"SOCAR Methanol"un qalmaqallı tender elanının axırı necə oldu? (FOTOFAKT)
Avqustun 17-də tender elan edən və elanı vaxtı bitdikdən (27 avqust) 3 gün sonra (30 avqustda) rəsmi saytına yerləşdirən "SOCAR Methanol" MMC düşdüyü duruma hələ də aydınlıq gətirməyib. EkoNews xəbər verir ki, son müraciət tarixi 27 avqust olan elanın 3 gün sonra sayta yerləşdirilməsi saytımızda tənqid edildikdən sonra adıçəkilən şirkət KİV-ə təkzib göndərib. Təkzib məktubunda qarşı tərəf iddia edir ki, elan şirkətin rəsmi saytına 30-da deyil, 17-də yerləşdirilib: "SOCAR Methanol" MMC tərəfindən katalizatorların alınmasına dair açıq tenderin keçirilməsi haqqında elan 30 avqust 2018-ci il tarixdə deyil, əksinə, 17 avqust 2018-ci il tarixdə (yəni tender sənədlərinin təqdim edilməsi üçün 10 gün müddət verilmişdir) bizim rəsmi saytımızda dərc edilmişdir və bu barədə bir sıra mötəbər kütləvi informasiya vasitələrinə, o cümlədən Azərtac dövlət informasiya agentliyinə (https://azertag.az/xeber/SOCAR_Methanol_katalizator_alir-1187482) müvafiq məlumat verilmişdir". MMC tərəfindən redaksiyamıza göndərilən məktubda bizdən həmin məlumatın "dərhal silinməsi" və təkzib verilməsi tələb (?) edilir. Daha sonra özünü şirkət direktorunun köməkçisi kimi təqdim edən Qədir Bağırov telefon əlaqəsi saxlayaraq, xəbərin çıxarılması və təkzib verilməsini istədi. Cavabında biz, Bağırovun nəzərinə çatdırdıq ki, bizim tənqidimiz AZƏRTAC-da dərc edilən elanla bağlı yox, şirkətin rəsmi saytında olan elandan bəhs edib, yazıda yaranan uyğunsuzluğa diqqət çəkilib, göndərilən təkzib məktubunda isə bundan bəhs edilməyib və məsələyə aydınlıq gətirilməyib. Üstəlik, xahiş etdik ki, mövzu ilə bağlı öz mövqe və izahatlarını göndərsələr məmuniyyətlə dərc edəcəyik. Üstündən bir neçə gün keçsə də, təəssüf ki, hələ də "SOCAR Methanol"dan heç bir rəsmi izah daxil olmayıb. Əvəzində həmin gün - 01 sentyabr 2018-ci il tarixində Azərtag Dövlət Agentliyində yeni tender elanı dərc olundu (https://azertag.az/xeber/1190769) Əgər birinci elanda SOCAR Methanol" MMC katalizatorlara olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edirdisə, ikinci ELANDA "SOCAR Methanol" müəssisənin MÜƏYYƏN ETDİYİ (!) katalizatorların satın alınması, çatdırılması, layihənin tam şəkildə maliyyələşdirilməsi öhdəliyini icra edəcək podratçının seçilməsi üzrə açıq satınalma müsabiqəsindən bəhs edilir. Üstəlik, müraciətlər üçün cəmi 4 gün vaxt verilir - ən geci sentyabrın 5-i müddəti təyin edilir. EkoNews-un tənqid hədəfinə tuş gələn http://socarmethanol.az/news/view-article/116 linkli xəbər isə şirkətin rəsmi saytından artıq yığışdırılıb. Bu8nunla belə hələ xəbərin "izini" Google axtarış sistemindən tapmaq olur. Mövzu ilə bağlı "SOCAR Methanol"un rəhbəri Elnur Mustafayevin də mövqeyini öyrənmək istəsək də, əlaqə koordinatlarını tapa bilmədik.