22 illdir zirzəmidə yaşayan məcburi köçkün olan jurnalistə EV VERİLDİ – FOTOLAR
Uzun illərdir zirzəmidə, çətin vəziyyətdə yaşayan jurnalist evlə təmin edilib. Jurnalist, “vesti.az” saytının əməkdaşı Vəfa Fərəcovanın zirzəmidəki çətin həyatı barədə düz bir il öncə musavat.com saytının əməkdaşı reportaj hazırlamışdı. (Zirzəmidə yaşayan Azərbaycan jurnalisti: “Mən özümə kömək edə bilmirəm” – REPORTAJ, FOTOLAR) Belə ki, 17 yaşı olanda Zəngilan işğal edildiyi üçün məcbur köçkün həyatına başlayan Vəfa, zirzəmidə, divarları nəm, havasız, siçovullarla dolu otaqda yaşayırdı. Həmin otağa heç gün işığı belə düşmürdü. Minval.info xəbər verir ki, nəhayət, Fərəcovanın ev problem həll edilib. Xanım jurnalist saytımızın əməkdaşına bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayevin qəbulunda olub: “Məni qəbul edib, problemlərimlə maraqlandılar. Daha sonra Fövqaladə Hallar Nazirliyinin və “Qaçqınkom”-un əməkdaşları evimdəki vəziyyətlə tanış oldular. Onların da rəyi belə oldu ki, bu vəziyyətdə yaşamaq insan sağlamlığı üçün zərərlidir. Nəhayət, bizə Qobu qəsəbəsində qaçqınlar və məcburi köçkünlər üçün yeni salınmış şəhərcikdə mənzil verildi. Məcburi köçkünlərə göstərdikləri diqqətə və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirik”. Vəfa Fərəcova əməkdaşımızla söhbət zamanı bunları da əlavə etdi: “Ümid sonuncu ölür deyirlər. Lakin 22 il ərzində yaşadığımız ağır şəraitdən qurtulacağımıza dair ümidimiz demək olar ki, qalmamışdı. Çünki Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyi müraciətlərimizə məhəl qoymurdu, 22 il ərzində dəfələrlə məskunlaşdığımız əraziyə gələn şəxslər vəziyyətimizlə tanış olub və “Burda necə yaşamaq olaraq” deyib çixib gedirdilər. Hər gəlişlərində eyni şey təkrar olunurdu. Təəccüblü olan o idi ki, hər dəfə də «Sizi tezliklə köçürəcəklər» deyib gözümüzü yolda qoyurdular. Və beləcə ömrümüzün 22 il havasız, nəmli, heç bir şəraiti olmayan zirzəmidə keçdi. Ağır şəraitimizə rəğmən təhsil ala bildik. Hər üçümüz o şəraitdə ali təhsil aldıq, həm də ödənişsiz fakültədə oxuduq, məzun olduq, qonaqlarımız olurdu, şəraitə görə çox çətinlik çəkirdik, çünki yayda çox isti, qişda da buzxana… Qapımızı açan insanı isə gülərüzlə qarşılayırdıq. Çox şükür artıq şəraitli 4 otaqlı mənzildə qonaq-qaramız daha çox olar. 22 ildən sonra o zirzəmidən qurtulacağımıza dair qeyd etdiyim kimi heç ümidimiz qalmamışdı. Lakin komitəyə yeni sədr təyin olunandan sonra yanaşma dəyişdi. Rövşən Rzayev əvvəlki sədrdən fərqli olaraq şəxsən qəbul eləyirdi insanları, diqqətlə qulaq asırdı onların gileyini. Biz də təkrar ümidləndik və ərizə ilə qəbuluna getdik. Allah razı olsun, dinlədi, onun göstərişinə əsasən komissiya gəldi, vəziyyətimizi gördülər və 22 ilə həll olunmayan mənzil problemimiz heç 2 ay tamam deyildi ki, həll olundu. Sevincimizi həddi hüdudu yox idi, 22 il pəncərəsiz, kommunal şəraiti olmayan zirzəmidə əziyyət çəkdikdən sonra nəhayət köçürüldük. Həyəcandan ürəyimiz əsirdi. Əşyalarımız daşımaq üçün komitə tərəfindən yük maşınları da ayrılmışdı. Qobu Park yaşayış massivində qəşəng mənzillə köçürüldük, yeni mənzilimiz işğal olunan mənzilimizi xatirlatdı, onun kimi geniş, işiqlı, əsas odur ki, gün işiği düşürdü, hava gəlirdi. Ən əsası, anam nəvələri, oğlu, gəlini ilə bir yerdə rahat- rahat yaşayacaq. Qardaşım mənzil probleminə görə gec evləndi, nəvələr olandan sonra da ağır şəraitə görə qardaşımın balalarını ayda bir dəfə görə bilirdik, çünki havasız, rütubətli zirzəmidə uşağı necə qalsın? Çox şükür ki, anamın nəvələri artıq yanında olacaq”. Vəfa Fərəcova söhbət zamanı yeni mənzildə ilk gün təəsuratımı da paylaşdı: “Sizinlə bir xatirə paylaşım, ömürlük yaddaşıma həkk olunan bir xatirə. Köçürüldükdən sonra ilk gecə mənzilimizdə yatarkən anam dedi ki, mən üzü pəncərəyə tərəf yatmaq istəyirəm ki, səmani görüm, 22 il biz zirzəmidən səmanı görməkdən məhrum idik. Pəncərələrə də hələ pərdə asmamışıq, anam deyir bağlama, qoy Günəş işiğı düşsün, 22 ildir ona da həsrət idik. Bunları xatırladıqca ürəyim yanır, çünki 22 il bir insan ömrüdür və biz ailəcə illərdir zirzəmiyə «məhkum» olunmuşduq. Sizin vasitənizlə mənəvi dəstək olan, problemimə biganə qalmayan hər kəsə, həmçinin APA Holdinq rəhbərliyinə, mənzillə təmin olunduğumuzu eşidib təbrik edən, sevincimizə şərik olanlara “çox sağ olun” deyirəm, yaxşı ki, varsınız. Qapımız hər zaman üzünüzə açıqdır».