İlqar Məmmədov İsrail-İran savaşı barədə nələr dedi...
“Əgər İsrail-İran müharibəsinin başlanmasına Tramp özünün məlum strategiyasına uyğun olaraq göz yumub yol veribsə, onda bu raket atışması yaxın gün-həftələrdə sona çatacaq, Tramp özünə Nobel Sülh Mükafatı tələb edəcək”. Musavat.com xəbər verir ki, bu fikirləri REAL Partiyasının keçmiş sədri, hazırda qurumun Siyasi Komitəsinin üzvü İlqar Məmmədov səsləndirib. “Tramp birinci prezidentliyi dövründə Kim Çen In ilə nüvə düyməsinin kimdə daha böyük olması davasını edirdi, axırda adamın əlini sıxıb ona “dostum” dedi. Ziddiyyətləri zirvə nöqtəsinə çatdırıb son anda anlaşma əldə etmək bir üsul kimi çoxdan bəllidir. Lenin deyirdi ki, birləşmək üçün əvvəlcə yaxşıca bölünmək lazımdır. Tramp bu üsulu biznesdə uğurla sınayıb və indi siyasətdə də öz bildiyi kimi sınamaq istəyir. Görək alınırmı? Düzdür, nəticə bu cür olacaqsa, Netanyahu öz vəzifəsini çətin saxlaya - onun koalisiyası tezliklə dağılar. Yox əgər Trampın hazırkı atışma üzərində strateji nəzarəti yoxdursa və o, Netanyahunun məqsədlərinə uyğun hərəkət etməyə borcludursa, onda hərbi əməliyyatların davamı Trampın Amerikadakı seçici bazasına həlledici zərbə vuracaq, yəni Tramp gələn ilin noyabrında aralıq seçkilərini tamamən uduzacaq. Onun MAGA hərəkatı daxilində müharibəyə münasibətdəki ziddiyyətlər çox aydın görünür. Qısası, Tramp və Netanyahunun hər ikisinin eyni zamanda bu atışmalardan qazanmış tərəf kimi çıxması ehtimalı hazırda çox aşağıdır. Görək hadisələrin davamı nə göstərir”, - İ. Məmmədov vurğulayıb.