Gədəbəyli iş adamları Rövşən Tağıyev və Hidayət Heydərovdan nümunəvi addım (FOTOLAR)

Gədəbəyli iş adamları Rövşən Tağıyev və Hidayət Heydərovdan nümunəvi addım (FOTOLAR)

Bildiyimiz kimi, dünyada tüğyan edən koranavirus (COVID-19) infeksiyasının Azərbaycanda geniş  yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı dövlətimiz tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən məqsədyönlü işlər görülür. Dövlət başçısının ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır, dövlət başçısının xalqımıza qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Ölkə başçısının "Biz birlikdə güclüyük” çağırışı isə bu gün hər birimiz üçün örnəkdir.
Respublikamızın hər yerində olduğu kimi, Gədəbəy rayonunda da "Biz birlikdə güclüyük” devizi altında keçirilən xeyriyyə aksiyasına start verilib. Bu aksiyaya hər kəs ürəklə qatılıb və öz töhfəsini verməyə çalışır.
Bu gün Gədəbəy Rayon İcra Hakimiyyəti və iş adamları, xeyriyyəçilər Rövşən Tağıyev, Hidayət Heydərov tərəfindən "Biz birlikdə güclüyük” devizi altında reallaşan aksiya da dövlətin vətəndaşına olan qayğısının bariz nümunəsidir. 
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev və əslən Gədəbəy rayonundan olan ziyalı, hörmətli iş adamları Rövşən Tağıyev, Hidayət Heydərov yardım aksiyasında yaxından iştirak ediblər. İcra hakmiyyətinin başçısı İbrahim Mustafayev sakinlərlə çıxışı zamanı onu da qeyd edib ki, bugünkü təşəbbüs də məhz xalqa, sadə vətəndaşlara olan qayğını özündə əks etdirən bir təşəbbüsdür. İbrahim Mustafayev iş adamlarının hümanist addımlarına görə onlara təşəkkürünü bildirib. İcra başçısı vətəndaşların nəzərinə çatdırıb ki, prezident İlham Əliyev Cənablarının 2020-ci il 19 mart tarixli Fərmanına əsasən Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Rövşən Tağıyev və Hidayət Heydərov Koronavirusla Mübarizəyə Dəstək fonduna da öz dəstəklərini əsirgəməyiblər. İş adamları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20000 (iyirmi min) manat vəsait köçürüblər. İstər dövlətimiz, istərsə də iş adamları tərəfindən vətəndaşlarımıza olan qayğı, dəstək bir daha onu göstərir ki, Azərbaycanda hər zaman birlik, həmrəylik olub və bundan sonra da olacaqdır. İcra hakimiyyətinin başçısı onu da qeyd edib ki, bu gün dövlətimiz tərəfindən sahibkarlara, iş adamlarına göstərilən diqqət və qayğının nəticəsidir ki, onlar da dövlətinin, xalqının yanında olmağı özlərinə borc bilirlər. 
Bunun bariz nümunəsi hörmətli ziyalılar, xeyirxah insanlar Rövşən Tağıyev və Hidayət Heydərov tərəfindən atılan nümunəvi addımdır. Hamımızın yaxşı tanıdığımız humanist, xeyirxah insanlar Hidayət Heydərov və Rövşən Tağıyev hər zaman ölkə başçısının siyasətini dəstəkləmiş və aztəminatlı ailələrə maddi yardımlar etmişlər. Bu gün də Gədəbəy rayonunda yaşayan 100 aztəminatlı və şəhid ailəsinə əlcək, maska, antiseptik məhlullar və ümumi çəkisi üç ton olan, altı min manat dəyərində ərzaq yardımları  gətirib gəliblər. Rövşən müəllim və Hidayət müəllim Gədəbəy rayonuna əlavə olaraq aztəminatlı ailələr üçün 3000 (üç min) maska, 1000 (min) əlcək və çoxlu sayda antiseptik məhlullar da  gətiriblər. Bu yaxşılıq, insanlıq ənənəsi qədirbilən xalqımızın örnək addımlarındandır. Bu gün də cənab prezidentimiz xalqımızın yardımlaşmaq, paylaşmaq kimi hümanist adət-ənənələrinin qorunmasında bütün imkanları səfərbər edib. Dövlətin dəstəyindən hər zaman razı qalan sahibkarlar da cənab prezidentin "Biz birlikdə güclüyük” çağırışına əllərindən gələn imkanları (köməklikləri) əsirgəmirlər.
Gədəbəyin dəyərli iş adamları, xalqa, dövlətə, dövlətçiliyə sadiq, vətən sevgili insanlar Rövşən Tağıyev və Hidayət Heydərov də sakinlərlə görüşdə hər zaman dövlətin yanında olduqlarını, bir əsgər kimi hər an cənab prezidentin tövsiyyə və tapşırıqlarını yerinə yetirməyə hazır olduqlarını deyiblər. Onlar prezident İlham Əliyev cənablarının siyasətini dəstəklədiklərini və bundan sonra da dövlət, millət yolunda əllərindən gələn köməklikləri əsirgəməyəcəklərini bildiriblər.
 S.Yusif.






Fikirlər