Əsas Səhifə > Slayd > Dünya üçün kritik gün yaxınlaşır

Dünya üçün kritik gün yaxınlaşır


25-09-2022, 22:07

Rusiyanın yüksək çinli rəsmilərinin, dövlət adamlarının uşaq hikkəsi ilə ağılsız nüvə ritorikası davam edir. Sanki atom bombası yalnız ruslarda var. O qədər arxayın danışır, hədələyirlər ki, elə bil kütləvi qırğın silahından yox, “AK-74” avtomat silahdan danışırlar.

“Rusiya referendum keçirilmiş əraziləri qorumaq üçün nüvə silahından istifadə edə bilər”.

Belə bir sərsəm açıqlamanı bu gün xarici işlər naziri Sergey Lavrov Moskvanın nüvə silahını hansı şərtlər daxilində tətbiq edə biləcəyi haqda sualı cavablandırarkən deyib.

Ondan əvvəl isə Rusiya siyasi isteblişmentinin başqa bir qırğı siyasətçisi - Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev analoji hədə ilə çıxış eləmişdi.

Məxsusi qeyd edək ki, iki gün sonra – sentyabrın 27-də Ukraynanın rus işğalı altına düşmüş ərazilərində saxta referendumlar bitməlidir (23-27 sentyabr). Rusiya isə bəyan edib ki, ondan bir gün sonra – sentyabrın 28-də Dövlət Duması təcili toplaşaraq ilhaqı “rəsmiləşdirəcək”.

Yəni sentyabrın 28-dən artıq Luqanska, Donetskə, Xersona hücum Rusiyaya hücum sayılacaq və Lavrovun, Medvedyevin sözlərindən aydın olur ki, hətta atom bombası da ata bilərlər! Hərçənd Rusiya Krımı da özünün qanuni ərazisi hesab edir, lakin yarımadaya hücumlar olanda Moskva nədənsə nüvə silahı ilə hədələmədi...

Deyirik, nə yaxşı Ermənistanda yerli-dibli nüvə silahı olmayıb. İnanın ki, onu “miatsum” naminə, işğal elədikləri torpaqlar naminə düşünmədən biz tərəfə, Bakıya atar, xristian Qərb də buna haqq qazandırardı. Yaxud erməniləri yüngülcə qınamaqla işini bitmiş sayardı.

Minsk Qrupu formatında 30 il aparılan mənasız danışıqlardan və 44 günlük müharibədən sonra Qərbin Ermənistanı hansı həyasızlıqla himayə elədiyini görəndə buna şəkk edə bilmirsən. Yaxşı ki, haylar Metsamor AES-in radioaktiv tullantılarından çirkli nüvə bombası düzəldə bilmədilər. Allah böyükdür...

Amma məsələn, Ukraynada sovet dönəmində nüvə balıqları olub. Gərək Kiyev Kremlin şirin dilinə aldanıb onları Moskvaya təhvil verməyəydi. Heç olmasa, 1-2-sini əlində saxlayaydı. İndi Rusiyanın başı qaçmış avantürist siyasiləri bunca əl-qol atmazdılar. Çəkinərdilər. Heç nüvə sözünün “n”sını belə dilə gətirməyə qorxardılar. Amma indi bu ölkədə az qala, hər yerindən duran Ukraynanı, Avropanı, dünyanı nüvə zərbəsi ilə təhdid edir...

Əfsus ki, olan oldu və Rusiya Ukraynanın “saqqızını oğurlaya” bildi. 1995-ci cildə Moskva Fransa, Böyük Britaniya və ABŞ-la birgə imza atdığı “Budapeşt bəyannaməsi” ilə Ukraynanın nüvə başlıqlarını təhvil verməyinin qarşılığında onun suverenliyi və ərazi bütövlüyünə yazılı zəmanət versə də, cəmi 19 il sonra – 2014-cü ildə onu kobud şəkildə pozdu. Kırmı ilhaq elədi.

İndi də Ukraynanın başqa regionlarına göz dikib. Çünki ağzında şirə qalmışdı. O səbəbə, heç kim zəmanət verə bilməz ki, Ukraynada öz hədəflərinə çatan Moskva ardınca başqa bir postsovet ölkəsinin, misal üçün, Qazaxıstanın şimalını eyni üslubla, yaxud nüvə zərbəsi təhdidi ilə özünə birləşdirmək fikrinə düşməyəcək?

Bu xüsusda avropalı siyasətçilərindən biri o gün çox məntiqli bir ifadə işlətmişdi. Bildirmişdi ki, Rusiyaya bu müharibədə əsla qalib gəlmək lüksü tanımaq olmaz. Əks halda, qitənin digər yerində Rusiya ilə müharibə davam edəcək.

Deməli, Kreml məhz Ukraynada ağrıdıcı bir dərs almalıdır ki, bir daha ilhaq, işğal fikrinə düşməsin. Bu isə həm də o anlama gəlir ki, Rusiyanın nüvə zərbəsinə elə nüvə zərbəsi ilə cavab verilmə ehtimalı olduqca böyükdür.

Ümid edək ki, Moskvada ağlı başında olanların hamısı bütün bunların fərqindədir. Allah dünyamızı qorusun...


Geri qayıt