“KOROĞLU” MMC-nin daha bir işçisi intihara hazırlaşır - ŞOK GƏLİŞMƏ

Şirkət ətrafında qalmaqal böyüyür; ictimai vəkil: “Rəhbərliyin əməlləri mütəşəkkil cinayətkar dəstənin fəaliyyətindən fərqlənmir...”

İctimai vəkil Samir Zeynalov “Koroğlu” MMC-də baş verən cinayətlər silsiləsi haqda dosyenin ardından şirkətin daha bir işçisinin özünü öldürəcəyi haqda məlumat yayıb. Bu günə qədər şirkətin 10-a yaxın işçisi intihar edib. İctimai vəkil iddia edir ki, bu intiharlarla şirkətdə işçilərə qarşı sərgilənən son dərəcə sərt, bütün qanunları aşan münasibətlər arasında birbaşa əlaqə var. Samir Zeynalov şirkətin daha bir işçisinin intihar həddində olduğunu açıqlayıb.

Onun dediklərindən sitat: “Artıq şübhə yoxdur ki, mütəşəkkil cinayətkar dəstə psixologiyası ilə fəaliyyət göstərən ”Koroğlu" MMC baş verən ciddi qanun pozuntularının gedişatında növbəti qurbanını qara yaddaşlara həkk etdirməkdə israrlı və sevinclidir. Şirkətin sabiq əməkdaşı, nümayəndəsi olduğum şəxs Rauf Əliyev 1 il 4 aydır davam edən qanunsuz mühakimə səbəbindən  intihar etmək həddinə çatıb. O, özünü asmaq istəyir.

365 günü aşan lüzumsuz, heç bir mötəbər sübuta əsaslanmayan, həyati əhəmiyyət kəsb edən vəsatətləri təmin etməyən Bakı Ağır Cinayətlər Məhkəməsi onun haqqında “zərərçəkmiş” statusunda tanınan “Koroğlu” MMC tərəfindən irəli sürülən vəsatət əsasında qərəzli və qanunsuz olmaqla axtarış elanına qərar verib! Barəsində həbs-qəti imkan tədbiri tətbiq edib! Ağlasığmazdır ki, davamlı olaraq lüzumsuz məhkəmə proseslərində iştirak edən, məhkəmə baxışları ərəfəsində səhhəti ilə bağlı keçdiyi stress və gərginliklərdən dolayı ciddi psixi pozuntular yaşaması ilə bağlı stasionar və ambulator qaydada müalicə alan, təqsiri onsuzda sübuta yetirilməyən Rauf Əliyev barəsində hakim Mahmud Ağalorov tərəfindən həbs-qəti imkan tədbirinin tətbiqi məqsədəmüvafiq zərurət hesab edilib. Görəsən niyə cinayət kollegiyası tərəfindən məhkəmə baxışı müddətincə obyektiv məhkəmə araşdırması və ədalətli mühakimə naminə mövcud mühasibatlıq işi üzrə məhkəmə-mühasibatlıq ekspertizası həyata keçirilmədən onun barəsində belə qənaətə gəlmək mümkün oldu?!

Görəsən niyə, məhkəmə hakimiyyətimizin təmsilçiləri “Koroğlu” MMC-in zorakı fəaliyyəti və qondarma ittihamına belə pozitiv və susqun mövqeydə dayanırlar?! Niyə, məhkəmə baxışı prosesində dövlət ittihamçısının müşavirə otağından çıxmasına möhtərəm hakimlərimiz qeyri-hüquqi konteksdən dözümlü yanaşırlar?!

koroğlu MMC ile ilgili görsel sonucu

Görəsən niyə, qəbul edilən son qərarın qeyri-hüquqi olması ilə bağlı məhkəməyə bu gün özünü öldürmək həddinə çatan Rauf Əliyev tərəfindən göndərilən teleqramlar, daxil olan ərizələr baxılmamış qalır?! Məgər Rauf Əliyev vətən xainidir?! Məgər doğrudanmı o ona qarşı irəli sürülən ittiham üzrə cinayət tərkibinin öz əməllərində yer almasına həssas yanaşıb?! Əgər elədirsə, haradadır, ittihamı qanuniləşdirən mötəbər sübutlar?!

Haradadır, istintaqa təqdim edilən saxta qaimələrin 2048 ədədində Rauf Əliyevin imzası?! Yoxdur! Nə imzalar var, nə də ki, ittihamı qanuniləşdirən mötəbər sübutlar. Belə çıxır ki, ona qarşı irəli sürülən ittihamın əsas istinad mənbəyi ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Rafail Şahvələdovun “sən öl”! kəlməsidir. Belə çıxır ki, Rauf Əliyevə qarşı irəli sürülən qondarma ittihamın istinad subyekti gözəgörünməz ağsaqqaldır. Axı biz hüquqi dövlətdə yaşayırıq.

Şübhəsiz ki, kimliyindən aslı olmayaraq heç kim bu faktı inkar etmək niyyətində olmaq istəməz. Bəs o zaman hanı, Rauf Əliyevə qarşı qanuni mühakimə, ədalət, məhkəmədə müdafiə hüququnun təmini, onun məhkəmə-kargüzarlıq işinə dair rəsmi məlumatlandırılması ilə bağlı məhkəməyə dəvət olunması faktını təsdiq edən itməz gerçəklik?! Təqsiri sübuta yetirilmədən qanunsuz mühakiməyə məruz qalan Rauf Əliyevin hazırkı ürəkdağlayan durumu sadəcə, dəhşətdir. Belə situasiyanın hüquqi dövlətdə gerçəkləşməsi faktı dözülməzdir. İctimai vəkil olaraq gecikmədən Rauf Əliyevin normal həyata qayıtması naminə məhkəmədən ədalət tələb edirəm".

İctimai vəkil Samir Zeynalov ile ilgili görsel sonucu

İctimai vəkil hesab edir ki,  “Koroğlu” MMC rəhbərliyinin mütəşəkkil cinayətkar dəstənin fəaliyyətindən fərqlənməyən əməlləri haqda qanuna müvafiq ciddi tədbirlər görülməsinin vaxtı çoxdan çatıb: “Çünki çoxdandır ki, şirkət rəhbərliyi tərəfindən qanunsuz hesablanmış borclara məhkum edilmiş şirkətin sabiq işçilərinə qarşı qeyri-qanuni əməllər; döymə, şantaj, əxlaqa ziddi videolar çəkməklə rüsvay etmə, iplə boğma, özünü öldürmə həddinə çatdırma, qanunsuz azadlıqdan məhrum etmə, girov saxlama, soyuq alətlər vasitəsilə işgəncələr vermə və hədə-qorxu yolu ilə tələb etmə kimi cinayət tərkibli tükürpədən olaylar bu günə qədər cəzasız qalmaqdadır. Bu cəzasızlıq tendesiyasının nəticəsidir ki, hələ də şirkətin ağlasığmaz ittihamlarına düçar olmuş gənclər var və onlar hazırda köməyə möhtacdırlar”.

Samir Zeynalov qeyd edir ki, şirkət rəhbərliyi mütəmadi olaraq əvvəllər gerçəkləşdirdiyi anti-milli və qanunsuz əməli olaylarla bağlı onları ciddi şəkildə qorxutmağa dair əməyini əsirgəməyib. İctimai vəkil Rauf Əliyevə qədər intihar etmiş əməkdaşları haqda bəhs edərkən deyib: “Bu gün 2 övladı atasız qalan, şirkətin sabiq işçisi Xəyyam Vüsal oğlu Nağıyev ona qarşı zorakılıqla irəli sürülən 10 min manat qondarma borc ittihamının nəticəsində  05.12.2011-ci ildə özünü  asaraq dünyasını dəyişib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılmayıb. Nəticədə 2 il sonra növbəti intihar faktı gerçəkləşib. İsmayıllı rayonun Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü, şirkətin satış nümayəndəsi olmuş  Tofiq Adıgözəlov yaşadığı evin həyətində özünü asaraq canına qıyıb. T.Adıgözəlov intihar etməzdən öncə facebook səhifəsində son statusunda həyatından narazı olduğu gizlətməyib: ”Bu həyat çox haqsızdır; çünki pulu, varı, dövləti olana üstünlük verirlər".

O, şirkətdə borc köləliyi, işgəncə və əsir saxlama kimi halların olduğunu, bu haqda hüquq-mühafizə orqanlarına məlumat verildiyini açıqlayıb. Şirkətin işçilərindən biri olan Namiq Məmmədovun başına gələnləri onun dilindən söyləyib: “2009-cu ildə dekabrın 1-dən firma tərəfindən Şirvan və ona yaxın bölgələrə göndərilmişəm. Mənə verilən tapşırığı vaxtında yerinə yetirirdim. Lakin 2010-cu il aprel-avqust aylarında Kür-Araz çaylarının daşması ilə əlaqədar həmin ərazilərə verilən malların pulunu ala bilmədim. Təhvil verdiyim mallar daşqın altında qalmışdı. 2010-cu il avqustun 23-ü bölgə müdiri Ələddin Hüseynov avqustun 24-ü saat 10-da MMC-nin direktoru Tahir Əliyevin yanında olmağımı söylədi. Dediyi vaxtda firmada oldum. Qapıda məni şirkətin təftişinin rəisi Ayaz və onun müavini Emin Babaşov gözləyirdi. Emin mənə heç bir söz demədən sillə vurdu. Sonra Ayazla Emin məni sürüyərək təftişin otağında qəddarcasına döydülər. Emin qənd qabını başıma elə zərbə ilə vurdu ki, huşumu itirib yerə yıxıldım. Onlar məni vurmalarına davam ediblər. Mənim paltarlarımı çıxardaraq (alt paltarlarımı da) stolun üstünə lüt uzandıraraq videoya çəkiblər. Mən ayıldıqdan sonra şirkətin direktoru Tahir Əliyev mənə baxaraq istehza ilə dedi: ”Mən naxçıvanlıyam, Prezident Administrasiyası da, Prokurorluq da mənim əlimdədir. Mən istədiyim adamın başına oyun açaram".

“Koroğlu” MMC-də baş verən qanunsuzluqlarla bağlı mətbuatda kifayət qədər yazılar dərc olunub. Şirkət rəsmiləri ittihamlara cavab vermək məsuliyyətindən yayınır. Hüquq-mühafizə orqanları isə şirkətdə baş verən qanunsuzluqlar haqda məlumatları araşdırmağa tələsmirlər.






Fikirlər