İran Yaxın Şərqin Çernobılı olmağın astanasında – DƏHŞƏTLİ SSENARİ

Hazırda dünyada gözlər İsrail-İran gərginliyinə dikilib. İranın Natanz və Fordo kimi yeraltı nüvə müəssisələri İsrailin 1 nömrəli hədəfləridir. İsrailin yeraltı müəssisələrə qarşı aqressiv hücumları hələ ki, nəticəsizdir. Atılan bombalar müəssisələrin ayrı-ayrı sahələrini zədələsə də, nüvə sızıntısı qeydə alınmayıb. Bu baş verərsə, İran ərazisində yeni Çernobıl riski ortaya çıxa bilər.

Beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, müharibə zonalarında nüvə obyektləri heç vaxt hədəf olmamalıdır.

Nüvə enerjisindən mülki məqsədlərlə istifadənin tarixi qısa olsa da, ötən müddət ərzində bu texnologiyanın qəzalardan, insan səhvlərindən və gözlənilməz nasazlıqlardan tam sığortalanmadığı üzə çıxdı. 70 illik nüvə erasında Çernobıl, Fukusima, Kıştım, Vindskeyl və Üç Mil adası kimi faciələr var.

İyunun əvvəlində İsrailin zərbələrindən sonra yayılan peyk görüntüləri İranın Natanz nüvə obyektində zədələri ortaya qoydu. Rəsmi Tehran zərərin miqyasını açıqlamır. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatında dəqiq məlumatlar olmasa da, bu hadisə böyük suallar doğurur.

Nüvə münaqişələri artıq real təhlükəyə çevrilibmi? İran növbəti nüvə faciəsinin mərkəzi ola bilərmi?

Hələ ki, bu sual açıqdır.

İranda belə bir sızıntının baş verməsinin ətraf dövlətləri, elə hücumları təşkil edən İsrailin özünü də böyük təhlükə qarşısında qoyacağı şübhəsizdir.

Bu günə qədər baş verən nüvə sızmaları və onların fəsadlarına nəzər salaq. Əksərimiz nüvə sızıntısı deyəndə Çernobılda baş verən faciəni nəzərdə tuturuq. Bundan əvvəl 1957-ci ildə Sovet İttifaqının Mayak zavodunda nüvə sızması olub.

Tarixə Kıştım faciəsi kimi düşən sızma nəticəsində 20 kənd köçürülüb, yüzlərlə insan radiasiyaya məruz qalıb. Lakin bu faciə 10 illər boyu dünya ictimaiyyətindən gizlədilib. Qəzanın miqyası yalnız 1976-cı ildə sovet alimi Jores Medvedevin kitabı sayəsində açıqlandı.

1957-ci ilin oktyabrında Britaniyada baş verən Vindskeyl yanğını isə Avropanın ilk böyük nüvə sızıntısı kimi tarixə düşüb. Faciənin miqyası hökumət tərəfindən illərlə gizlədilib. 1979-cu ildə ABŞ-ın Pensilvaniya ştatında baş verən Üç Mil adası qəzası isə "sakit faciə" idi. Atmosferə az miqdarda radiasiya yayılsa da, insan səhvləri və texniki qüsurlar Amerikanın nüvə siyasətinə ağır zərbə vurdu. ABŞ 30 ildən çox yeni reaktor tikməyə cəsarət etmədi.

1986-cı ilin aprelində Ukrayna ərazisində, Çernobılda Atom Elektrik Stansiyasında partlayış baş verib. Bu partlayış dünya nüvə təhlükəsizliyinə ağır zərbə vurub. 350 min insan doğma yurdlarını tərk etməyə məcbur olub. Radiasiya Avropaya qədər yayılıb. Həmin faciə təkcə texniki deyil, həm də siyasi fəlakət idi. Məxfi rejim səbəbindən dünya təhlükədən gec xəbər tutdu.

2011-ci ilin martında Yaponiyada baş verən zəlzələ və sunami nəticəsində Fukusima Daiiçi AES-də reaktorların soyutma sistemi sıradan çıxdı. 3 reaktorun nüvəsi əridi. Dənizə və atmosferə yayılan radiasiya dünya ekosistemini təhdid etdi. 160 min insan evakuasiya edildi. Reaktorların istismardan çıxarılması bu gün də davam edir.

Bütün bu məlum fəlakətlər fonunda mütəxəssisləri daha çox məhz bilinməyən, sənədləşdirilməmiş, yavaş və səssiz sızmalar narahat edir. Soyuq müharibə dövründə ABŞ-ın Ok Ric laboratoriyası, Sibir və Qazaxıstandakı sovet müəssisələri bu cür gizli hadisələrlə dolu idi. 2017-ci ildə Avropada rutenium-106 hissəcikləri qeydə alındı, amma bu radiasiyanın mənbəyi hələ də məlum deyil. Ən böyük təhlükə isə odur ki, bu cür sızmalar "partlayış effekti" ilə deyil, illərlə yığılaraq, suyu, torpağı, havanı zəhərləyərək insan həyatını məhv edə bilir.

Beynəlxalq Atom Enerjisi Agentliyi dünya dövlətlərini nüvə ilə bağlı riskləri vaxtında açıqlamağa çağırır. Çünki yeni dövrün ən böyük nüvə təhlükəsi nə bomba, nə raketdir. Səssiz və gizli radiasiya sızmalarıdır. Əks halda dünya 1986 və 2011-ci illərin dəhşətini 2025-ci ildə İran mərkəzli olmaqla yenidən yaşaya bilər. /Musavat.com






Fikirlər