AZƏRBAYCANLI MİLYADER və nazirlərin keçmişi: DARAQ SATAN, kolxozçu, çilingər, PİLOT...

Azərbaycanlı milyarder və nazirlərin keçmişi: Daraq satan, kolxozçu, çilingər, pilot...

"Yüzlərlə kilometrlik yol kiçik addımlarla başlayır. Əgər biz uğur qazanmaq istəyiriksə, ilk növbədə addım atmalı və konkret nəticəyə hədəflənməliyik. Necə deyirlər: Getdiyin ünvan məlum deyilsə, hansı yollarla getməyin heç bir mənası yoxdur".

Dünya şöhrətli psixoanalitik Ziqmund Freydin bu sözləri bəlkə də həyatda uğur qazanmaq istəyənlər üçün "yol xəritəsi" ola bilər. Reallıq ondan ibarətdir ki, bəzilərinin hər vəchlə təkzib etməyə çalışdığı bir həqiqət var: Bu həyatda 0-dan mübarizəyə atılıb böyük uğur qazananlar az deyil.

Vaxtilə çox məşəqqətli həyat sürüb, hazırda böyük uğurlara imza atan soydaşlarımızla bağlı araşdırma aparıb.

"Forbes"in milyarderlər siyahısına saldığı həmyerlimiz Vahid Ələkbərov əmək fəaliyyətinə adi operator kimi başlayıb. Hazırda sərvəti 12 milyard dollar civarında qiymətləndirilən V.Ələkbərov həmin zamanlar paytaxtın Razin (indiki Bakıxanov) qəsəbəsində yaşayırdı. Çox kiçik maaşla işə başlayan Vahid əzmkarlığı, xüsusi iradəsi sayəsində sürətlə irəliləyir və hazırda dünyanın ən varlı adamlarından biridir.

"Forbes"in milyarderlər siyahısına saldığı daha bir azərbaycanlı biznesmen Fərhad Əhmədovun ilk iş yeri qaynaqçı-çilingər olub. Hətta bu işi əldə etmək üçün o, peşə məktəbini də bitirib. Olduqca çətin həyat tərzi keçirən Fərhad Əhmədov Rusiyaya köçür və bütün uğurları məhz burada əldə edir. Keçid dövründə neft-qaz sahəsində səhmlər almağa başlayan Fərhad daha sonra iri iqtisadi layihələrdə iştirak edir.

Əldə etdiyi əmlakların sayına görə, Rusiyada birinci yerdə gələn Qod Nisanovun adı hazırda "Forbes"in milarderlər siyahısında keçir və o öz sərvətini günü-gündən artırır. "3 səbəbə görə - "sürətli qərarlar qəbul etmək, başqalarının getməyə qorxduğu yerlərə getmək və təbii biraz da şans" milyarder olduq" deyən Qod ilk dəfə Rusiyaya gedəndə hazırki ortağı Zarah İliyevlə daraq satıb. Tipik yəhudi biznesi sayılan - xırdavat məhsullarının satışını həyata keçirən cütlük sonradan ticarət mərkəzləri açmağa və bununla da həyatında ciddi dönüş etməyə başlayır.

Dünyanın ən böyük gəmiçilik şirkətlərindən olan "Palmali"nin sahibi və "Forbes" zəngini Mübariz Mənsimov nə qədər qəribə görünsə də, gəmidə aşpazlıq etməklə Türkiyədə qərar tutub. Daha sonra qardaş ölkədən idarə olunan şirkət Rusiyada və dünyanın onlarla ölkəsində daşımalar həyata keçirib. "Biz köhnə gəmi aldıq, onu sahilə çıxarmağa ümidimiz yox idi, duzla təmir edərək əmələ gətirdik" deyən Mübariz hazırda öz biznesinin "əhatə dairəsi"ni genişləndirib. Onlarla müxtəlif profilli şirkətə rəhbərlik edir.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Neft Daşları"nda əmək fəaliyyətinə başlayıb. Burada ən kiçik vəzifədən ən böyük vəzifəyə qədər ucalan Rövnəq Abdullayevin də gəncliyi maddi sıxıntılar altında keçib. Bütün çətinliklərə sinə gərməyi bacaran "Socar şefi" az keçmir ki, Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun direktoru təyin olunur. Hazırda üç quruma - Azərbaycan Dövlət Neft Şirkətinə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Cüdo Federasiyasına rəhbərlik edir. Eyni zamanda Milli Məclisin deputatıdır.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov da 0-dan başlayaraq böyük yol qət edənlərdəndir. Gənc yaşlarında nəşriyyatda kuryer işləyən C.Qurbanov sonradan texnik-cizgiçi, mexanik olur. "Hər qaranlıq gecənin işıqlı bir sabahı var" misalında olduğu kimi, Cavid Qurbanov istehsalata qədəm qoyur və burada parlayır. Müxtəlif zavod və müəssisələrdə rəhbər vəzifələr tutan gələcək QSC sədri paralel olaraq Milli Məclisin deputatıdır.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev hələ yeniyetmə yaşlarından özünü zəhmətə alışdırıb. Komitə sədrinin rəsmi bioqrafiyasında qeyd olunur ki, o hələ 17 yaşı olanda Naxçıvanda kolxozçu işləyib. Ölkəmizin ən böyük kəndlərindən biri – Nehrəmdə anadan olan gələcək komitə sədrinin ilk iş yeri də məhz bu kənddə olur. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirir və bundan sonra böyük uğurlar qazanmağa başlayır.

Azərbaycan Hava Yolları QSC-nin sədri Cahangir Əsgərov ikinci piolt kimi əmək fəaliyyətinə başlayıb. Ardınca birinci pilot, uçuş dəstəsi komandirinin müavini, eskadrilya komandirinin müavini, eskadrilya komandiri işləyən C.Əsgərov bir müddət "Azal"ın Türkiyə təmsilçisi olur. 22 ildir ölkəmizin hava yolları şirkətinə rəhbərlik edən C.Əsgərov eyni zamanda Azərbaycan Ağır Atletika Federasiyasının prezidentidir.

azxeber.com






Fikirlər