Əsas Səhifə > Slayd > HAKİMİYYƏT estafeti

HAKİMİYYƏT estafeti


26-02-2016, 09:10
Hakimiyyət estafeti yaşlılardan alır
Qabil Hüseynli: “...Bütün yaşlı kadrlar gedəcək, yerini gənclər tutacaq” 

Azərbaycan iqtidarının gəncləşmə siyasətinə başladığı barədə xəbərlər yayılıb. Ötən ilin oktyabr-noyabr aylarında Milli Təhlükəsizlik, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yaşanan məlum proseslərdən sonra iqtidarın gənc kadrlara ehtiyac duyduğu deyilir. 
Yayılan xəbərlərdə bildirilir ki, artıq hökumət xaricdə təhsil alan, işsizlik ucbatından xaricə üz tutan gənclərin ölkəyə qaytarılması istiqamətində işlər aparır. Həmin gənclərin ilk olaraq, təcrübə toplaması üçün aşağı vəzifələrə təyin olunduqları, yaxın gələcəkdə isə daha yüksək vəzifələrə, hətta nazirliyə qədər gedib çıxacaqları deyilir. 

Əslində qalsa, son illərdə iqtidarın qismən də olsa, gənc kadrlara önəm verdiyini söyləmək olar. Bu proses 2012-ci ildə Elşad İskəndərov, Fərhad Məmmədov və İnam Kərimov kimi gənclərin təyinatları ilə start götürsə də, təhsil naziri Mikayıl Cabbarovla dayandı. Yeni təyin olunmuş rabitə və informasiya texnologiyaları nazirinin 38, eləcə də AŞ PA-da Səməd Seyidovu əvəzləyən deputat Vüsal Hüseynovun 36 yaşının olduğunu düşünsək, bu şəxsləri də aparılan gəncləşdirmə siyasətinin tərkib hissəsi kimi qəbul etmək olar. 

Onu da qeyd edək ki, hakimiyyətin bu siyasəti həyata keçirməsi elə də asan olmayacaq. Çünki yaşlı kadrların kreslo həvəsləri, gəncliyə qısqanc münasibətləri göz önündədir. Bu məsələdə iqtidarın qətiyyətli mövqeyi əsas rol oynayacaq. 

Yayılan xəbərlərin fonunda hakimiyyətin gənc kadrlara ehtiyac duymasına səbəb kimi, hazırda Azərbaycanda yüksək vəzifələrdə yaşlıların olması göstərilir. İstər ölkə daxilində, istərsə də ölkə xaricində iqtidarın bu məsələdə daim tənqidlərə məruz qaldığı göz önündədir. Eyni zamanda hakim komandanın kadr qıtlığı ilə üzləşdiyi də yayılan xəbərlər sırasındadır. 

Ekspertlər hesab edirlər ki, hakimiyyət gəncləşmə islahatını mərhələ-mərhələ aparacaq. Buna səbəb kimi, iqtidardaxili böhranın başvermə ehtimalı göstərilir. Uzun illədir geniş imtiyazlar qazanan iri ranqlı məmurların vəzifələrini xoşluqla verməyəcəklərini düşünsək, hakimiyyətin qısa müddətdə gəncləşmə siyasətini aparmayacağı qənaətinə gəlmək olar.
Hakimiyyət estafeti yaşlılardan alır
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirdi ki, hakimiyyətin gəncləşmə siyasəti apardığı göz önündədir:
“İqtidarın gənclərə diqqət ayırdığını düşünüb inanmamalıyıq ki, bütün yaşlı kadrlar gedəcək, yerini gənclər tutacaq. Zənnimcə, hakimiyyət o zaman güclü olur ki, yaşlı, orta və gənc insanların gücləri, təcrübələri birləşir. Elə kadrlar var ki, kifayət qədər təcrübələri var, onların imkanlarından istifadə etmək lazım gəlir. Həmin şəxsi qəflətən çıxarıb, yerinə təcrübəsiz gənc kadrı qoymaq da düzgün olmazdı. Gənclərin tutacaqları vəzifələr aşağıdan başlamalıdır. Tədricən təcrübə toplaya-toplaya yüksəlməlidirlər. Amma inqilabi kadr dəyişikliyinə gediləcəyini düşünmürəm. Bunu vacib də hesab etmirəm. Komanda da gənc, orta və yaşlı nəslin təcrübəsi, onların ənənələri qorunub saxlanılmalıdır”.

Politoloq hakimiyyətin yaşlı məmurlara görə üzləşdiyi tənqidlərdən də söz açdı: “Uzun müddət vəzifədə olmuş, dövrünü keçirmiş kadrlardan hakimiyyət imtina edə bilər. Amma təcrübəli, yetkin dünyagörüşə malik kadrlardan imtina edilməsi hakimiyyətdə boşluq yarada bilərdi. Buna nəsillərin estafeti deyirlər. Hakimiyyətin yaş qrupları 30-dan başlamalıdır. Burada nəsillər arası təcrübə, fikir mübadiləsi olmalıdır ki, çevik idarəetmə aparatı formalaşa bilsin”.

Q.Hüseynli hakimiyyətin gənclər siyasətini sürətləndirəcəyi təqdirdə, üzləşə biləcəyi ehtimallardan da danışdı: “Bu böhrana səbəb ola bilməz. Amma yenə də deyirəm ki, proses tədricən getməli, müəyyən nisbətdə aparılmalıdır. Cavan və yaşlı nəsil arasında əlaqələr uzlaşdırılmalıdır. Prosesə inqilabi yanaşmanın tərəfdarı deyiləm. Bu proses təkamül meylli olmalı, hakimiyyət elə etməlidir ki, daxildə böhran baş verməsin. Unutmaq olmaz ki, gənclər siyasəti aparılır, onlar müxtəlif vəzifələrə təyin olunurlar. Hakimiyyət strukturlarında kifayət qədər gənclər var. Təhsil və rabitə nazirləri kifayət qədər gəncdirlər. Onlar nazir təyin olunarkən, doğru olub-olmaması müəyyən şübhələr yaratmışdı. Amma onlar etimadı doğrultmaqdadırlar. Ucdantutma gəncləşmə prosesi mümkün də deyil. Dünyanın hər yerində də bu prosesə tədricən, təkamül yolu ilə aparılan proses kimi baxılır”.

Keçmiş dövlət müşaviri hakimiyyətin kadr qıtlığı yaşamadığı qənaətindədir: “Eşitdiyimə görə, iqtidarın ”kadr bankı" var. Yeri gələndə bu bankdan istifadə edirlər. Niyə də kadr qıtlığı yaşasınlar? Məgər obyektiv, savadlı, vətənpərvər ruhlu şəxslər Azərbaycanda tükənib? Bu şəxslərin region mənsubiyyətinə, müxtəlif əlamətlərinə fikir verilməsə, kifayət qədər kadr potensialı var. Bunlar öz vətənləri üçün çalışmağa daim hazırdırlar. Təki onlara müraciət olunsun".

Politoloq xaricdəki ali təhsilli gənclərin ölkəyə qaytarılması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirdi: “Hakimiyyət xaricdəki gəncləri geriyə qaytarıb, bu prosesi sona qədər apara bilər. Amma bunların mənşəyi oliqarx olsa, heç nə dəyişməyəcək. Savadlı, vətənini xaricdə yüksək səviyyədə təmsil edən şəxslər seçiləcəksə, güman edirəm ki, belə olacaq, o zaman ölkədə proseslər müsbətə doğru dəyişəcək. Hər şey seçimdən asılıdır”

AzerTaym.az

 


Geri qayıt