Əsas Səhifə > Slayd > Ədalət Partiyasında nə baş verir? - Elxan Şükürlü
Ədalət Partiyasında nə baş verir? - Elxan Şükürlü4-04-2025, 14:36 |
“Mərhum liderimiz İlyas İsmayılovun bu ilin 17 fevralında dünyasını dəyişməsindən sonra Ədalət Partiyasının öz gələcəyini necə quracağı indi təkcə partiya üzvlərimizin və media təmsilçilərinin yox, elə ölkənin siyasi həyatının aktiv iştirakçılarının da ən çox cavab axtardıqları suallardandır”. “Partiya rəhbərliyinə daxil olan şəxslər bilirlər ki, İlyas müəllim xəstələnib ölüm yatağına düşdüyü andan indiyədək, müəyyən etik və mənəvi prinsiplərə, milli adət-ənənələrimizə əsaslanaraq, bu mövzunun müzakirəsindən maksimum dərəcədə yayınmağa üstünlük vermişəm və israrla cavab istəyənlərə də rəhmətlik Elçibəyin vəfatından sonra AXCP-nin düşdüyü acı durumu xatırladaraq, əgər varsa, İlyas müəllimin partiya ilə bağlı vəsiyyəti üzrə hərəkət edilməsinin daha məqbul, hamı üçün ağrısız variant olacağını demişəm. Çünki Azərbaycanın müasir siyasi tarixində AXCP-nin timsalında vəsiyyətə əməl olunmamasının və pərakəndə hərəkətin, YAP-ın timsalında isə vəsiyyətə əməl olunmasının və monolit qüvvətək davranışın bir siyasi təşkilatın və hətta dövlətin taleyinə, aqibətinə necə təsir etdiyini görmüşük, çox yaxşı bilirik. Onun sözlərinə görə, məsələnin hüquqi və ilk baxışdan da hamıya sadə görünən tərəfi budur ki, partiya qurultaya gedəcək, o qurultayda yeni sədr seçiləcək və onunla da yola davam ediləcək.
Bir siyasətçinin də vəzifəsi, ilk növbədə, o reallıqları dərk etmək, düzgün qiymətləndirmək və onlara uyğun da qərar qəbul etməkdir”, - partiya sədrinin müavini deyib.
Həyatsa sübut edir ki, düşüncələrdə ortaq olmayanların yoldaşlığı uzun sürmür - ya yolları ayrılır, ya özləri. Bu partiya da 2000-ci ilin 5 noyabrındakı parlament seçkilərindən dərhal sonra – noyabrın 6-da eks-spiker Rəsul Quliyevin həmsədrlik etdiyi ADP-dən ayrılmaqla, məhz İlyas İsmayılovun liderliyini qəbul edənlərin bazası əsasında özünü bərpa edib və İlyas İsmayılovun hakimiyyətə gəlməsi, prezidentliyə namizədliyinin müdafiəsi üçün təşkilatlanaraq, sıralarını genişləndirib; hətta 2006-2015 aralığında parlament partiyasına çevrilib; son 25 ildə partiyanın dəyişməz sədri və siması, iki seçki dönəmində deputatı, yeganə prezidentliyə namizədi də məhz rəhmətlik İlyas İsmayılov olub. Təəssüf ki, hazırda partiya sıralarında İlyas İsmayılov kimi zəngin həyat və idarəçilik təcrübəsinə malik, yüksək elmi-siyasi hazırlıqlı, hamını öz ətrafında birləşdirməyi və qoruyub saxlamağı bacaran, siyasi fəaliyyət üçün zəruri olan bütün keyfiyyətlərə və maddi resurslara sahib, prezidentliyə iddialı ikinci yetkin bir insan – Lider yoxdur. Partiyamız hazırda böyük bir siyasi avtoritet boşluğunun ağrılarını yaşayır və çaşqınlıq içərisindədir. Bu durum isə, şübhəsiz ki, hökumətə ya partiyanın dövlət qeydiyyatını rahatca ləğv etmək, ya da üzvlərin iradəsiylə seçiləcək yeni sədrin siyasi legitimliyini şübhə altına almaq və onu tamamilə özündən asılı hala salmaq, təzyiq altda saxlamaq üçün ciddi hüquqi əsaslar, dəlillər yaradacaq; yeni sədrin işi və enerjisi isə öz legitimliyini məhkəmə qapılarında "sübuta yetirməklə" keçəcək... Digər partiyaların da yaşadığı bu aqibətdən vaxtında qaçmaq və qeyri-müəyyən situasiyanın yaranmaması üçün mən hələ ötən ilin əvvəlində - rəhmətlik İlyas müəllimin sağlığında və partiya rəhbərliyinə daxil olan təsirli şəxslərin yanındaca təklif etmişdim ki, partiyanın gələcəyini kimin üzərində qurduğumuzu göstərmək – siyasi varisi müəyyənləşdirmək üçün İlyas müəllimin yaşı və səhhətiylə bağlı geri çəkilməsiylə cəmiyyətə çox aydın mesajlar çatdırılmalı, nisbətən gənc müavinlərdən birinə partiya sədrinin sərəncamıyla digərləindən artıq səlahiyyətlər verilməli, onun rayon təşkilatlarıyla intensiv əlaqələri təmin edilməli və gözlənilən təkrar parlament seçkilərində də bütün gücümüzü toplayaraq, uyğun bir dairədən hamılıqla məhz həmin şəxsin qalib gəlməsinə çalışmalıyıq. Çünki Ədalət Partiyasından bircə nəfərin, daha dəqiqi, gələcək sədrin parlamentə düşməsi rəhmətlik İlyas müəllimin təqaüdündən başqa hər hansı maliyyə qaynağı olmayan partiyamızın fəaliyyətinin dövlət büdcəsindən 5 il ərzində maliyyələşməsi və bununla da partiya strukturlarının işləkliyinin təmin edilməsi imkanı demək olacaqdı. Ancaq çox təəssüf ki, partiyanın uğurunun məhz təklif etdiyim bu taktikadan asılı olduğunu hər kəs anlasa da, mücərrəd mülahizələrlə ona gedilməsi qeyri-müəyyən müddətə ertələndi”. E.Şükürlü deyib ki, o, partiya üzvlərinin son parlament seçkiləriə getməsinin əleyhinə olub. “Mən partiyamızın hara getdiyini görür, təklifimi və üzvlərimizə şəxsi qərarımı elan edirəm: Bir siyasətçinin də, hərbçinin də məğlubiyyəti və faciəsi onda başlayır ki, zamanında durmağı və geri çəkilməyi bacarmır! Mənim qənaətimcə, Ədalət Partiyasının da artıq durmaq, dayanmaq, geri çəkilmək zamanıdır! Yox, əgər hazırki partiya rəhbərliyi fəaliyyətin davam etdirilməsinə cəhd göstərəcəksə, Ədalət Partiyasının bölünməsində, parçalanmasında tərəfə çevrilməmək üçün yeni sədri müəyyənləşdirəcək qurultaya hazırlıq prosesində və qurultayın təşkili işində mən iştirak etməyəcəm, sədrliyə və hər hansı posta da namizəd olmayacam; partiyadakı müavinlik statusumu rəhmətlik İlyas müəllimlə birgə məzara endirdiyimdən, hələlik sıravi partiya üzvü kimi qalacam və kiminsə sədrliyə namizədliyini də dəstəkləməyəcəm! Çünki mənim kimi birisi hazırda partiyaya sədrlik etmək iddiasında və həvəsində olanların heç birini dəstəkləyə, onlara beyət edə bilməz! Bu, hər şeydən əvvəl, Liderimiz İlyas müəllimin öyrətdiklərinə və ruhuna xəyanət etmək olar! Rəhmətlik İlyas müəllim bizə öyrətmişdi ki, həqiqi ləyaqət, öncə, imtinadan başlayır - layiq olmadığından, haqqının çatmadığından imtinadan! Biz haqqı çatmadığına və layiq olmadığına iddia edənin arxasında dura, onun göstərişlərini yerinə yetirə, onu özümüzə rəhbər, lider görə bilmərik! Haçan içərimizdən ölkədə ədalət uğrunda səmimi və ölümünədək mübarizə aparacaq gerçək bir Lider meydana çıxar, onda aktiv siyasi fəaliyyətimizi bərpa edər, bütün varlığımızla da onun yanında yer alar, ona dəstəyimizi əsirgəmərik! Ümid edirəm, partiyadaşlarımız təklifimə və qərarıma emosiyalarla deyil, soyuq başla yanaşmağa üstünlük verəcəklər!” Geri qayıt |