Əsas Səhifə > Slayd > BU GÜN kritik Soçi görüşüdür: gərginləşən QARABAĞ mövzusu

BU GÜN kritik Soçi görüşüdür: gərginləşən QARABAĞ mövzusu


5-08-2022, 12:06

Hazırda Rusiya-Türkiyə tandemi yeni dünya nizamının gələcək perspektivləri üçün bir çox strateji məsələləri həll edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Soçi görüşü Qarabağda vəziyyətin gərginləşdiyi ərəfəyə təsadüf edir. Ermənistanın üçtərəfli bəyanatın bəndlərini icra etməməsi Bakının haqlı narazılığına səbəb olub və gərginliyin əsas məsuliyyəti də İrəvanın üzərindədir.

Türkiyə ilə Rusiyanın gündəm müzakirələri zəngin olsa da, Qarabağda vəziyyətin gərginləşməsi səbəbindən liderlərin bu mövzunu gözardı etməsi mümkünsüz görünür. Yada salaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan bir gün sonra Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzalayılar.

Liderlərin digər gündəminə gəlincə, Türkiyənin Suriyada mümkün əməliyyatı və bu ölkədəki son hadisələr, terrorla mübarizə, Rusiya-Ukrayna müharibəsi və Ankaranın səyləri ilə yaradılan taxıl dəhlizi məsələlərinə əlavə olaraq, müdafiə sənayesi və enerji sahəsində əməkdaşlıq və Akkuyu Atom Elektrik Stansiyası mövzuları müzakirə masasına yatırılacaq. Kritik qlobal problemlərin müzakirə olunacağı görüşdə Əfqanıstan və Liviyadakı mövcud vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq. Kremldən verilən açıqlamada iki liderin Soçi görüşündə taxıl dəhlizi ilə bağlı müsbət prosesin daha da inkişaf etdirilməsi və qorunub saxlanılması üçün görüləcək işlərin müzakirə ediləcəyi bildirilib. Türkiyənin təşəbbüsü ilə açılan taxıl dəhlizi çərçivəsində Ukraynanın Odessa limanından yola düşən “Razoni” gəmisi avqustun 3-ü axşam saatlarında İstanbula gəlib. 27 min ton qarğıdalı yüklü gəmi bu gün səhər yoxlamadan sonra Livana yola düşəcək. Ukraynadan verilən açıqlamada, ilkin olaraq hər gün 3 gəmi ilə daşımaların davam edəcəyi deyilib. Qarabağ məsələsi də daxil liderlərin müzakirələri və Rusiya-Türkiyə yaxınlaşmasının regiona təsirləri bundan sonra necə olacaq?

Hikmət Babaoğlu baş redaktorluqdan çıxarıldı

Hikmət Babaoğlu

YAP-çı deputat Hikmət Babaoğlu tarixi görüş barədə “Yeni Müsavat”a bunları dedi: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 5-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü təkcə region dövlətlərinin deyil, bütün dünyanın diqqət mərkəzində olan tarixi bir görüş kimi qiymətləndirilə bilər. Bu görüş uğurlu alınarsa, Tehranda keçirilən üçtərəfli görüşdə əldə edilə bilinməyənlərin də konkret nəticə ilə sonlanmasına gətirib çıxara bilər ki, bu da özlüyündə Rusiya-Türkiyə münasibətlərində yeni bir səhifə açmış olar. Məsələ ondadır ki, hazırda Rusiya-Türkiyə tandemi yeni dünya nizamının gələcək perspektivləri üçün bir çox strateji məsələləri həll edir. Bunlardan ən vacib olanları sıralasaq, birinci yerə Yaxın Şərqin və Şimali Afrikanın, ikinci yerə Balkanların və Şərqi Avropanın, üçüncü yerə isə Cənubi Qafqazın gələcək strateji şəkillənməsi ilə bağlı siyasi tablonu qoya bilərik. Türkiyə və Rusiya yuxarıda təsvir etdiyimiz geostrateji üçbucaqda gələcək yüzillik üçün öz strateji prioritetlərini uzlaşdırmağa çalışırlar. Ancaq bu uzlaşdırma eyni zamanda həm də ciddi rəqabətdir. Ona görə də proses bəlkə bir qədər ləng, ancaq eyni zamanda pozitiv siyasi iqlimdə ardıcıl və dinamik olaraq davam edir. Nəzərə almaq lazımdır ki, bəhs etdiyimiz geostrateji üçbucaqda baş verənləri idarəetmək həm də ABŞ və Qərbin də maraq dairəsindədir. Eyni zamanda hazırda dünyada baş verən bütün siyasi proseslərdə bir Çin müdaxiləsi, ya da Çin faktoru da axtarmaq lazımdır, elə Yaxın Şərqdə də. Göründüyü kimi, iki qətiyyətli və uzaqgörən siyasi lider çox çətin və mürəkkəb məsələləri müzakirə etməli olacaqlar. Türkiyənin birinci istəyi Astana platformasında Menbic və Tel-rıfatla bağlı əldə edilən razılaşmanın yerinə yetirilməsi ilə bağlı olacaq. Çünki İraq sərhədindən, Məlikiyyədən başlamış Menbicə qədər uzanan sərhəd boyu ərazilərdə 30 kilometrlik təhlükəsizlik zolağının yaradılması Türkiyənin birinci prioritetidir. Əks təqdirdə, Hələbi birdəfəlik unutmaq lazım gələcək ki, bu da Türkiyə üçün qəbul edilən deyil. İkinci prioritet üzrə olan məsələlər də kifayət qədər mürəkkəb və çətindir. Ukrayna-Rusiya müharibəsi bitməmiş Balkanlarda Serbiya-Kosovo müharibəsi təhlükəsi var. Mümkün belə müharibə isə hər şeyin nəzarətdən çıxmasına gətirib çıxara bilər. Hər iki liderin bu mövzuda mövqeləri yenidən nəzərdən keçirmək, yaxınlaşdırmaq cəhdlərinin olması mümkündür. Cənubi Qafqaz mövzusuna gəldikdə isə bu platformada hər iki ölkənin maraqları və mövqeləri son dövrlər tarixində heç olmadığı qədər yaxın və aydındır. Görüş ərəfəsində Azərbaycanın güclü hərbi-siyasi gedişi isə Türkiyə-Azərbaycan və Rusiya-Ermənistan dördbucağında əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyini bir daha nümayiş etdirmiş və aktuallaşdırmış oldu. Rəsmi olaraq etiraf edilməsə də, üçtərəfli bəyannamənin qeyri-rəsmi dördüncü tərəfi də var və bu, qardaş Türkiyədir. 2021-ci il yanvar ayının 30-da Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyət göstərməyə başlaması da bunun əyani sübutudur. Ona görə də ən qısa zamanda üçtərəfli bəyannamənin bütün şərtləri yerinə yetirilməlidir ki, qardaş Türkiyə və müttəfiqimiz Rusiya daha mürəkkəb mövzular üçün daha çox enerji sərf edə bilsinlər. Bu hər iki ölkənin strateji maraqlarının lehinə ola bilər”.

Elçin Mirzəbəyli: ABŞ Prezidentinin təbriki mövcud geosiyasi kataklizmlərin fonunda verilən çox ciddi mesajdır - AZƏRTAC

 Elçin Mirzəbəyli 

BAXCP sədrinin müavini, siyasi ekspert Elçin Mirzəbəyli Türkiyə ilə əlaqələrin bu şəkildə olmasının Rusiya üçün həyati əhəmiyyət daşıdığını qeyd etdi: “Türkiyə və Rusiyanın gündəliyində müzakirə olunacaq məsələlərin sayı kifayət qədər genişdir və yalnız Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindəki vəziyyəti, Suriya, Liviya, yük daşınmaları da daxil olmaqla Ukrayna, müdafiə, enerji və ərzaq təchizatı, eləcə də Akkuyu Atom Stansiyasını əhatə etmir. Bu sıraya İranın bölgə dövlətlərinin maraqlarına uyğun gəlməyən davranışlarını və Nensi Pelosinin Tayvana səfəri kontekstində ABŞ-Çin münasibətlərinin gərginləşməsini, gərginliyin ekskalasiya və dekskalasiya perspektivini, yaranmış vəziyyətin bölgədə həyata keçirilməsi nəzərdə tutulan və Çinin də maraqlarına xidmət edən layihələrə təsirini də əlavə etmək lazımdır. Qeyd etdiyim məsələlərlə bağlı ortaq məxrəcə gəlmə ehtimallarını nəzərdən keçirməzdən öncə Türkiyə ilə Rusiya arasında bundan öncə əldə edilən razılaşmaların nə dərəcədə yerinə yetirildiyinə diqqət yetirmək lazımdır. Təəssüf ki, Rusiyanın hələlik yalnız Ukraynadan taxılın daşınması ilə bağlı razılaşmaya əməl etdiyini söyləmək mümkündür. Türkiyənin də Rusiya ilə imzaladığı anlaşma nəticəsində dolayısı ilə icrasına təminat aldığı 10 noyabr 2020-ci il bəyanatının müddəaları, məlum olduğu kimi, indiyədək yerinə yetirilməyib. Qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması, Zəngəzur dəhlizinin açılması və Laçın dəhlizinə alternativ yolun açılması ilə bağlı öhdəliklər icra olunmayıb. Rusiya Türkiyənin Suriyada ərazi bütövlüyünü və suverenliyini təhdid edən terror qruplaşmalarına qarşı mübarizəsini də bacardığı qədər sabotaj etməyə çalışır və bu məsələdə İranla sinxron hərəkət edir. Liviyada yaranmış hakimiyyət böhranı ilə bağlı məsələdə də Moskvanın mövqeyi aydın deyil. Liviya parlamentinin nümayəndələr palatasının sədri Aqil Salehin Ankaraya səfərindən sonra da bu ölkədə yaranmış böhranın aradan qaldırılması ilə bağlı rəsmi Moskvanın mövqeyi aydın deyil. Baxmayaraq ki, səlahiyyət müddəti başa çatmış Abdulla əl Lafinin gedişində və Fəthi Başaqinin vəzifələrinin icrasına başlamasında həm Ankara, həm də Moskva maraqlı görünür. İranla bağlı məsələlərdə də Kremlin siyasətində ənənəvi riyakarlıq motivləri nəzərə çarpır. Moskva nəinki Zəngəzur dəhlizi məsələsində aşırı geosiyasi hikkə nümayiş etdirən Tehrana təzyiq göstərmir, əksinə, İrandan Türkiyənin regiona təsir imkanlarının azaldılmasında istifadə etməyə çalışır. Amma bütün bunlarla yanaşı, hazırda Türkiyə ilə münasibətlərin, ən azı indiki səviyyədə qorunub saxlanılması Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, Soçi görüşündə Türkiyə və Rusiya liderlərinin bir neçə məsələdə, Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərindəki vəziyyət, Ukraynadan yükdaşınmaların davam etdirilməsi, müdafiə sənayesi, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı uzlaşmaya nail ola biləcəkləri ehtimalı var. Çünki qeyd etdiyim məsələlərin heç biri Rusiya üçün geostrateji önəm daşımır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


Geri qayıt