Əsas Səhifə > Sosial > “Azərbaycan-İsrail əlaqələri hər zaman yüksələn xətlə
“Azərbaycan-İsrail əlaqələri hər zaman yüksələn xətlə31-05-2023, 10:19 |
Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycan dünya dövlətləri ilə münasibətlərini bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurur. Bu prinsiplər üzərində dövlətimizin xarici siyasəti uğurla inkişaf edir, beynəlxalq nüfuzu günü-gündən artır, mövqeləri möhkəmlənir. Azərbaycan balanslaşdırılmış xarici siyasət yürütməklə həm də dünyada sülh və təhlükəsizliyə mühüm töhfələr verir.
Bu istiqamətdə Azərbaycanın təcrübəsi unikal nümunə hesab olunur. Bu gün dünyada Azərbaycanla səmimi münasibətlər quran, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verən dövlətlərdən biri də İsraildir. Əminliklə deyə bilərik ki, iki ölkə arasında münasibətlər hər zaman müsbət istiqamətdə inkişaf edib. İsrail daim Azərbaycanla həmrəy olub, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də Şərqi Zəngəzurun və Qarabağın bərpasında öz dəstəyini əsirgəməyib. Dövlətimizin başçısımızın qeyd etdiyi kimi,İsraillə müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur: “Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır”. Son illər Azərbaycanla İsrail arasında təşkil olunan qarşılıqlı səfərlər, ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr, eləcə də ölkəmizin Təl-Əvivdə səfirliyinin açılması münasibətlərimizi yeni müstəviyə daşıyıb, ölkələrimizi biri-birinə daha da yaxınlaşdırıb.Mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun ölkəmizə rəsmi səfəri, Prezident İlham Əliyevlə keçirdiyi təkbətək və geniş tərkibdə görüşləri, səhiyyə sahəsində imzalanan sənəd iki ölkə arasında əməkdaşlığın yeni perspektivlərinin müəyyən edilməsi baxımdan son dərəcə önəmlidir. Dövlət başçıları mətbuata bəyanatla çıxışları zamanı da bu məsələyə toxundular. Xüsusən ticarət dövriyyəsinin şaxələndirilməsi, enerji sahəsinin genişləndirilməsi, kibertəhlükəsizlik sahəsidə təcrübənin öyrənilməsi əməkdaşlığın gələcək inkişafında aktual olan mövzulardır. Həmçinin dövlətimizin başçısı müdafiə sənayesi sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Bildiyimiz kimi, Azərbaycan özü müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal edir. Bununla yanaşı, silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə, o cümlədən İsraillə əməkdaşlıq əlaqələri mövcuddur. Təbii ki, bu, Ordumuzun zəruri silah, sursat və texnika ilə təchizi, müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması üçün əlavə imkanlar yaradır. Yeri gəlmişkən, Azərbaycan-İsrail münasibətlərinin bu səviyyəyə yüksəlməsində həm ölkəmizdə olan yəhudi icmasının, həm də dost ölkədə yaşayan azərbaycanlıların böyük əməyi olub. Əminliklə bildiririk ki,cənab İsxak Hersoqun Azərbaycana bu səfəri əlaqələrimizin dinamik inkişafını yeni təkan verəcək, iki ölkə arasında dostluq münsibətlərini daha da möhkəmləndirəcək.
İlqar Nəzərov, "ŞƏRQ ELM İSTEHSALAT BİRLİYİ" MMC-nin rəhbəri.
Geri qayıt |