Əsas Səhifə > Sosial > EKOLOGİYA NAZİRLİYİNİN ƏMƏKDAŞLARI XANKƏNDİNDƏN QAYIDIB

EKOLOGİYA NAZİRLİYİNİN ƏMƏKDAŞLARI XANKƏNDİNDƏN QAYIDIB


4-12-2022, 19:32

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçərək, Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdiriblər.

Bu barədə ETSN-dən məlumat verilib.

Bildirilib ki, müzakirələr əsnasında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ciddi narahatlıq və narazılıq bir daha ifadə olunub.

Bu xüsusda, faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Üç dekabr tarixində 18.00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Şuşa şəhərinə qayıdıblar.

 

Xocalıda, sülhməramlı qüvvələrin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

14:23

 

***

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzerGold” QSC-nin mütəxəssisləri Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndiyə daxil olublar.

“Report” “Caliber”ə istinadən xəbər verir ki, bu, danışıqlar nəticəsində mümkün olub.

Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji monitorinqin aparılması müzakirə olunacaq.

Vurğulamaq lazımdır ki, Qarabağda Azərbaycanin digər ərazilərində olduğu kimi istənilən dövlət qurumu istənilən vaxt monitorinqlər keçirə bilər. Bu, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə, o cümlədən Xankəndiyə də aiddir.

 

 


Geri qayıt