Sevdiklərinizə təşəkkür edin!

Bu gün də işdən yorğun-arğın gəldiyiniz günlərdən biridir. Ancaq qapını açar-açmaz sizi təbəssüm dolu bir çöhrə qarşılayır. Çantanızı əlinizdən alıb həmişəki yerinə qoyur, mətbəxə keçərkən də “Əl-üzünü yu, çayını gətirirəm”, - deyir. Kresloda yerinizi rahatlayan kimi bir fincan xoş ətirli çay qarşınızda hazır olur. Siz isə bir tərəfdən kanallara göz gəzdirir, bir tərəfdən də çayınızı qurtumlayırsınız. Tamından da bilirsiniz ki, çayda sizin xoşladığınız qızılgül ləçəyi var. Təşəkkür edin, “Çox sağ ol” deyin və əmin olun ki, sizin dəyər verməyiniz qarşı tərəfin bütün yorğunluğunu aparacaq.
Tez-tez belə bir suala rast gəlirik: “Ata övladına təşəkkür etməlidirmi?” Heç tərəddüd etmədən deyirik: “Etməlidir”. Kiçiyin böyüyə təşəkkür etməsi ədəb, böyüyün kiçiyə təşəkkür etməsi təvazökarlıqdır. Valideynindən təşəkkür alan övlad ona dəyər verildiyini bilir, özünü daha ciddi, daha məsuliyyətli aparır.
Yaxşılığa təşəkkürlə cavab vermək insanı yaxşılığa təşviq edir. “Sizə təşəkkür edirəm” deyiminin qarşı tərəfi necə duyğulandırdığını, duyğulandırdığı qədər də onu necə ruhlandırdığını sözlə ifadə etmək mümkün deyil.
Təsəvvür edin ki, qapısını döydüyünüz məmur səhərdən bəri o qədər yorğundur ki, yerindən qalxmağa, yanındakı rəfdən qovluğu götürməyə belə çətinlik çəkir. Üstəlik, kimə görəsə keçirdiyi stress, kimdənsə eşitdiyi acı söz ovqatına soğan doğrayıb. Amma bütün bunlara baxmayaraq, o məmur sizin işinizi həll edir, məsələn, gətirdiyiniz sənədə qol çəkib nömrə qoyur. Bütün bunlardan sonra sizin ona ürəkdən “Təşəkkür edirəm” deməyiniz, inanın ki, onun bütün yorğunluğunu çıxaracaq, stresini aparacaq.
Bəzən bir təbəssüm də təşəkkür ifadə edir. Bir xoş baxışda, bir səmimi mimikada da təşəkkür çalarları tapmaq mümkündür. Təşəkkürü candərdi, başdansovdu ifadə etmək isə elə təşəkkürün özünü hörmətdən salmaq deməkdir.
İnsana təşəkkür mənası daşıyan bir xeyli deyimlərimiz var. Bəzən bir “Sağ ol!”, bəzən bir “Var ol!” deyərək qarşı tərəfə öz təşəkkürümüzü, səmimiyyətimizi bildiririk. Amma bütün bunlarla yanaşı, başqa bir ifadə də var ki, həm də ən şirin, ən səmimi dua yerinə keçir: “Allah razı olsun!”
İnsanın ən böyük qazancı elə Allahın (c.c.) rizası, yəni rəğbəti, razılığıdır. Sən də qarşı tərəfə məhz o şərəfi, o səadəti arzulayırsan, həm də dua şəklində.
İnsanlara təşəkkür edərkən əsl təşəkkür edilməli olanı unutmamalıyıq. Üstəlik, təşəkkür etməli o qədər nemətlərimiz var ki, saymaqla qurtarmaz: Acanda doyunca yeyə bilmək özü də bir nemətdir; ürəyin istəyəndə durub gəzə bilmək özü də bir nemətdir; hər səhər əl-qolunu yelləyə-yelləyə işə gedə bilmək özü də bir nemətdir... Amma bu qədər nemətin fərqinə vara bilmirsənsə, onda sən nemətin və nəhayət, səadətin nə olduğunu bilmirsən.
Ən kiçik, ən adi yaxşılığa belə təşəkkürlə cavab vermək həm o işin bərəkətini artırır, həm də o insanı həmişə yaxşı olmağa sövq edir. Unutmaq olmaz ki, bir insana Allahın (c.c.) verdiyi nemətlərin getdikcə artması həm də o insanın əlində-ovcunda olan nemətlərə şükür etməsindən asılıdır. Bu barədə Qurani-Kərimdə belə buyurulmaqdadır: “Əgər şükür etsəniz, Mən nemətlərimi daha da artıraram” (İbrahim, 14/7).
Allah (c.c.) şükür edənlərə nemətlərini artırdığı üçün gərək insanlar da səmimi təşəkkür edənlərə rəğbətlərini, mərhəmətlərini çoxaldalar.
Verilmiş nemətin qədrini bilməyənə nankor deyərlər. Allaha şükür etməyin ən qısa və ən səmimi ifadəsi “Əlhəmdulillah”, yəni, “Ey məni yaradan, yaşadan və hər cür nemətlər verən Allahım, Sənə Sənin layiq olduğun qədər həmd olsun!” deməkdir.
Murad Məmmədov






Fikirlər