Azərbaycan maşın məzarlığına necə döndü?

 

“Azərbaycan maşın məzarlığına necə döndü?

 

  Manatın devalvasiyasından sonra ölkəyə xaricdən, xüsusən də Gürcüstan ərazisi vasitəsilə gətirilən avtomobillərin sayında ciddi azalma müşahidə edilib. Bir çox ekspertlər bunu ölkədə vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edirlər. Bəziləri isə bunun Azərbaycanın xeyrinə olduğunu düşünür və ötən il ölkəyə müasir standartlara cavab verməyən avtomobillərin buraxılmaması barədə verilmiş qərarı dəstəkləyirlər. Çünki onların fikrincə, Gürcüstan vasitəsilə Azərbaycana əsasən köhnə, Avropa və Asiyada artıq zibil hesab edilən, yararsız avtomobillər gətirilir.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar iqtisadçı-ekspert İlham Şaban Milli.Az-a bildirib ki, Azərbaycan artıq Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri bazarlarından gələn köhnə, yararsız avtomobillərin qəbristanlığına çevrilib: "Müstəqiliyinin ilk illərində Azərbaycanın Avropaya və Asiya bazarlarına birbaşa çıxışı olmadığına görə, Avropa və Asiya avtomobilləri ölkəmizə əsasən Gürcüstandan və Dubaydan gətirilməyə başladı. Daha sonra isə bu, ənənə halını aldı. Son 15-20 ildə Azərbaycan bu ölkələrin avtomobil zibilliyinə çevrilib. Bu illər ərzində Avropa və Asiyanın 1000-1500 avroluq nə qədər zibil hesab edilən, atılmış, köhnə avtomobilləri vardısa, hamısı Azərbaycana daşındı. Bəziləri də bunun hansı təhlükələr yarada biləcəyini düşünmədən ucuz və sərfəli olduğuna görə onları aldılar".

Ekspertin fikrincə, Azərbaycandakı köhnə, istifadəsi təhlükəli olan nəqliyyat vasitələrinin utilizasiyası həyata keçirilməlidir: "Rusiyada bununla bağlı utilizasiya proqramı həyata keçirildi, amma biz qaldıq bu zibilliyin içində. Qeyd edim ki, köhnə avtomobillərin istifadəsi çox təhlükəlidir. Çünki qəza baş verən zaman belə avtomobillərdə olan sürücü və sərnişinlərin həyatı ciddi təhlükə altına düşür. Oxşar qəzalarda yeni avtomobillərdəki insanlar yüngül xəsarətlə keçinə bilirlərsə, belə avtomobillərdəkilər ya çox ağır yaralanır, ya da həlak olurlar".

 






Fikirlər