“AST Telman” həmişə MÜĞƏNNİLƏRƏ dəstək olub, indi də onlardan dəstək alsın” - REDAKTOR
Rəşad Məcid: “Azərbaycanda hər hansı bir xeyriyyə işləri görsəydi, kasıba əl tutsaydı, bunu mətbuat işıqlandırardı” Azərbaycanlı araşdırmaçı-jurnalist, “haqqin.az” və “virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayev “AST Telman” kimi tanınan, hazırda başı üzərini qara buludlar almış iş adamı Telman İsmayılovla görüşüb və ondan geniş müsahibə alıb. Müsahibədə Telman İsmayılov jurnalistə son illər başına gələnlərdən, müflis olmasından danışıb. O bildirib ki, azərbaycanlı jurnalistlərin dəstəyinə ümid edir: “Bir çox ölkələr mənə siyasi sığınacaq təklif edirlər, lakin imtina edirəm, - oliqarx əmin edir. - Çox əminəm ki, aşkar məqsəd - quldurcasına ələ keçirmə məqsədi güdən bəzi şəxslər siyasi hakimiyyəti aldadıblar. Mən bu barədə səs-küy yaradacaq mətbuat konfransında danışacağam. Ən yaxın zamanda... Azərbaycanlı jurnalistlərin dəstəyinə çox ümid edirəm”. Bəs azərbaycanlı jurnalistlər “AST Telman”ın umduğunu verəcəklər?
“Yeni Müsavat”a danışan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, “AST Telman”ın fəaliyyətinə bələd deyil: “Mən ”AST Telman"ı tanımıram, onun fəaliyyətinə bələd deyiləm. İnanmıram ki, azərbaycanlı jurnalistlər ona elə bir dəstək versin. Eləcə də onun mətbuata hər hansı bir dəstək olduğunu görməmişəm. Onun haqqında yayılan məlumatlar yalnız müğənnilərə milyonlar paylaması ilə bağlıdır. Azərbaycanda hər hansı bir xeyriyyə işləri görsəydi, kasıba əl tutsaydı, bunu mətbuat işıqlandırardı, o da yadda qalardı. Lakin Telman İsmayılov yalnız gündəmə aşırı pul xərcləməsi ilə gəlib. Xeyriyyə məqsədli işləri isə yaddaşlarda qalmayıb".
“Teleqraf holdinq”in rəhbəri Aynur Camalqızı isə söyləyib ki, kimliyindən asılı olmayaraq, hər hansı bir azərbaycanlının haqqı tapdalanırsa, medianın verdiyi imkanlar çərçivəsində ona dəstək olunur: “Bu, adi sıravi bir vətəndaş da ola bilər, ”AST Telman" da. Yəni burada xüsusi bir fərq qoymuruq. Ümumilikdə isə “AST Telman” çox təəssüf ki, özünü Azərbaycan ictimaiyyətinə, ölkə mediasına, sadəcə olaraq, əyləncəyə meylli bir “playboy” kimi tanıdıb. Biz onu məşhur müğənniləri, dünya ulduzlarını öz şəxsi məclislərinə gətirtmək, oxutmaq kimi epizodlarla xatırlayırıq. Yaxşı olardı ki, “AST Telman”ın da adı Azərbaycanda məşhur olan iş adamları kimi hallansın. Onların sırasında İsgəndər Xəlilovun, Mübariz Mənsimovun, Araz Ağalarovun adını çəkə bilərəm. Bu siyahını bir qədər də uzatmaq olar. Hansı ki, adını sadaladığım şəxslər Azərbaycanda yaşamasalar da, bizneslərini başqa ölkələrdə qursalar da heç zaman ölkəmizə yad münasibət bəsləməyiblər. Hər zaman Azərbaycana dəstək olub, burada böyük işlər görüb, müəssisələr açıblar. Xeyli sayda azərbaycanlı da onların sayəsində işləyib, ailəsini dolandıra bilir. Çox təəssüf ki, bu yöndən “AST Telman”ın timsalında belə bir fəaliyyət görməmişik. Yaxşı olardı ki, onu bu yönlərdən tanıyardıq və o, Azərbaycan insanı üçün sevimli bir şəxs olardı. Sosial şəbəkələrdə görürük ki, Mübariz Mənsimovun əleyhinə xırda bir tənqid olan kimi minlərlə insan onun müdafiəsinə qalxır. Ancaq “AST Telman”la bağlı bunu deyə bilmərik. Yaxud da İsgəndər Xəlilov Azərbaycanda xeyli sayda müəssisələr, hotellər tikdirib. Onun burada fabrikləri, zavodları var və yüzlərlə insana iş yeri açıb. Bunu çox yüksək qiymətləndirirəm və düşünürəm ki, hər bir Azərbaycanlı ölkəsinə bu cür dəstək olmalıdır. Gənclərin təhsilinə də maliyyə ayıran böyük iş adamlarımız var. Hansı ki, onlar da başqa ölkələrdə çalışıb, yaşayırlar. İstəsələr bunu etməyə bilərlər. Ancaq onlar Azərbaycana olan sevgiləri səbəbindən bu cür işləri təmənnasız olaraq görürlər. Çox arzu edərdim ki, bizim iş adamlarımız özlərini bu cür tanıtsınlar. O zaman onların xüsusi bir çağırışa ehtiyacları olmaz və istər media, istərsə də toplum hər zaman onların yanında olar".
“Qafqazinfo.az” saytının rəhbəri Elbrus Ərud məsələ ilə bağlı bildirib ki, “AST Telman” son hadisələrə qədər hər zaman şou-biznesin yanında olub, müğənnilərə maşın bağışlayıb: “”AST Telman" nə zaman jurnalistin yanında olub ki, indi jurnalistdən dəstək istəyir? O, hər zaman müğənnilərə dəstək olub, indi də zəhmət çəksin, müğənnilərdən dəstək alsın. Kimlərə ki, “Hummer” bağışlayırdı, yanında gəzdirirdi, indi də onlardan dəstək istəsin. Jurnalistin hüquqlarını qorumaq, mətbuata dəstək olmaq lazımdır ki, ehtiyacın da olanda jurnalistdən dəstək istəyə biləsən. Onun açıqlamalarını xəbər kimi verəcəyimizə gəlincə isə biz məsələyə digər prizmadan yanaşmırıq. Xəbər olacaqsa, yazacam. Yəni əgər yaydığı açıqlamanın içərisində maraqlı məlumatlar verəcəksə, bunu “AST Telman”a dəstək məqsədilə yox, məhz xəbər əhəmiyyəti daşıdığı üçün işıqlandıracağıq".
“Modern.az” saytının rəhbəri Elşad Eyvazlı “Yeni Müsavat”a bildirib ki, “AST Telman”a dəstək olacaq: “İstənilən halda hər bir azərbaycanlıya həmyerlimiz kimi yanışırıq. Jurnalist olaraq da xaricdə yaşayan, xüsusilə də həmyerlilərimizə dəstək olan azərbaycanlılara hər tərəfli yardım etməliyik. Bu bizim həm vətəndaş, həm milli borcumuzdur. Bəzən hadisələr o şəkildə cərəyan edir ki, bizim dəstəyimiz hər hansı formada özünü göstərə bilmir. İstənilən halda istərdim ki, azərbaycanlı jurnalistlər xaricdə yaşayan hər bir azərbaycanlıya doğru yanaşsın, düzgün məlumat versin, dəstək olsun”.Aynur Camal: “O, çox təəssüf ki, özünü Azərbaycan ictimaiyyətinə, ölkə mediasına, sadəcə olaraq, əyləncəyə meylli bir ”playboy" kimi tanıdıb"
Elbrus Ərud: “Telman İsmayılov hər zaman müğənnilərə dəstək olub, indi də zəhmət çəksin, müğənnilərdən dəstək alsın”
Elşad Eyvazlı: “İstərdim ki, azərbaycanlı jurnalistlər xaricdə yaşayan hər bir azərbaycanlıya doğru yanaşsın”