Doğuş zamanı körpəsini itirən anadan ŞOK İDDİA: "Uşağımı həkimin dirsəyilə qarnıma vurduğu..." - VİDEO (18+)

Doğuş zamanı körpəsini itirən anadan ŞOK İDDİA: "Uşağımı həkimin dirsəyilə qarnıma vurduğu..."

Azərbaycanda daha bir körpə ölümü baş verib. 26 yaşlı Aytən Sadıqovanın 7 saylı Doğum Evində dünyaya gətirdiyi 3 kq 500 qram çəkili oğlan uşağı doğuşdan 45 dəqiqə sonra ölüb.

Gənc qadın Baku.ws-ə açıqlamasında normal hamiləlik keçirdiyini və hamiləliyin sonuncu həftəsində xəstəxanaya müraciət etdiyini bildirir:

"Hər ay həkim müayinəsindən keçmişəm. Heç bir problemim olmayıb. Həkim normal doğuşun vaxtını avqustun 12-nə təyin etmişdi. Mənim sancılarım 1 gün əvvəl, 11 avqustda başladı. 7 saylı Doğum Evinə getdim. Normal doğuş üçün problem olduğunu söylədilər, lakin məni evə buraxmadılar. Həyat yoldaşıma doğuşu asanlaşdıran dərman aldırdılar, onun da xeyri olmadı.

Sancılarım dözülməz olduğundan qeysəriyyə əməliyyatı istədik. Hətta anam qışqırıqlarımı eşidib, həkim Səbinə Baharzalovaya dedi ki, nə sənəd lazımdırsa verin, imzalayaq, qızımı əməliyyata salın, təki qızım belə əziyyət çəkməsin.

S.Baharzalova anama və mənə barmağını silkələyərək qışqırdı ki, mənə göstəriş verməyin, nə etmək lazımdırsa, özüm bilirəm. Normalda həkim vəziyyətimə görə qeysəriyyə əməliyyatına qərar verməli idi. Mənim və körpəmin həyatını riskə atmamalı idi".

A.Sadıqovanın sözlərinə görə, həkim doğuşu təhqirlərlə həyata keçirib: "Dediyim kimi, sancılarım dözülməz idi və hər dəfə ağrıdan qışqıranda məni təhqir edirdi.

Qışqırırdı ki, doğa bilmirsən, abort etdirərdin, niyə uşaq istəyirsən? Söyüşlərə heç bir reaksiya vermirdim.

Tək istəyim uşağımı sağ-salamat qucağıma almaq idi. Gecə 3-ün yarısında süni doğuş həyata keçirdilər. Doğuşun vaxtı uzandıqca söyüşlərdən zərbələrə keçdilər. Səbinə Baharzalova söyə-söyə dirsəyilə qarnıma zərbələr vururdu. Uşaq sağ doğuldu, amma ağlamadı. Oğlumu sinəmə qoydular, nəfəs alırdı.

Sonra məndən alıb oksigen verdilər. 45 dəqiqə sonra oğlumun öldüyünü xəbər verdilər. Soruşdum ki, niyə? Öz qulağımdan eşitdim ki, dirsəklərilə vuranda uşağın ciyərləri əzilib və açılmayıb. Bilirsiz ölüm səbəbini mənim özümə nə dedilər? Dedilər ki, sən sancı çəkəndə "Ay Allah, mənə ölüm ver" dediyin üçün uşağın öldü".


Övladını itirən Aytən Sadıqova
Şikayətçi körpəsinin ölümündə doğuşu həyata keçirən həkim-ginekoloq Səbinə Baharzalovanı günahlandırır: "Əvvəla, dediyim kimi, vəziyyətimə görə məni qeysəriyyə əməliyyatına salmalı idilər. İkincisi, uşağımı Səbinənin dirsəyilə qarnıma vurduğu zərbələr öldürdü. Oradaykən doğuşdan iştirak edən tibbi personaldan biri deyirdi ki, doktorun dirsəyilə vurduğu zərbələrdən uşağın ciyərləri zədələnib.
Uşağın bədənində göyərtilər vardı. Bu da həkimin dirsəyilə vurduğu zərbələrin yeri idi".
Zərərçəkmiş ailə hadisə ilə bağlı Daxili İşlər Nazirliyiyinin 102 xidmətinə müraciət edib "Elə həmin günü prokurorluq nümayəndələri xəstəxanaya gəldi. Körpəmin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya İnstitutuna aparılıb. Ekspertizanın cavabını gözləyirik".
Körpənin ölüm faktı Nizami rayon Prokurorluğu tərəfindən araşdırılır. Məsələ ilə əlaqədar Nizami rayon Porkurorluğu ilə əlaqə saxladıq. Nizami rayon prokurorunun köməkçisi Rüstəm Zeynalov BAKU.WS-ə açıqlamasında bildirdi ki, həqiqətən də Aytən Sadıqova tərəfindən həkim Səbinə Baharzalovaya qarşı şikayət daxil olub.
“Belə bir hadisə olub. Hazırda araşdırma gedir. Sorğular aparılır, ifadələr alınır. Aparılan araşdırmalardan sonra hansısa nəticəyə gəlinəcək”, - deyə Rüstəm Zeynalov bildirib.

həkim-ginekoloq Səbinə Baharzalova
Məsələ ilə həkim-ginekoloq Səbinə Baharzalova ilə əlaqə saxladıq. Həkim Səbinə Baharzalova Baku.ws-ə açıqlamasında iddiaları qəbul etmədiyini deyir: "Əlbəttə, biz də istəməzdik belə olsun. Təbii ki, övladını itirən ana indi hirslidir, depresiyadadır, hər söz deyə bilər. Gəlin razılaşaq ki, heç bir həkim ananın dediklərini etməz. Bura həbsxana deyil ki, dirsəyimizlə basıb öldürək. Biz də bilmirik uşaq niyə ölüb. Ola bilsin hamilə vaxtı ana viruslu xəstəliklər keçirib. Uşağın ölüm səbəbi ekspertizanın cavabından sonra bilinəcək. Bu işlə bağlı prokurorluğa izahat vermişəm".






Fikirlər