Əsas Səhifə > Slayd > “Hacıbaba Bağırovun anasının, mənim nənəmin saldırdığı “Sonalar” bağı

“Hacıbaba Bağırovun anasının, mənim nənəmin saldırdığı “Sonalar” bağı


13-01-2022, 22:02

“Hacıbaba Bağırovun anasının, mənim nənəmin saldırdığı “Sonalar” bağı xarabalığa çevrilib...”

Quliyeva Sona Cəmil qızı Azərbaycanın müxtəlif bölgələrində rəhbər vəzifələrdə çalışıb. Məlumat üçün bildirim ki, xalq artisti Hacıbaba Bağırov Sona xanımın birinci nikahdan olan oğludur. Sona xanımla daim onların gözəl münasibətləri olub, bir-birlərini çox istəyirdilər. Hacıbaba Bağırov Lənkəranda tez-tez qastrol səfərlərində olurdu, Sona xanımın yanına gəlib-gedirdi. Sona xanım mənim nənəm idi. Nənəm mənim həyatımda ən sevimli, əziz insanlardan biri olub. Hər il yay tətillərində onun yanına gedib qalardım, bir yerdə istirahət edərdik. Mənim üçün onun yanında olmaq böyük bir bayram idi. O təqaüdə 80 yaşında çıxıb. 1990-cı ildən 2006-ci ilə qədər o mənimlə bir yerdə yaşayıb. Hər zaman mənim qayğıma qalıb, diqqəti üstümdə olub. 2006-cı ilin sonlarında o 96 yaşında vəfat etdi. Son günlərinə qədər onun şüuru, zəkası, ağlı yerində idi və özünü idarə edirdi”
 
Bunu Moderator.az-a açıqlamasında Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib. O daha sonra nənəsinin Lənkəranda saldırdığı “Sonalar” bağından danışıb.
“Sona xanım 1948-ci ildə göndərişlə Lənkərana gəlib və orada Şəhər Sovetinin sədrinin müavini, daha sonra sədri vəzifəsində, həmçinin də Rayon Sovetinin sədrinin müavini və sədri vəzifəsində, Kommunal Təsərrüfat birliyinin sədri və s vəzifələrdə çalışıb. Lənkəranda dənizkənarı sahədə, dəmiryolunun yanında böyük bir bataqlıq var idi. 1968-ci ildə Sona xanım iməclik yolu ilə, hərbçilərin, o zamankı Dəmiryolu idarəsinin işçilərinin köməyi ilə həmin o bataqlığı qurudur və onun yerində böyük bir bağ saldırır. O bağda abadlıq işləri aparılır, gül-çiçək, ağaclar əkilir, insanların istirahəti üçün istənilən cür şərait yaradılır. Tez bir zamanda bu bağ Lənkəran sakinlərinin çox sevdiyi səfalı bir yerə çevrilir. Əvvəla ona görə ki, bu Dəmiryolu vağzalının yanında idi. Qonaqlar dəmiryolu vağzalı ilə Bakıya gələndə, Bakıdan Lənkərana gedəndə mütləq bu bağda gəzintiyə çıxırdılar. Bundan başqa bu bağ dənizə də yaxın idi. Çimərliyə gedən insanlar bu bağın yolu ilə gedirdilər. Xalq arasında həmin bağa o dövrdə “Sonalar” adı verildi və Sonalar bağı kimi adlandırılmağa başlandı. Bağın inşasına, tikintisinə, quruluş işinə dövlətdən heç bir vəsait xərclənməmişdi. Bütün işlər burada iməclik yolu ilə həyata keçirilmişdi” deyə Cəmil Quliyev bildirib.
Cəmil Quliyev bildirib ki, “Sonalar” bağının bu günki vəziyyəti heç də ürəkaçan deyil.
 
“Bu günlərdə ATV kanalının hazırladığı sujetdən mənə bəlli oldu ki, “Sonalar” bağı artıq bərbad və baxımsız vəziyyətdədir. Orada qeyd olundu ki, bu bağın ərazisi özəlləşdirilib və şəxsi mülkiyyətdədir. Əlbəttə ki, mən çox kədərlənirəm və heyfslənirəm ki, vaxtilə Lənkəran şəhərinin zəhmətkeşlərinin istirahət etdiyi gözəl bir məkan bu gün xarabalıqa çevrilib. Bu məkanda insanlar daim görüşüb, söhbət edib, öz uşaqlarını, nəvələrini, nəticələrini gətirib əyləndiriblər. O bağın çox gözəl iqlimi, havası var idi. Bağın ərazisində çox nadir kollar, güllər əkilmişdi. Onların çoxu müxtəlif SSRİ-nin bölgələrindən gətirilmişdi. Lənkəranın iqlim şəraiti də imkan verirdi ki, həmin  nadir bitkilər və ağaclar burada boya-başa çatsınlar. Yadımdadır, orada qədim çinarlar var idi və dəmiryolu xəttinin qırağı ilə gedirdi. Külək əsəndə o çinarların pıçıltısı, həzin yarpaqlarının səsi indi də mənim qulağımdadır. Çox kövrəlirəm, bu bağın indiki vəziyyəti haqda heç nə deyə bilmirəm” deyə o bildirib.
Cəmil Quliyev daha sonra Sona xanımın bir sıra xeyirxah əməllərindən danışıb.
 
“Sona xanım 1930-1940-ci illərdə Cəlilabad Rayon Sovetinin katibi olub. O zaman Cəlilabad Astraxanbazar rayonu adlanırdı. Orada, indiki Göytəpə qəsəbəsində bir kilsə var. Bilirsiniz ki, Sovet hakimiyyəti kilsələri, məscidləri darmadağın edirdi. Zamanında həmin o kilsənin sökülüb, məhv olmasına Sona xanım imkan verməyib. Eyni zamanda Cəlilabadda bir qədim məscid də var, o məscidin də sökülməsinin qarşısını nənəm alıb. Hər iki tarixi abidə Sona xanımın səyi nəticəsində qorunub və bu günə qədər gəlib çıxıb. Cəlilabad rayonunun ağsaqqalları, yaşlı sakinlər bunu çox yaxşı xatırlayır. Əfsuslar olsun ki, o dövrdən çox az adam qalıb. Sona xanım həm Azərbaycan Respublikasının, həm də Şəhər Sovetinin deputatı seçilib. Eyni zamanda “Xalqlar dostluğu”, “Şərəf” nişanı ordeni ilə təltif olunmuşdu. Böyük Vətən Müharibəsi iştirakçısı idi, müharibə dövründə “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illərdəki müharibədə rəşadətli əməyə görə”, daha sonra “Almaniya üzərində qələbə medalı”, “SSRİ-nin sərhədlərinin qorunmasına görə” və s. medallarla təltif edilib. Onu da qeyd edim ki, Sona xanım Azərbaycan Respublikası Ali Sovetinin 2 dəfə fəxri fərmanı ilə mükafatlandırılıb” deyə Cəmil Quliyev bildirib.

Geri qayıt