Əsas Səhifə > Slayd > Haaqa Məhkəməsinə iddia sənədini təqdim edib - Ermənistana qarşı arbitraj
Haaqa Məhkəməsinə iddia sənədini təqdim edib - Ermənistana qarşı arbitraj13-02-2025, 17:25 |
Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya ("Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, iddia sənədində Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb. Məlumata görə, Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın ətraf mühiti məhv etməsinə və dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti və növlərini qoruya bilmədiyinə dair dəhşətli sübutlar aşkar edib. Ermənistanın hərəkətlərinin bölgədəki canlı təbiətə və növlərinə dönməz şəkildə ciddi ziyan vurduğu müəyyənləşdirilib. Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiası Bern Konvensiyası əsasında indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesidir. Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir. Azərbaycan ədalətin təmini istiqamətində fəaliyyətini davam etdirəcək və Ermənistanın qanunsuz işğalı zamanı ətraf mühitin, heyvan növlərinin və yaşayış yerlərinin məhv edilməsi və qorunmaması ilə bağlı bu ölkəni beynəlxalq məsuliyyətə cəlb edəcək. Geri qayıt |