Əsas Səhifə > Slayd > RUSİYANIN İrəvanda güclənməsi, BAKIYA təhlükə və NATO-nun

RUSİYANIN İrəvanda güclənməsi, BAKIYA təhlükə və NATO-nun


25-02-2016, 16:45

Rusiyanın İrəvanda güclənməsi, Bakıya təhlükə və NATO-nun ürəyinə saplanan bıçaq

 

“Rusiya Ermənistanla birgə Hava Hücumundan Müdafiə Sisteminin qurulması haqda razılaşma imzaladı

Bu proses sakit keçdi, lakin hesab etmək olar ki, Moskva NATO sərhədlərində yeni peyk-dövlət yaradır və ABŞ-ın əhəmiyyətli müttəfiqlərini hədələyir”.

Politika.az xəbər verir ki, bu barədə Amerikanın məşhur “Forbes” jurnalı yazıb.

ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, diplomat Adam Erelinin müəllifi olduğu məqalədə deyilir ki, Vaşinqton Rusiyanın Ermənistanda güclənməsinə və İranla hərbi əlaqələri genişləndirməsinə susur: “Diqqətdən qaçmamalıdır ki, Ermənistan NATO üzvü olan Türkiyə ilə 265 kilometrlik sərhəd xəttinə malikdir. Son yarım il ərzində - Rusiyanın Suriyaya hərbi müdaxiləsi və Türkiyəyə təzyiqin artması müddətində Moskva Ermənistanda silahlandırmanı və şəxsi heyətin sayını artırdı. Döyüş vertolyotları, pilotsuz uçan aparatlar və digər hərbi texnika Moskvanın İrəvana göndərdiyi silahlar arasındadır. Hətta “İsgəndər -M” ballistik raketinin verilməsi haqda da iddialar var. Ötən ilin iyununda Rusiyanın Ermənistandakı qoşunlarının hərbi təlimi keçirildi. Bu, sərhədlərdən kənarda yaranan təhlükəyə qarşı ordunun hazırlığının yoxlanılması idi”.

“Forbes” qeyd edir ki, Rusiyanın Ermənistanda hərbi cəhətdən güclənməsi NATO və ABŞ-ın Avropada maraqları üçün ciddi təhlükədir

“Ermənistan-Rusiya ittifaqı möhkəmlənir. Hazırda Ermənistanda Rusiyanın hərbi kontingenti iki hərbi bazada yerləşən beş min əsgərdən ibarətdir. 2010-cu ildə imzalanan müqaviləyə görə, Rusiyanın Ermənistandakı hərbi bazalardan istifadə müddəti 2044-cü ilə qədər uzadıldı. Serj Sarkisyanın bildirdiyi kimi, bunun əvəzində Rusiya Ermənistanın silahlandırmasını və müdafiəsini öz üzərinə götürür. Gümrüdəki hərbi baza isə ən əhəmiyyətli müharibə meydanı hesab oluna bilər. Hansı ki, bu baza paytaxt İrəvandan 120 kilometr, Türkiyə sərhədindən isə 10 kilometr məsafədə yerləşir. NATO-nun istənilən digər üzv dövləti sərhədləri yaxınlığında Rusiyanın möhkəmlənməsini qəzəblə qarşılayardı. Bəs biz niyə NATO üzvü olan Türkiyə sərhədlərində gizli təcavüz faktına susuruq? Niyə Ermənistanı Rusiyanın poliqonuna çevrildiyi üçün ittiham etmirik? Türkiyə bu gün ən azından İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyada əhəmiyyətli gücdür və məhz İncirlik bazasını koalisiya güclərinə açmaqla terrorçuluğa qarşı mübarizəyə böyük dəstək verir”, - deyə məqalədə bildirilir.

Müəllif əlavə edir ki, ABŞ Rusiyanın Ermənistanda möhkəmlənmə təhlükəsini diqqətdən qaçırsa, bu böyük təhdidə səbəb ola bilər: “Çünki Ermənistan ABŞ-ın əhəmiyyətli müttəfiqləri olan Gürcüstan, Azərbaycan və Türkiyə ilə həmsərhəddir. Rusiya ordusu Gürcüstanın ərazisini işğal etdi. Bu gün Moskva Bakını daim şantaj edir. Bu, Avropanın Rusiya enerji daşıyıcılarından xilas etmək üçün ən vacib mənbəyə qarşı təhlükə deməkdir. Səhv etmək olmaz. Ermənistan-Rusiya ittifaqının güclənməsi NATO-nun ürəyinə saplanmağa hazır bıçaqdır. Amma Moskvanın silah səslərini cingildətməsinin səbəblərindən biri də Vaşinqtonun susqunluğudur”.

Adam Ereli “The Moscow Times” nəşrinin ötən ilin avqustunda yazdıqlarına diqqət çəkir: “Nəşr Putinin Moskvada türk səfirinə dediklərini ortaya çıxarmışdı. “Öz diktator prezidentinə çatdır ki, İŞİD və onun terrorçuları ilə birgə cəhənnəmə vasil ola bilər. Mənim üçün Suriyanı Ərdoğan üçün Stalinqrada çevirməkdən başqa yol qalmır”, - nəşrin yazdığına görə o, belə demişdi. Göründüyü kimi, Rusiya Türkiyəni düşmən gözündə görür və geri çəkilmək niyyətində deyil. Yaranmış vəziyyət göstərir ki, Ermənistanın Qərb üçün etibarsız partnyor olması faktorundan istifadə edən Rusiya bizim maraqlarımıza təhlükəni məhz oradan yaradır. Biz dinməz-söyləməz Putinin güc nümayişi ilə razılaşırıq. XX əsrin tarixi göstərir ki, bu, yaxşı heç nə vəd etmir”.

Geri qayıt