Trampın bir mesajı ilə neft bazarları silkələndi, Tehrandan on minlərlə insan getdi - SON GÜNLƏR YAŞANANLAR
ABŞ Prezidenti Donald Trampın Tehran sakinlərinə paytaxtı tərk etməyi tövsiyə etməsindən sonra on minlərlə insan şəhəri tərk etməyə başladı. Musavat.com xarici mənbələrə istinadən bildirir ki, İran və İsrail arasında yeni raket atışmaları davam edərkən, Vaşinqtonun müharibəyə birbaşa qoşulma ehtimalı da ciddi müzakirə olundu. İsrail ordusu səhər saatlarında iki mərhələli İran raket hücumunun həyata keçirildiyini və Tel-Əviv üzərində partlayış səslərinin eşidildiyini açıqlayıb. Eyni zamanda, İsrail Tehranın cənub-qərbindəki ərazilərin təxliyəsini tələb edib, çünki SEPAH-a (İran İnqilab Keşikçiləri Korpusu) məxsus hərbi obyektlərə zərbələr planlaşdırılır. İran mediası Tehrandan şimal vilayətlərinə çıxış yollarında sıxlıq və yanacağa limitlər qoyulduğunu yazır. Neft naziri Məhəmməd Paknəcad bildirib ki, bu məhdudiyyətlər yalnız ehtiyat tədbiridir və ictimaiyyətin yanacaqla təminatında problem olmayacaq. İranın Rey şəhərində isə çərşənbə günü səhər saatlarında naməlum silahlılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. İsrail tərəfi açıqlayıb ki, gecə ərzində 50 döyüş təyyarəsi Tehranda raket istehsalında istifadə olunan 20-dən çox hədəfi məhv edib. İrandan isə bildirilib ki, hücumlarda ən azı 224 nəfər ölüb, onların çoxu mülki şəxslərdir. İsrail isə İranın atdığı 400 raketdən 40-nın hava müdafiəsini keçərək 24 mülki şəxsi öldürdüyünü açıqlayıb. Bu arada İsrail xaricdə qalan vətəndaşlarını geri qaytarmaq üçün hava körpüsü (airlift) əməliyyatına başlayıb. Qəfil hərbi kampaniyadan sonra minlərlə israilli dünyanın müxtəlif ölkələrində ilişib qalıb. Vaşinqtonun müharibəyə birbaşa qoşulma ehtimalı qlobal bazarlarda silkələnmələrə səbəb olub. İsrailin əsas məqsədi İranın nüvə proqramını sıradan çıxarmaqdır. Lakin Fordo nüvə obyektinin dağ altında yerləşməsi səbəbindən oraya yalnız ABŞ istehsalı olan xüsusi bombalarla zərbə endirmək mümkündür. İç müzakirələrə yaxın mənbə bildirir ki, Tramp və komandası artıq İranın nüvə obyektlərinə qarşı birgə zərbələr də daxil olmaqla bir sıra ssenariləri nəzərdən keçirirlər. Tramp çərşənbə axşamı Netanyahuyla telefonla danışıb və eyni gün 90 dəqiqəlik Milli Təhlükəsizlik Şurasının iclasını keçirib. Tramp “Truth Social” hesabında ard-arda açıqlamalar verib: “Biz Ali liderin harada gizləndiyini dəqiq bilirik. Onu öldürməyəcəyik… hələlik. Amma səbrimiz tükənir”. İran isə cavabında bildirib ki, ABŞ müharibəyə qoşularsa, Amerikanın Yaxın Şərqdəki hərbi bazaları dərhal hədəfə alınacaq. ABŞ kəşfiyyatı bildirir ki, İran bəzi ballistik raket qurğularını hərəkətə gətirib, lakin bu qurğuların ABŞ qüvvələrini, yoxsa İsraili hədəf alacağı hələlik bilinmir. Britaniyanın Baş naziri Keir Starmer Kanadada keçirilən G7 sammitində bildirib ki, ABŞ-ın hələlik birbaşa müharibəyə daxil olacağına dair heç bir rəsmi əlamət yoxdur. İsrailin hava hücumları nəticəsində İran lideri Ayətullah Xameneinin əsas hərbi və təhlükəsizlik müşavirlərinin öldürüldüyü bildirilir. Bu isə qərarvermə prosesində xaotik boşluqlar yaradaraq strateji səhv ehtimalını artırır. İsrail bu müharibəyə İranın kütləvi qırğın silahı hazırlamaq üzrə olduğu qənaətindən sonra cümə günü başlayıb. İran isə nüvə proqramının sülhməramlı və texnoloji inkişaf məqsədi daşıdığını bildirir. Netanyahu İranın nüvə proqramı sıradan çıxarılmayana qədər geri çəkilməyəcəyini deyir. Tramp isə bildirib ki, İsrailin hücumları yalnız İran uranın zənginləşdirilməsinə sərt məhdudiyyətlər qoymağa razılaşsa dayandırıla bilər.
“Mehr” agentliyi yazır ki, həmin şəxslər İsraillə əlaqəli ola bilər və paytaxtın sıx ərazilərində “terror aktları” planlaşdırıblar.
3 dəqiqə sonra isə: “UNCONDITIONAL SURRENDER!” (Qeyri-şərtsiz təslim olun!) – paylaşımını edib.