“Müxalifət düşərgəsində xaos hökm sürür” - AÇIQLAMA

“Müxalifət düşərgəsində xaos hökm sürür” -

Vətəndaş və İnkişaf Partiyası (VİP) təmsil olunduğu Azərbaycan Xalq Hərəkatından (AXH) ayrılıb. Məlumata görə, VİP-in bu qərarı verməsinə səbəb AXH-nin fəaliyyətindəki qeyri-müəyyənlik və Azadlıq Partiyasının sədri Əhməd Orucla VİP sədri Əli Əliyev arasında baş verən kəskin mübahisədir.

“Yeni Sabah”ın məlumatına görə, Əli Əliyev Sozcu.az-a deyib ki, AXH-dən ayrılmalarının səbəbi Əhməd Orucla bağlı deyil:

Əhməd Orucla bağlı deyilənlər yanlışdır. Aramızda heç bir mübahisə olmayıb. Onunla demək olar ki, fikir ayrılığımız da yoxdur. Təəssüf ki, AXH-dən getmə səbəbini çılpaqlığı ilə açıqlaya bilmirəm. Zamanı gəldikdə, deyəcəyəm”.

VİP-in bundan sonra hansı birlikdə təmsil olunacağına gəldikdə, Ə. Əliyev bildirib ki, rəhbəri olduğu partiya əməkdaşlığa açıqdır: “Sabah keçiriləcək iclasda bu məsələyə də baxılacaq. Birliklər partiya quruculuğunu, təşkilatçılığı və təbliğat imkanlarını məhdudlaşdırır. Fikrimcə, bir müddət təkbaşına işləmək lazımdır. Partiya olaraq görəcəyimiz xeyli işlər var. Bu o demək deyil ki, cəmiyyətdən izolə olunuruq. Yəqin ki, məsləhətləşmələr, təmaslar olacaq. Hesab edirəm ki, müxalifət düşərgəsində xaos hökm sürür, durulmaya ehtiyac var. Hakimiyyətdə baş verənlər müəmmalı olduğundan hərəkət artıb, amma istiqamət bilinmir. Sanki fizikadakı Braun hərəkətdir. Bu mərhələni keçməliyik”.

Qeyd edək ki, Ə. Əliyev hələ aylar öncə ölkədə bu il növbədənkənar parlament seçkilərinin keçiriləcəyini də iddia edirdi. Amma proqnozları hələ ki, özünü doğrultmur:

Mən, parlament seçkilərini iyul-avqust aylarında gözləyirdim. Lakin həm iqtidardaxili, həm ölkəiçi, həm də beynəlxalq vəziyyət seçkini yubadır. Növbədənkənar seçki qaçılmazdır, belə görürəm. Hakimiyyət mane olan amilləri aradan qaldıran kimi seçki təyin edəcək. Əks halda bu parlament korpusu ən ciddi dəyişiklik mexanizmi, fors-major amili olacaq. Məncə, ölkə növbədənkənar parlament seçkilərinə şahidlik edəcək”. 






Fikirlər