Əsas Səhifə > Sosial > Əli Məsimli:
Əli Məsimli:19-10-2017, 16:56 |
“Daha çox istifadə olunan ərzaq və xalq istehlakı mallarının qiyməti durmadan artır. Bu gün inflasiya əhalinin gəlirlərindən çoxdur. Əhalinin gəlirləri təxminən 6-7 faiz artır. Rəsmi statistikaya görə, hazırda Azərbaycan iqtisadiyyatında ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz inflyasiya var. Bu da o deməkdir ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşür”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib. Deputat bildirib ki, beynəlxalq praktikada qiyməti qaldırmaq əvəzinə, dövriyyədən daha çox vəsait əldə edilir. “Azərbaycan bu sahədə qiymət mədəniyyəti çox aşağı olduğuna, inhisarçılıq münasibətləri rol oynadığına, qiymət sahəsində bir xaos olduğuna görə, kim necə istəyirsə, həmin qiymətləri qoyur. Ona görə də qiymətlər durmadan artır”. Ə.Məsimli qeyd edib ki, ciddi araşdırmalar aparılsa, məlum olar ki, rəsmi statistikanın göstərdiyi həmin 14 faizlik inflyasiyanın yarıdan çoxu süni qiymət artımı ilə bağlıdır. “İqtisadiyyatın indiki durumu birrəqəmli inflyasiyaya gətirib çıxara bilər. Amma ikirəqəmli inflyasiya varsa, demək bunun xeyli hissəsi süni qiymət artımı ilə bağlıdır. Hesablamalar da göstərir ki, Azərbaycana bir manatlıq mal gətirmədən, istehsal etmədən, sadəcə qiyməti süni şəkildə 1 faiz artırmaqla bu işlərlə məşğul olan adamlar ailələrin büdcəsinə ildə 180 milyon manat, ümumilikdə isə 1,3-1,5 milyard manatdan çox ziyan vururlar. Süni qiymət artımının səbəbindən danışanda əvvəllər deyirdilər ki, dollara nisbətdə manatın məzənnəsi aşağı düşüb, ona görə də xaricdən dollarla alınıb gətirilən məhsulların qiymətləri də o qədər artmalıdır. Əvvəla, beynəlxalq praktikadan çıxış etsək, ilk baxışda haqlı görünə bilərlər. Lakin əslində bu, ayrı-ayrı mallara münasibətdə doğru yanaşma olsa da, ümumən götürdükdə doğru deyil. Deputat bildirib ki, belə halların qarşısının alınması üçün Rəqabət Məcəlləsinin qəbulu tezləşdirilməli, antihisarla bağlı təşkilati tədbirlər həyata keçirilməlidir. “Rəqabətə geniş meydan verilməlidir. Həmçinin bazara daha çox şirkətlərin çıxmasına şərait yaradılmalıdır. Bununla da həmin iş adamları qiyməti aşağı salmaqla uduş əldə etsinlər. Qiyməti qaldırmaqla yox. Mənə elə gəlir ki, sivil bazar münasibətlərinin üsullarından istifadə olunsa, qiymət artımını xeyli dərəcədə səngitmək olar”. Geri qayıt |