Sumqayıt Bələdiyyəsinin beton piltə əməliyyatı - Sahibkardan görünməmiş üsulla pul tələb edirlər (FOTOLAR+ VİDEO)

“Sumqayıt şəhər Bələdiyyəsi ilə aramızda torpaq icarəsi üzrə heç bir rəsmi müqavilə yoxdur. Təxminən bir il əvvəl biz bələdiyyəyə rəsmi ərizə ilə müraciət etmişik ki, aramızda yeni müqavilə bağlansın. Lakin bir sıra səbəblərdən bu məsələ uzanıb. Sonra Bələdiyyədən bizə bildirildi ki, guya obyekt üzrə əvvəlki dövrə aid borc mövcuddur və əvvəlcə həmin borc ödənməlidir. Biz isə qarşı tərəfdən bu borcun hansı əsasla və hansı müqaviləyə əsasən yarandığını təsdiq edən sənədləri təqdim etməyi tələb etdik. Lakin bu günə qədər bizə heç bir rəsmi sənəd təqdim olunmayıb”.

Bunu Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi 48 ünvanında yerləşən “Perla” Psixoloji İnkişaf Mərkəzi ictimai obyektinin sahibi Rzayev Heydər Nizami oğlu “AzPolitika”-ya müraciətində bildirib.

Şikayətçi qeyd edir ki, Sumqayıt şəhər Bələdiyyəsi heç bir xəbərdarlıq olmadan ona məxsus obyektin qarşısına qanunsuz şəkildə beton piltə yerləşdirib və bu yolla fəaliyyətlərinə süni əngəllər yaratmağa çalışır: “Biz öz dövrümüzdə yaranan təxminən 600 manat civarındakı torpaq icarə vergisini ödəmişik. Lakin bələdiyyə nə rəsmi xəbərdarlıq, nə də məhkəmə qərarı təqdim etmədən, tamamilə qeyri-qanuni şəkildə obyektin girişinə beton piltə qoyub. Biz rəsmi qaydada müraciət edərək bildirdik ki, bu məsələ yalnız məhkəmə yolu ilə həll olunmalıdır. Əgər məhkəmə tərəfindən borc olduğu müəyyənləşdirilərsə, həmin məbləği ödəməyə hazırıq. Bələdiyyə isə konkret bir sənəd və ya hüquqi əsas təqdim etmədən, sadəcə “biz edə bilmərik” deyərək məsuliyyətdən yayınır”.

 

 

“Nümayəndəmiz onların dəvəti ilə bələdiyyəyə getdi, lakin orada ona bildirilib ki, əvvəl borc ödənməlidir, sonra müqavilə bağlanacaq. Biz isə haqlı olaraq tələb edirik ki, əvvəlki borca dair müqavilənin surətini təqdim etsinlər. Əgər yeni müqavilə bağlanacaqsa və həmin müqaviləyə əsasən vergi öhdəliyi yaranacaqsa, biz o ödənişi etməyə hazırıq. Lakin yeni müqavilə də bağlanmır”, -deyə şikayətçi qeyd edib.

 

Ad - 00:28

 


 

H.Rzayevin sözlərinə görə, bələdiyyə son olaraq israrla əvvəlki dövrə və mülkiyyətçiyə məxsus olduğu iddia olunan 3300 manat məbləğindəki borcun ödənilməsini tələb edir: “Bu obyekti mən iki il əvvəl almışam və həmin dövrdən etibarən mənə aid olan bütün ödənişləri vaxtında etmişəm. Borc əvvəlki mülkiyyətçiyə aiddir. Maraqlıdır, əgər bu borc əvvəldən mövcud idisə, niyə qarşı tərəflə bağlı borcun ödənilməsinə dair tədbirlər görülməyib? Niyə mənə rəsmi şəkildə bu barədə məlumat verilməyib? Əgər Nazirlər Kabinetinin və ya Bələdiyyə Nizamnaməsinin hansısa bəndində belə hallarda obyekt qarşısına beton piltə qoyulması ilə vergi tutulması qaydası varsa, biz bu yanaşmanı “alqışlayıb” öz fəaliyyətimizi də bu istiqamətdə qurarıq… Lakin bu tamamilə özbaşına və hüquqi əsası olmayan bir addımdır”.

 

 

H.Rzayev əlavə edir ki, bu yanaşma Sumqayıt şəhərindəki digər ictimai iaşə obyektlərinə, o cümlədən şadlıq evlərinə qarşı da tətbiq olunur. Şikayətçi sonda mətbuat vasitəsilə aidiyyatı dövlət qurumlarına müraciət edərək məsələnin araşdırılmasını və lazımi tədbirləriniə görülməsini xahiş edir.

 


 






Fikirlər