Prezident İlham Əliyev növbədənkənar seçki məsələsinə nöqtə qoydu

 Prezident İlham Əliyev növbədənkənar seçki məsələsinə nöqtə qoydu

“Prezident seçkiləri iki il sonra olmalıdır” deyən dövlət başçısı namizəd ola biləcəyi ilə bağlı suala da cavab verib; müxalifətdən reaksiyalar var

 

Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalını şərh edib. Dövlət başçısı Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinə müsahibəsində növbədənkənar seçkilərin keçiriləcəyi barədə söz-söhbətləri təkzib edib.
Habelə bildirib ki, onun növbəti prezident seçkilərində iştirakı barədə danışmaq hələ tezdir: “Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir. Belə plan yoxdur və mən buna zərurət görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki il sonra olmalıdır, ona görə də hələ hansısa qərar vermək üçün tezdir. Əgər mən bugünkü kimi əhalinin dəstəyini hiss etsəm, o zaman əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam”. 
Image result for İlham Əliyev Sputnik
Müstəqil siyasi ekspertlər, hakimiyyətə yaxın deputatlar hesab edir ki, bu açıqlaması ilə dövlət başçısı yaxın vaxtlarda növbədənkənar prezident seçkilərinin təyin ediləcəyi barədə xeyli vaxtdır yayılan söz-söhbətə son qoymuş oldu. Bəlli oldu ki, ölkədə prezident seçkiləri əvvəldən nəzərdə tutulduğu vaxtda-2018-ci ildə keçiriləcək. 
Image result for Siyavuş
Qeyd edək ki, YAP icra katibinin müavini Siyavuş Novruzov istisna olmaqla, bir çox partiya funksionerləri mediaya müsahibələrində növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ehtimalının böyük olduğunu bildirirdilər. Yalnız Siyavuş Novruzov hələ referendumdan öncə “Yeni Müsavat”a müsahibəsində demişdi ki, prezident seçkilərinin vaxtı 2018-ci ildir, növbədənkənar prezident seçkilərinin keçiriləcəyi barədə deyilənlər əsassız söhbətdən başqa bir şey deyil. Prezidentin son açıqlaması YAP-çı deputatın “yuxarıların” mövqeyindən daha məlumatlı olduğunu ortaya çıxardı. 
Müxalifət düşərgəsi isə hesab edir ki, konstitusiyada yeni dəyişikliklər növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi zərurətini yaradır. 
Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, hüququn fəlsəfəsi onu tələb edir ki, konstitusiya ilə icra strukturlarının və qanunverici orqanın vəziyyətində dəyişiklik olubsa, yeni seçkilər keçirilməlidir. Çünki 2013-cü ildə keçirilən prezident seçkilərində xalq konstitusiya ilə səlahiyyətləri başqa olan prezidentə səs verib. 
 
Image result for Seçkilərdə
O cümlədən 2015-ci il parlament seçkilərində də xalq səlahiyyətləri fərqli şəkildə olan Milli Məclisin seçkilərində iştirak edib: “Qanunun fəlsəfəsi onu deyir ki, bu, ya konstitusiyada keçid müddəaları altında ”filan ildən qüvvəyə minəcək" kimi xüsusi qeydlə qəbul olunmalı idi, ya da icra hakimiyyətinin və parlamentin vəziyyətində bu qədər dəyişikliklər baş veribsə-səlahiyyətlər artırılıb-azaldılıbsa mütləq yeni seçkilər keçirilməlidir. Vitse-prezidentlərin təyin edilməsi, parlamentin buraxılması, növbədənkənar seçkilərin təyin edilməsi və digər bir sıra səlahiyyətlər 2013-cü ildə seçilən prezidentə verilməmişdi. Yeni konstitusiya dəyişiklikləri isə bu səlahiyyətləri prezidentə verir. Növbədənkənar seçkilərin keçirilməyəcəyi barədə cənab prezidentin açıqlamasını mən də oxudum. Seçkilər keçirilməyəcəksə, ola bilsin vitse-prezidentlər təyinatı da növbəti seçkiyə qədər olmasın. Bu da bir faktdır ki, siyasətdə “olmaz” anlayışı yoxdur. Ola bilsin, cənab prezident seçkilərin nəzərdə tutulmadığını bugünkü gün üçün deyib".
Image result for Sərdar Cəlal
ADP sədri Sərdar Cəlaloğlu dedi ki, 26 sentyabr tarixində keçirilən referendumdan sonra konstitusiyanın yeni tələbləri var və bunlar həyata keçirilməlidir: “Prezident və parlament seçkiləri keçirilməyəcəyi təqdirdə yeni konstitusiya pozulmuş olacaq. Əgər referendum konstitusiyada icra və qanunverici orqanın vəziyyətini dəyişməzdirsə, yalnız insan haqları ilə bağlı vəziyyəti dəyişmiş olsaydı, yaxud da daha aşağı qurumların vəziyyətini dəyişmiş olsaydı, prezident və parlament seçkilərinə heç bir ehtiyac qalmazdı. Konstitusiyada keçid müddəası olsaydı, növbədənkənar seçkilərə ehtiyac olmazdı. Keçid müddəası isə yoxdur. Ona görə də ortaya çox ciddi uyğunsuzluq çıxır. Yeni prezident və parlament seçkisi keçirilməlidir ki, konstitusiyaya uyğun vəziyyət təmin edilsin. Seçkilər keçirilməyəcəksə, onda belə çıxır ki, konstitusiyaya dəyişikliklər İlham Əliyevin 5 illik prezidentlik dövrü qurtarandək qüvvədə olmayacaq, vitse-prezidentləri də 2018-ci ildə keçiriləcək seçkilərdə seçilən prezident təyin edəcək? Ona görə də yaxşı olar ki, Konstitusiya Məhkəməsi məsələyə münasibət bildirsin. Şəxsən mən düşünürəm ki, növbədənkənar seçkilərə qərar veriləcək. Məncə, heç kimin gözləmədiyi anda seçkilər təyin edilə bilər”.

 






Fikirlər