Əsas Səhifə > Slayd > Dövlət qulluqçusu siyasi partiya üzvü ola bilərmi? – Siyasilərin

Dövlət qulluqçusu siyasi partiya üzvü ola bilərmi? – Siyasilərin


24-11-2022, 16:53

“Siyasi partiyalar haqqında” qanun layihəsində müzakirə predmeti olan məsələlərdən biri də dövlət qulluqçularının siyasi partiya üzvü olub-olmaması məsələsilə bağlıdır. Bu məsələdə ciddi fikir ayrılığı var. 

Mövzuya dair Bizim.Media-ya Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, dövlət qulluqçusu siyasi partiya üzvü olmamalıdır: 

“Ancaq köməkçi kateqoriyasında olan dövlət qulluqçuları partiya üzvü ola bilər. Azərbaycanda mövcud qanunvericilik dövlət qulluqçularının partiya üzvü olmasına imkan verir. Bu isə dövlət qulluqçusunun birtərəfliyini pozan bir yanaşmadır”.
Deputat Asim Mollazadə isə, bəzi sahələrdə çalışan dövlət qulluqçularının partiya üzvü olmasında problem görmür:  

“Fikrimcə, dövlət qulluğunda çalışan bəzi sahələr üzrə ona getmək olar. Siyasi partiyalara bununla bağlı tətbiq edilən qadağa geniş olmamalıdır. Hansı sahələrdə çalışan dövlət qulluqçularının partiya üzvü ola bilməsi, yaxud da ona icazə verilməməsi müəyyənləşməlidir. Yəni, müəyyən istiqamətlərdə xoşagəlməz halların baş verməməsi üçün dövlət qulluqçularının siyahısı müəyyənləşməlidir”. 

Ümid Partiyasının sədri İqbal Ağazadə də dövlət qulluqçusunun partiya üzvü olmasında problem görmür: 

“Bunun üçün ilk olaraq dövlət qulluqçusu kateqoriyası düzgün müəyyənləşməlidir. Təklif edirik ki, müəllimlər də dövlət qulluqçusu kateqoriyasına daxil edilsin. Bu mənada dövlət qulluqçularının da siyasi partiya üzvü olmasında problem görmürəm. Lakin belə olan halda dövlət qulluqçusu statusunu daşıyanlar heç bir seçki kommisiyalarında təmsil olunmamalıdırlar.

Fövqəladə Hallar Nazirliyi, DİN, Vergilər Nazirliyi, Sərhəd Xidməti və xüsusi xidmət orqanlarının əməkdaşları isə siyasi partiya üzvü ola bilməz”. 
Elman Nəsirov bu məsələdə indi yazılan versiyanı müdafiə edir:

“Siyasi partiyalar haqqında” qanun layihəsilə bağlı çoxsaylı mövqelər səslənib, iradlar bildirilib. 6 fəsil, 30 maddədən ibarət olan qanunun yeni versiyasında 18 maddəyə 45 düzəliş edilib. Bu isə ictimai müzakirələrin böyük əhəmiyyətinin olduğunu, səslənən yanaşmaların nəzərə alındığını göstərir.

Müxalif partiya nümayəndələri dövlət qulluqçularının partiya üzvü olmasının doğru olmadığını düşünür. Ancaq YAP üzvlərinin 40 faizini təşkil edən gənclərimiz dövlət qulluğuna keçdiyi təqdirdə, partiya mənsubiyyətinin itirilməsinin yolverilməz olduğu barədə mövqe səsləndirir.
Əksəriyyətin mövqeyi odur ki, dövlət qulluqçularının partiya mənsubiyyəti saxlanılsın. Deputat olaraq indi yazılan versiyanı müdafiə edirəm”.


Geri qayıt