Avropa Məhkəməsi Eldar Həsənovun şikayətinə baxıb - HÖKUMƏT SABİQ SƏFİRƏ TƏZMİNAT ÖDƏYƏCƏK

Avropa Məhkəməsi bugün Azərbaycanla bağlı bir neçə qərarını açıqlayıb.

Məhkəmədən Gununsesi.info-nun elektron poçtuna göndərilən məlumatda bildirilir ki, onlar arasında sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənovun da şikayəti var.

Məhkəmə işi hazırda həbsxanada cəza çəkən ərizəçi Eldar Həsənovun (Azərbaycanın keçmiş (1995-2000) baş prokuroru və Azərbaycanın keçmiş səfiri(2001-2020)) vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dövlət vəsaitini təyinatı üzrə yox, başqa məqsədlə istifadə etmə, çirkli pulların yuyulması, mənimsənilməsi və Azərbaycanın Serbiyadakı səfirliyində törədilən saxtakarlıq cinayətlərinə görə tutulması və məhkəməyə qədər həbs edilməsi ilə bağlı olub.

Ərizəçinin şikayəti Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və təhlükəsizlik hüququna qanunsuz müdaxilə) və 18-ci (məhdudiyyətlərdən istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanırdı. Ərizəçi iddia edirdi ki, onun saxlanılması və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün ağlabatan əsaslar mövcud olmayıb, həbsdəykən ona lazımi tibbi yardım göstərilməyib. Konvensiyanın 34-cü maddəsinə əsaslanan ərizəçi həmçinin, Azərbaycan hökumətinin, Məhkəmənin 39-cu Qaydaya əsasən verdiyi müvəqqəti tədbirlərin görülməsi barədə qərarına əməl etməməklə, onun fərdi şikayət hüququnu pozmasından da şikayət etmişdi.

Məhkəmə bu işdə ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (13 avqust 2020 – 2 iyul 2021 aralığında) və 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddələrinin pozulmasına qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə 9234 avro mənəvi və xərclər əvəzi ödəməlidir






Fikirlər