Əsas Səhifə > Slayd > ƏRDOĞAN və Putinin Soçi görüşündə Qarabağa dair gizli gündəm...

ƏRDOĞAN və Putinin Soçi görüşündə Qarabağa dair gizli gündəm...


4-08-2022, 13:23

Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin avqustun 5-də Soçidə növbəti dəfə görüşəcəklər. Görüşə sayılı günlər qalanadək müzakirə ediləcək mövzular açıqlanmırdı. Bir sıra ekspertlər Ukrayna taxılının daşınması ətrafında danışıqlar olacağını desələr də, əksəriyyət bunu inandırıcı saymırdı və hazırda aktual olan digər məsələlərə dair də müzakirələr aparılacağını qeyd edirdilər.

Nəhayət, avqustun 2-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, prezidentlər Soçidə iqtisadiyyatı, Suriyanı və Ukraynanı müzakirə edəcəklər. O, həmçinin tərəflərin taxıl razılaşmasının reallaşması ilə bağlı müzakirə aparacaqlarını əlavə edib. Türkiyəli analitik Abdullah Ağar isə Musavat.com müxbirinə deyib ki, liderlər Qarabağı və İrəvan-Bakı, İrəvan-Ankara və sülh müqaviləsini də müzakirə edəcəklər.

Qeyd edək ki, Ərdoğanla Putin ötən ay da İranda görüşmüşdülər. Ərdoğan-Putin görüşlərinin intensivləşməsi təbii ki, təsadüfi deyil. Regionda və dünyada gedən ağır proseslərin fonunda Türkiyənin əhəmiyyəti son dərəcə artıb və faktiki olaraq onun iştirakı olmadan hansısa prosesi tənzimləmək mümkünsüz görünür. Əlbəttə, bu mərhələdə Ərdoğanın Qarabağla bağlı - kommunikasiya, Zəngəzur dəhlizi, erməni silahlı dəstələrin Qarabağdan çıxarılması məsələlərini də masa üzərinə qoyacağı şübhəsizdir. Azərbaycan Silahlı Qüvvələrindəki bir qaynaq isə Musavat.com-a deyib ki, Ərdoğan-Putin görüşündə Qarabağdakı erməni silahlılarının bölgədən çıxarılmasına dair Azərbaycanın tələbləri, bu olmasa, antiterror əməliyyatı da xüsusi müzakirə olunacaq: “Türkiyə 2020-ci ilin üçlü bəyanatına (10 noyabr bəyanatı) imza atmasa da, bu məsələdə tərəfdir və həm də Azərbaycanın qarantorudur. Türkiyə prezidenti Ərdoğan 10 noyabr axşamı heç şübhəsiz, bu bəyanatla imzalanmadan tanış olub və oradakı bəndlərə dair mövqe bildirib. Bu bəyanatın rəsmi qismi ilə yanaşı, qeyri-rəsmi və liderlərin öz aralarında razılaşdırdıqları hissələr də var. O razılaşdırmalar və hissələrə təkliflər arasında Türkiyə də var. Həmin bəyanatın 4-cü bəndində isə razılaşdırılıb ki, Rusiya sülhməramlıları bölgəyə girər-girməz, erməni silahlı dəstələri Qarabağdan çıxarılacaq. Günü bu gün də həmin bənd həyata keçirilməyib və erməni terrorçuları Qarabağda - Azərbaycan torpaqlarında qalmaqdadırlar. Bu, Azərbaycanla bərabər, Türkiyəni də təsirləndirən və missiyalandıran məsələdir. Bugünlərdə Azərbaycan Prezidenti də açıqladı ki, Rusiyanın verilmiş bir sözü var - 1 iyul 2022-ci il tarixinə qədər erməni silahlılarının bölgədən çıxarılacağına təminat varmış... İndi Soçidə bunun və ictimaiyyətə açıqlanmayan daha bir anlaşmanın (4 lider arasında) hesabı sorulacaq. Azərbaycanın antiterror əməliyyatı etmək hüququnun özündə qaldığını və erməni terorçuları bölgədən çıxmasa, bunu edəcəyini cənab Putinin diqqətinə hörmətli Ərdoğandan daha yaxşı kim çatdıra bilər ki...’’

Görünən budur ki, Soçidəki Rusiya-Türkiyə zirvəsindən Qarabağa dair ciddi qərarlar da çıxa bilər...

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Islam Times

Əhəd Məmmədi: “Tələblər içində qısa müddətdə Zəngəzur dəhlizinin açılması qoyulmalıdır”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Azərbaycan tərəfin antiterror əməliyyatı keçirməsinin vacibliyinə toxundu: “Avqustun 3-də şəhid xəbərinin eşidilməsi artıq səbr kasamızı xalq olaraq da, dövlət olaraq da dolduğundan xəbər verməlidir. Erməni terrorçularının layiqli cavabını vermək vaxtıdır. Bu ilin sonuna qədər antiterror əməliyyatını keçirmək lazımdır. Əks halda, ruslar Qarabağda qalma müddətini uzadacaqlar. Niyyətləri də məhz budur. Bu da qətiyyən Azərbaycanın maraqlarına cavab vermir. Ərdoğan Azərbaycanın onlar üçün qırmızı cizgi olduğunu bəyan edib. Bu, ilk öncə Putin Rusiyasına ünvanlanan bəyanatdır. İstər Qarabağ, istərsə də ermənilərlə dövlət sərhədində vəziyyət yenə gərginləşib. Ərdoğan-Putin görüşündə Ukrayna, Suriya məsələləri ilə yanaşı Qarabağ da çox güman ki, müzakirə ediləcək. Ərdoğan-Putin görüşməsi öncəsi Rusiya XİN sözçüsü Mariya Zaxarova mediaya açıqlamasında rəsmi Moskvanın Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanmasına fəal şəkildə töhfə verdiyini deyib. Hətta o bildirib ki, tərəflərin Moskvada görüşünü də təşkil edə bilərlər. Zaxarovanın indiki məqamda bu sözlərini təsadüfi saymıram. Görünən tərəf odur ki, İrəvanın dəstəkçisi Moskva anlayıb ki, artıq Bakı və Ankaranın səbri tükənməkdədir. Ona görə dövriyyəyə yenə özlərini salıb, danışıqlar adı altında ruslar erməniləri yenə qurtarmaq istəyirlər. 10 noyabr razılaşmasına əməl etməyən Rusiya ilə Ermənistanın üzərinə Azərbaycan Türkiyə ilə birgə getməlidir. Rəsmi Bakı İrəvana ultimatum verməlidir ki, bir nəfər silahlı erməni keçmiş Dağlıq Qarabağ ərazisində qalmamalıdır. Zəngəzur dəhlizi məsələsində də Azərbaycan Ermənistanın üstünə getməlidir. Tələblər içində qısa müddətdə Zəngəzur dəhlizinin açılması qoyulmalıdır. Ermənistanla yeni müharibə olsa, hədəf tək Xankəndi və ətrafı deyil, həm də Zəngəzur olmalıdır”.

Rəşad Bayramov: » Ovqat.com

Rəşad Bayramov: “İstənilən halda bu görüş mühüm məna kəsb edəcək”

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov görüşün əhəmiyyətinə daha çox vurğu etdi: “Ərdoğan və Putin arasında keçirilməsi nəzərdə tutulan görüşdə müzakirə olunacaq məsələlərin siyahısı xeyli genişdir. Razıyam ki, Soçidə iqtisadiyyat, Türkiyənin Suriyada mümkün əməliyyatı və bu ölkədəki son hadisələr, terrorla mübarizə, Rusiya-Ukrayna müharibəsi və Ankaranın səyləri ilə yaradılan taxıl dəhlizi məsələləri, eləcə də Akkuyu Atom Elektrik Stansiyası mövzuları ilə yanaşı mütləq şəkildə Qarabağla bağlı - kommunikasiya, Zəngəzur dəhlizi, erməni silahlı dəstələrinin Qarabağdan çıxarılması, eləcə də son günlər artan erməni təxribatları və atəşkəsin pozulması ilə bağlı məsələlər də müzakirə predmeti olacaq. Çünki Türkiyə üçün Qarabağla bağlı məsələ ən prioritet məsələlərdən biridir və region üçün indiki həssas dönəmdə bu məsələlərə münasibət bildirməmək mümkün deyil.

İkinci bir tərəfdən, əgər söhbət iqtisadi münasibətlərdən gedirsə və daha konkret desək, Türkiyə ilə Rusiya arasındakı iqtisadi münasibətlərdən gedirsə, o zaman Zəngəzur dəhlizi və kommunikasiyalar məsələsi avtomatik olaraq müzakirə olunmalıdır. Belə ki, Rusiya-Türkiyə iqtisadi əlaqələrinin fəallaşması, inkişafı özündə həm də dəmir yolu vasitəsilə bağlantıları ehtiva etməlidir. Bu bağlantının keçəcəyi yer isə Zəngəzur dəhlizidir. Buraya Rusiyanın həm də İranla əlaqələrini inkişaf etdirməkdə marağını əlavə etsək, yenə də Zəngəzur dəhlizinin burada vacib komponent olduğunu deyə bilərik.

Bu məsələlərin müzakirəsini vacib edən digər amil isə heç şübhəsiz ki, son bir neçə gündə baş verən təxribatlar, Rusiya sühməramlılarının erməni silahlı birləşmələrini silahlandırması istiqamətindəki sübutlar və məhz onların nəzarətində olan ərazilərdən mövqelərimizin intensiv atəşə tutulması və şəhid verməmizlə bağlıdır. Sizin də qeyd etdiyiniz kimi, Türkiyə hər nə qədər də üçtərəfli bəyanatın birbaşa tərəflərindən biri olmasa da, yaradılmış Rusiya-Türkiyə monitorinq qrupunun tərəflərindən biridir və bu baxımdan da əslində öz sülhməramlıları vasitəsilə təminatçı rolunda çıxış etməli olan, amma üzərinə düşən vəzifələri icra etməyən Rusiyadan bunların hesabatını istəmək hüququna malikdir. Odur ki, istənilən halda bu görüş regionda mövcud olan və həllini gözləyən məsələlərə aydınlıq gətirmək baxımından mühüm məna kəsb edəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


Geri qayıt