Orden mümkünsüz görünən işləri realllığa çevirən liderin misilsiz xidmətlərinə verilən daha bir layiqli qiymətdir. Yeri gəlmişkən, Prezident İlham Əliyev hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə mühüm bir mesaj vermişdi. Sitat: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır”. Prezident Əliyev özü də qeyd etdi ki, ona verilən Türk Dünyasının Ali Ordeni Azərbaycan xalqına verilmiş ordendir. Əlbəttə, bu kontekstdə Azərbaycan xalqının İlham Əliyevi birmənalı şəkildə dəstəkləməsi, Vətən Müharibəsində hər kəsin yumruq kimi birləşməsi, xalq-Prezident birliyi xüsusi vurğulanmalıdır. Prezidentin rəhbərliyi altında Azərbaycanın, Azərbaycan xalqının Zəfəri bütövlükdə Türk dünyasında birliyin, həmrəyliyin daha da güclənməsinə stimul, nümunə oldu. Bu gün Türkiyənin və Azərbaycanın iştirakı olmadan regionda hər hansı layihə həyata keçirilə bilməz. Bölgədə həyata keçirilən beynəlxalq və regional layihələr, o cümlədən Qarabağın bərpası üzrə layihələrdə türkdilli dövlətlər mühüm yer tutur. Bütün bunlar isə əlbəttə ki, Prezident İlham Əliyevin uzun illərdən bəri həyata keçirdiyi, konkret hədəflərə yönəlik uzaqgörən siyasətinin nəticəsidir. Çox uzağa getməyək, son 10 ilə nəzərə salaq: Azərbaycan Prezidenti ilk növbədə türk dövlətləri, paralel olaraq islam ölkələri arasında çox sıx əməkdaşlıqlara səbəb olan siyasət həyata keçirdi. Bütün tribunalardan Qarabağ, Azərbayan həqiqətlərini dünyaya çatırdı, siyasi-diplomatik gedişlərin hamısı uğurla nəticələndi. Daim türk dünyasının mənafelərindən çıxış etdi. Nəhayətdə, 44 günlük Vətən Müharibəsi ilə qədim türk torpağı olan Qarabağın azadlığına nail olundu. Bütün bunların fonunda Azərbaycan lideri bütövlükə türk dünyasının inkişafı, birliyi üçün mühüm rol oynamış oldu. Təbii ki, bu böyük işləri görmüş şəxsin “Türk Dünyasının Ali Ordeni” ilə ödülləndirilməsindən təbii iş ola bilməzdi. Bu orden haqq edilərək alınıb! *** Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı çıxışında türk ölkələrinin əməkdaşlığının önəminə dair mühüm çox məqamlar, çağırışlar var. Prezident bir daha vurğulayıb ki, Vətən müharibəsi zamanı Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artırıb: “Azərbaycana əlavə güc verən müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayaqdır. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın: “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” - bizə əlavə güc verdi”...
Şübhəsiz ki, bu görüşdən sonra Türk Dövlətləri Təşkilatının (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq yeni ad altında fəaliyyət göstərəcək) dünya üçün önəmi bundan sonra da artacaq. Bunun səbəblərini izah edən Prezident Əliyev deyib ki, təşkilatın təməlində təbii müttəfiqlər yerləşir: “Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları var”. Regional layihələrə, eyni zamanda Qarabağda görülən işlərə toxunan dövlət başçısı xatırladıb ki, Türkiyənin bir çox şirkətləri işğaldan azad olunmuş ərazilərdə çox önəmli infrastruktur layihələrində çalışırlar: “Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, - bütün bu işlərdə Türkiyə şirkətləri fəal iştirak edirlər. Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər”. İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açdığını bir daha diqqətə çatdıran Azərbaycan lideri qeyd edib ki, nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaq: “Zəngəzur koridoru həm türk dünyasını, həm Avropanı, həm qonşu ölkələri birləşdirə biləcək bir layihədir və bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir. 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur. Bu gün bu coğrafiya bərpa olunur. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bu coğrafiya yenidən birləşir”. Bu fikirlərdən belə nəticəyə gəlmək olur ki, Türk Dövlətləri Təşkilatı qarşıdakı müddətdə qlobal layihələrə imza atacaq. Və nəhayət, Azərbaycan Prezidenti Ermənistana və onun bəzi havadarlarına da bu mühüm toplantıdan, tribunadan mesaj ünvanlayıb: “Öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir gətirməyəcək. Yaxın gələcəkdə Ermənistan həm Türkiyəyə, həm Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər”. Bu həm də bir şərt olaraq səslənən fikrilər kimi qəbul oluna bilər. Elşad MƏMMƏDLİ Geri qayıt |