Əsas Səhifə > Sosial > AZƏRBAYCANIN QALİBİYYƏT DÜSTURU
AZƏRBAYCANIN QALİBİYYƏT DÜSTURU25-06-2023, 10:36 |
İyunun 26-da 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi düşməni ağır məğlubiyyətə uğradaraq ərazi bütövlüyümüzü bərpa edən güclü Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasının 105-ci ildönümüdür. Bu qürurverici bayram münasibətilə Ali Baş Komandan İlham Əliyev başda olmaqla düşməni diz çökdürərək kapitulyasiya aktı imzalamağa məcbur edən Azərbaycanın Silahlı Qüvvələrini təbrik edirəm. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri düşməni məhv edərək 30 il davam edən ədalətsizliyə son qoymaqla yanaşı, xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi. Məhz buna görə də 26 İyun - Silahlı Qüvvələr Günü bütün Azərbaycan xalqının bayramıdır. Bu illər ərzində Azərbaycanda ümummilli lider Heydər Əliyevin başlatdığı ordu quruculuğunu cənab Prezident İlham Əliyev uğurla davam etdirib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə bunun bariz nümunəsidir. Əlbəttə, ordu quruculuğunun uğurla həyata keçirilməsini şərtləndirən əsas amillərdən biri güclü iqtisadiyyat, ictimai-siyasi sabitlik və doğru seçilmiş strategiyadır. Çünki istənilən ölkənin hərbi potensialı iqtisadi imkanlarından asılıdır.
30 il həsrətində olduğumuz rayon və şəhərlərin azad olunması istiqamətində, xüsusi ilə Şuşa döyüşündə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran oğullarımıza can sağlığı, şəhidlərimizə Allahdan rəhmət, ərazi bütövlüyümüzün uğrunda sağlamlığını itirən qazilərimizə şəfa diləyirəm. Bu gün cənab Prezident İlham Əliyev kimi güclü, adını Azərbaycan və dünya tarixinə qızıl hərflərlə yazdıran Sərkərdəyə, Ali Baş Komandana sahib olduğumuz üçün qürur duyuram. Bayramınız mübarək, düşməni darmadağın edərək möhtəşəm qələbəni xalqına yaşadan və bizi illərlə həsrətində olduğumuz Qarabağımıza qovuşduran Azərbaycanın qəhrəman oğulları! Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor.
Geri qayıt |