AZƏRBAYCAN ELMİ: HARA GEDİR? - Xalid Niyazov yazır
Xalid NİYAZOV, Əməkdar jurnalist, Siyasi elmlər doktoru “Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər”. Emil Zolya Çağdaş dünyada elmi-intellektual potensial davamlı inkişafın əsas meyarına çevrilmişdir. Təcrübə göstərir ki, iqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində qurmaqla dövlət quruculuğu prosesində innovativ yeniliklərə istinad edən ölkələr milli tərəqqiyə nail olur, iqtisadi, sosial və intellektual inkişaf müstəvisində rəqabətə davam gətirirlər. İqtisadi modernləşmə və demokratikləşməni təmin edən mühüm amillərdən biri də məhz elmin, təhsilin, rəqəmsal texnologiyaların inkişaf səviyyəsinin durmadan yüksəldilməsi yolu ilə güclü insan kapitalının formalaşdırılmasıdır. Həzərat, bizə elm lazımdırmı? Ritorik sualdır. Dəyərlərin dəyər itirdiyi, mənəviyyatın artefakta çevrildiyi, gödəniyyətin mədəniyyəti üstələdiyi, inkişafın lokomotivi kimi yüksək bilik əsaslı iqtisadiyyatı və yüksək texnologiyaları deyil, xammal əsaslı, idxala hesablanmış iqtisadi modeli prioritet sayan, əsas yaşam aləti olan pulun biliklə, əqli-intellektual zəhmətlə, başla deyil, “daş-başla” əldə olunmasını leqallaşdıran və təqdir edən cəmiyyətlərdə bu sualın birmənalı cavabı vardır – Yox! Ola bilsin ki, bunu ucadan söyləmirlər, hətta cəmiyyətin ən zavallı kəsimi sayılan alim-ziyalılarla görüşlərdə 180 dərəcə “reverens” edib yüksək materiyalardan “dəm vururlar”. Amma və lakin ağıllı, düşünən, dünyagörüşlü, savadlı rəiyyət “samodur” idarəçilərin “başının daşı”, tənqidçisi olduğu üçün bu təbəqəyə bir qayda olaraq “sinfi-antoqonist” nifrət bəsləyirlər. Bu, bütün zamanlarda və qeyri rasional inkişaf yolu seçmiş ölkələrdə belə olub. Heyif deyilmi bir parça çörəyə möhtac xalq?! Söylənənlər, sosial-fəlsəfi olmaqla qalmayıb həm də qayət obyektiv-gerçək bir yanaşmadır. Zamanında istər Qərbdə, istərsə də Şərqdə cəhaləti, mənhusluğu, tənəzzülü təbliğ və himayə edən, dinin həm felən, həm də ruhən həqiqi anlamını, ali təyinat və məqsədini inkar edib sxolastikaya, cəhalət girdabına yuvarlayan kilsə və molla zehniyyəti elmi inkar etmiş, onun bəşər sivilzasiyasına bəxş etdiyi töhfələri danmış, elm və irfan adamlarını şaqqalayıb odlara yaxmışdır. Kopernikin heliosentrik modelini müdafiə etdiyinə görə Qalileyi kim təqib edirdi? Cordano Brunonu, Migel Servet, Etyen Dole, Djulio Çezare Vaninini və başqalarını niyə yandırdılar, qətl etdilər, asdılar?! Ptolemeyin nümayəndəsi olduğu İsgəndəriyyə elmi məktəbi 640-cı ildən sonra ərəblər tərəfindən bu şəhərin işğalı zamanı məşhur İsgəndəriyyə kitabxanasının yanması ilə süqut etdi. 1428-ci ildə Əmir Teymurun nəvəsi və Teymurilər sülaləsinin başçısı olan Uluqbəy tərəfindən tikilmiş observatoriya ölümündən sonra dini fanatiklər tərəfindən yerlə yeksan edildi. Bu siyahını uzatmaq da mümkündür, eynilə zaman proyeksiyasını günümüzədək uzatmaq kimi. Bəli, elm cəmiyyətə bəşəri dəyərlər, yeni kəşflər, rasional düşüncə sistemi gətirdiyinə və məhz seçilmişlərin “fəaliyyət sahəsi” olduğuna görə müxtəlif qüvvələr tərəfindən bəşər tarixinin İntibah dövrünə qədər çox ciddi şəkildə təqib olunmuşdur. Nə qədər təəccüblü olsa da eyni zehniyyət sahibləri XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda da peyda olmuşdular. Dünya elm xəzinəsinə qədərincə düha bəxş etmiş bir ölkədə hakimiyyətdə olduğu bir il ərzində elm naminə barmağını-barmağına vurmamış bir “cəbhə” iqtidarı Elmlər Akademiyasını ləğv etmək barədə düşünürdü. Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin tarixi qayıdışı Azərbaycanın elm məbədini “milli Herostrat”ların cinayətkar qəsdindən xilas etdi. AMEA-nın 2011-ci il aprelin 26-da keçirilmiş illik yığıncağında çıxış edən Prezident İlham Əliyev həmin günləri xatırlayaraq deyirdi: “... Azərbaycan müstəqilliyə qovuşanda isə müxtəlif fikirlər var idi. Hətta, - siz yəqin ki, bunu yaxşı xatırlayırsınız, - 1992-ci ildə akademiyanın ləğvi barədə, bağlanması haqqında təkliflər irəli sürülmüşdür. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, akademiyanın taleyi çox acınacaqlı ola bilərdi. Məhz Heydər Əliyevin Azərbaycan elminə bütün dövrlərdə göstərdiyi diqqət və qayğı nəticəsində elmin inkişafı sürətlə aparılırdı”. Maqaqlıdır, yaxud təəccüblüdür, deyə bilmərik, ancaq faktdır ki, tarixən elmlə kasıblar deyil, əsasən zəngin adamlar məşğul olmuşlar. Bu da təbiidir. Çünki yalnız imkanlı təbəqənin yaxşı təhsil almaq, zamanında heç bir maddi nemət yaratmayan elmlə məşğul olmaqla ailəsini saxlaya bilmək imkanı vardı. Dövran dəyişdikcə bu iş varlı meqapolislərin, müasir dövrümüzdə isə zəngin ölkələrin prioritetinə çevrilmişdir. Əslində, yalnız imkanlı insanlar gündəlik ailə-məişət qayğılarını “unudaraq” “Əşyaların təbiəti haqqında” fəlsəfi düşüncələrə dalmağı özlərinə rəva görə bilərlər. Gəlin, bu gün elmin inkişaf etdiyi coğrafiyanı nəzərdən keçirək; Qərbi Avropa, Uzaq Şərqdə ötən yüzilliyin 70-80-ci illərində sənayeləşmədən sürətlə bilik iqtisadiyyatına keçən Yaponiya, üçüncü minilliyin fenomenlərindən Cənubi Koreya, Sinqapur, Hindistan, Çin... okeanın o tayında ABŞ, Braziliya. Bu sırada Afrika boyda nəhəng bir qitədən neçə ölkənin adını çəkmək mümkündür? Yoxsulluq və səfalət girdabında boğulan, əhalisinin əksəriyyətinin bir qarın çörəyə möhtac olduğu bir coğrafiyada ciddi elmi araşdırmalardan və kəşflərdən bəhs etmək yəqin ki, ən çılğın təxəyyülün belə qarşısında aciz qaldığı reallıqdır. Günümüzün elmi özündə nələri ehtiva edir? Bu meydanda təkbaşına mücadilə vermiş Tusi, əl Biruni, Bruno, Lomonosov, Faradey, Maksvell və başqalarının dövranı artıq geridə qalıb. Müasir elm dövlət büdcəsindən ayrılan az sayılmayacaq vəsait hesabına fəaliyyət göstərən böyük alimlər kollektivi, müasir qurğu və avadanlıqları olan təcrübə-sınaq zavodları və laboratoriyalar deməkdir. Müasir “elmi sistemlərin” formalaşması sahəsində əldə edilən nailiyyətlər artıq lokal coğrafiyaları aşaraq bir neçə dövlətin və transmilli sənaye nəhənglərinin büdcə vəsaitlərinin təmərküzləşməsi hesabına baş verir. Və elə təkcə bu fakt onu göstərir ki, artıq yeni biliklərin əldə edilməsi yönündə çəkilən xərclər ayrılıqda götürülmüş bir ölkənin imkanları xaricindədir. Heç şübhəsiz, yüksək bilik məhsulunun yetişdirilməsi münbit təhsil mühitindən və insan kapitalından asılıdır. Bizdə bu işlə müxtəlif agentlik, idarə və fondların konqlomeratı qismində çıxış edən nəhəng bir nazirlik məşğul olur. Bəs necə olur? - Daha yaxşı ola bilərdi! “Bütün yollar Romaya aparır” Bilənlər bilir, amma bu ifadənin necə yarandığından hali olmayanlar üçün söyləyim ki, Qədim Romanın əraziləri daha çox işğalçı yürüşlər hesabına genişləndiyinə görə mərkəzlə, belə demək mümkünsə, kommunikasiyanı saxlamaq məqsədilə yeni yollar salınırdı. Yəni, hara üz tutduğundan asılı olmayaraq, yol səni mütləq gətirib paytaxta çıxaracaqdı. Coğrafi və tarixi mənasından savayı həmin aforizmin bir də metaforik mənası vardı. Belə bir, ilk baxışda yad narrativin mövzumuza nə dəxli var?! Məsələ ondadır ki, elmin də bir enişli-yoxuşlu, kəşməkeşli yolu var və həmin yol mütləq təhsildən keçir – orta məktəbdən başlayıb ali təhsil müəssisələrində davam edir. Elmi biliklərin aşılanması və qavranılması prosesi məktəb siniflərində başlayıb universitet auditoriyalarında davam edir. Sabahın potensial aliminin beyninin yoğrulub, rəndələnib, cilalanıb elmi mücadiləyə hazırlanması prosesinə tam nəzarət müəllimlərin əlindədir. Bəs təhsil həmin ali vəzifənin öhdəsindən gələ bilirmi? - Ölkənin təhsil təsərrüfatı qənaətbəxş vəziyyətdə deyil – desək, yəqin ki, nə kimsəni təəccübləndirə, nə də orijinal görünə biləcəyik. Hər şey göz önündədir. Adamın imkanı olsa iki dənə yekə, güllü, xovlu məhraba götürüb hərəsini bir gözünə tutar. Əfsuslar olsun ki, başqa dövlətlərin milli ideya səviyyəsinə qaldırdığı bu arxivacib məsələ bizdə üç-beş təhsil “başbiləninin” hobbisi səviyyəsində “həll edilir”. Piramidanın başında kimlər durub? – Əlində jurnal bircə dəfə sinifə yaxud auditoriyaya daxil olmayanlar, elmi məqalənin nə demək olduğundan, necə yazıldığından bixəbərlər, tay-tuşları kitabxanalarda gözlərinin ağını əridəndə curları ilə “tusovkalarda” vaxt keçirənlər və s. Bu da tarixi gerçəkliyin bir ironiyasıdır ki, aktual nazir istisna olmaqla akad. Misir Mərdanovdan sonra ölkə təhsilinə alim-pedaqoqlar deyil, qeyri ixtisas sahibləri başçılıq ediblər... Və buraxdıqları “miras” hələ də göz dağlayır. Orta məktəb təhsili, demək olar ki, “repetitor” sənayesinin inhisarındadır. Bir müəllimin sinifdə öyrətmədiklərini bir başqası fərdi qaydada öyrətməyə çalışır. Bütöv bir klaster yaradılıb. Günah tək məktəbdədirmi? Xeyr, həm də mentalitetdədir. Valideyn fikirləşir ki, ayda büdcəsindən bəlli bir miqdar xərcləməklə övladının daha yaxşı təhsil almasına dəstək verir. Ortada pulu gedən valideyn, canı, əsəbi və vaxtı gedənsə məktəblidir. Səbəb? - Məktəbin məsuliyyətsizliyi, şagirdinsə laqeydliyi! Müəllimin vəzifəsi keyfiyyətli dərs keçmək, şagirdin borcu isə öyrənməkdir. Həmin zəncirvari tsikl pozulubdur. Ölkədə bir tərəfdə vətəndaşların ödədiyi vergi əsasında formalaşan dövlət büdcəsindən milyardların ayrıldığı leqal təhsil nazirliyi var, digər tərəfdə isə həmin vətəndaşların qonorarı hesabına fəaliyyət göstərən paralel təhsil özfəaliyyəti. Həmin strukturlardan məhz hansının qalmalı olduğunun məqsəduyğunluğu barədə düşünən olubmu? Nazirliyin “innovativ islahatlar” zənbilində bu sualın cavabı, yaxud alternativ təklifləri varmı? Unutmaq olmaz ki, məktəblərdə illərlə nəhəng, peşəkar və vicdanlı bir müəllim kontingenti də formalaşıb və onların zəhmətini danmaq olmaz. Bu günlərdə təhsil nazirinin müavini F.Qurbanov “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi zamanı çıxışında belə bir faktı səsləndirdi ki, son 10 il ərzində Azərbaycan məktəbliləri beynəlxalq elmi yarışlarda 513 medal qazanıblar... 2025-ci ilin hələ ortasında olmağımıza baxmayaraq, artıq 30 medal qazanılıb. Bu medallardan 4-ü qızıl, 7-si gümüş, 19-u isə bürünc olub. Eləcə də məktəblilərimizin bu il Avstraliyada, Cənubi Amerika, Avropa, Asiya ölkələrində, eləcə də Boliviyada keçiriləcək beynəlxalq fənn olimpiadalarında iştirak edəcəyi vurğulanıb. Həqiqətən, qürurverici faktdır! Dünyanın “top onluğ”unda yer tutmuş, eləcə də digər nüfuzlu universitetlərində təhsil haqqı qazanmış tələbələrimiz də az deyil. Onları da bizim müəllimlərimiz yetişdiriblər. Sadəcə bir “əmma” ilə – məktəb divarları arasındamı, yoxsa repetitor kimi. Təhsilin ikinci və daha məsuliyyətli və taleyüklü mərhələsi ali təhsildir. Elmi qavrayışlar, biliklər ali təhsil müəssisələrinin iyerarxiyasıdır. Auditoriya və laboratoriyalarda tələbələrin görkəmli alim-müəllimlərlə, elmlə ilk ünsiyyəti, təması nəticə etibari ilə perspektivdə yeni bir alim nəslinin yetişməsinin rəhni sayıla bilər. Ölkədə ənənəsi, görkəmli məzunları ilə tanınan universitetlər mövcuddur – öndə, təbii ki, bütün zamanlarda Azərbaycan ali təhsilinin flaqmanı sayılan Bakı Dövlət Universiteti gəlir. Son illər ADA, UNEÇ, Neft və Sənaye, Texniki universitetlər də ən fərqli indikatorla üzrə müəyyən uğurları ilə fərqlənirlər. Ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan QS-nin (Quacquarelli Symonds) dünyanın 1000-dən çox universitetinin yer aldığı sonuncu reytinq cədvəlində Azərbaycanın yalnız bir universiteti yer alıb – Bakı Dövlət Universiteti dünyanın ən yaxşı 951-1000 universitetinin sırasına daxil olub. Sonrakı yüzlüklərdə isə ADNSU və UNEC qərarlaşıb. Bakı Dövlət Universiteti həmçinin davamlılıq reytinqində də əhəmiyyətli irəliləyişlərə nail olmuşdur. Açıq məlumat mənbələrində göstərilir ki, “Times Higher Education” (THE) reytinqində də ölkə universitetləri ilk dəfə bir sıra kateqoriyalar üzrə təmsil olunmuşlar. Həmin reytinqdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti dünya üzrə ilk 1500 + intervalında yer almışlar. THE-nin sahəvi reytinqlərində Bakı Dövlət Universiteti fizika, təbiət elmləri və mühəndislik istiqamətləri ilə təmsil olunur. Elə bu günlərdə BDU daha bir elmmetrik pozisiya üzrə ölkənin bütün ali məktəblərini qabaqlayıb. “THE İMPACT 2025” reytinqində Bakı Dövlət Universiteti 401-600-cü reytinq sırasında qərarlaşıb. Universitetlərin sahəvi reytinqlərdə yer tutması bir sıra indekslər üzrə həyata keçirilir. Ali məktəblərin təhsil və elmi araşdırmaların keyfiyyət səviyyəsinin təmin edilməsi və artırılması vəzifələrinin fövqündə digər amillər də mövcuddur ki, bu da həmin müəssisələrin yalnız tanınmış alimlər, akademiklər tərəfindən deyil, eyni zamanda bacarıqlı, çevik, savadlı elm təşkilatçısı və idarəçiləri tərəfindən yönəldilməsininin vacibliyini və məqsədyönlüyünü labüd edir. Təhsilin problemi çoxdur. Və bəri başdan deyək ki, onların hamısı həll olunandır. Bu barədə ölkənin aparıcı təhsil mütəxəssislərindən prof. Şahlar Əsgərov, dos. İlham Əhmədov və başqaları müntəzəm olaraq deyirlər, yazırlar, göstərirlər. Amma hal bu ki, ağıllı söz öz ünvanına yetişmir. Cılız “eqo”çuluq, kəsafət və ətalət, miskin ambisiya davaları nəticə etibarı ilə bir ölkənin təhsil təsərrüfatında öz mənfi təzahürlərini göstərməkdədir. Aidiyyətli nazirlik bu istiqamətdə rasional, radikal və konstruktiv xarakterli səylərini bir qədər də artırmalıdır. Bəs nə etməli, nədən başlamalı? Qayıdaq elmə. Azərbaycan Prezidenti İlham Əliyev Elmlər Akademiyasındakı məlum çıxışında söyləmişdi ki, ölkənin əsas elm müəssisəsində Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir. ... Hesab edirəm ki, Elmlər Akademiyası bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir. Bəli, Azərbaycan Elmlər Akademiyası bütün zamanlarda dünya elminə çöx gərəkli, sanballı töhfələr vermişdir. Lakin elmə məmur təfəkküründən, özünün “arxa bağça”sı kimi baxan R.Mehdiyevin rəhbərliyi dövrü bu elm ocağının qəddini əydi, elm öz yerini bürokratiyaya dövr etdi, hər şey sovetlərin məşhur “zastoy” dövründə olduğu kimi vitrinə, “pokazuxa”ya, göz boyamağa hesablanmışdı. AMEA-nın dəhlizlərində “37-ci il” rüzgarı əsirdi. İctimai əxlaqsızlıq, elmi falsifikasiya, vəzifə təyinatlarında korrupsiya, vicdanlı alimlərin təqib edilməsi, ləyaqət və elmi kapasitədən məhrum institut direktorlarının himayə edilməsi əsas iş prinsipinə, fəaliyyət qayəsinə çevrildi. Və bütün bunların nəticəsi kimi Akademiyanın sonrakı prezidentinə mərtəbəsinin üstünə mərtəbə inşa edilmiş bir elm binası deyil, təməli laxlamış, radikal rekonstruksiyaya ehtiyacı olan bir təsərrüfat “miras” qaldı. Respublikanın elm ictimaiyyəti AMEA-nın aktual prezidenti akad. İsa Həbibbəylini böyük alim və son dərəcə enerjili insan, maraqlı ideyaları, elmi innovasiyaları dəyərləndirən və dəstək verən bacarıqlı elm və təhsil təşkilatçısı kimi tanıyır. O, dörd çağırış AR Milli Məclisinin deputatı olmuş, Elm və təhsil komitəsinin sədri kimi “Elm haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” qanunları hazırlamışdır. Yəni elm və təhsil işinin əsil xiridarıdır. Hamı əmin idi ki, akad. İ.Həbibbəyli qədim yunan tarixçisi Diodorun təbirincə ifadə etsək, bu qurumun “Avgi tövlələrini” açıb əməlli-başlı iməcilik keçirəcək. Və ötən dövrdə elmi tədqiqatların effektiv koordinasiyası, institutlar arasında faydalı əməkdaşlıq formatlarının yaradılması, ən müxtəlif elm sahələrində dəqiq və real perspektiv vəd edən priortetlərin müəyyənləşdirilməsi, elmin populyarlaşdırılması istiqamətində konkret işlər həyata keçirildi. Könül istərdi ki, bu fəaliyyət bütün akademiya sistemini əhatə etsin, zira, Akademiya prezidentinin qətiyyət və potensialı buna imkan verirdi. Amma və lakin akademiya parçalanmışdı. 2022-ci il 28 iyul tarixində Elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1769 nömrəli Fərmanı işıq üzü gördü. Həmin Fərmanın icrası olaraq Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda olan 66 elmi müəssisədən 37-si Elm və Təhsil Nazirliyinin, 3 müəssisə Mədəniyyət Nazirliyinin tabeliyinə verildi, 26 müəssisə isə Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda qaldı. Təhsil sferasında düz-əməlli uğuru olmayan bir quruma ölkənin ciddi elm potensialının da etibar edilməsi elmi dairələrdə günəşli havada qəfil şimşək effekti yaratdı. Əslində, fərman dünyada formalaşmış təcrübə kontekstindən çıxış etdiyi üçün müsbət addımdır. Eyni təşkilati forma qonşu ölkələrin bəzilərində də keçərlidir. Məsələn, Rusiya, Ukrayna və Gürcüstanda təhsil və elm nazirlyi, Qazaxıstanda elm və təhsil nazirliyi ilə yanaşı maarif nazirliyi, Belarusiyada təhsil nazirliyi, Özbəkistanda ali təhsil, elm və innovasiya nazirliyi (məktəb və məktəbəqədər təhsil nazirliyi ayrıdır) fəaliyyət göstərir. Quruluş forması o zaman elə bir ciddi, kardinal əhəmiyyət kəsb etməz ki, həmin iyerarxiyanın təpəsində təmsil olunmuş şəxslər elmə “sən” deyə müraciət edə biləcək məsafə və səviyyədə olsunlar. Səmimi olaq və etiraf edək – biz o sarıdan yarıyanlar cərgəsində deyilik. Bəli, elm və təhsilin taleyindən yana məsul olan nazir – Emin Əmrullayev gəncdir, enerjilidir, təhlil qabiliyyəti güclüdür, məlumatlıdır, qayət səmimidir, özünəvurğunluq azarından məhrumdur; çıxışlarında tənqid notları kifayət qədər barizdir, bəzi “portfelli” həmkarlarından fərqli olaraq neqativləri ört-basdır etməklə deyil, üstünə getməklə, qabartmaqla fərqlənir... Amma elm adamı deyil, meneceri heç deyil. Gözləmək olardı ki, sonradan özünə elm camiəsinə bələd, bu sahənin nüfuzlu isimlərindən birini müavin təyin edəcək. Ancaq təəssüf ki, müavinləri elmdən uzaq (yalnız F.Qurbanovun iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent ünvanı var - !), elmlə tanışlığı bakalavr üstəgəl magistr təhsilindən o tərəfə adlamayan şəxslərdir. Bu yerdə, necə deyərlər, Kərəmi ağlamaq tutsun-tutmasın?! Nazirlik elm adlı ağır eşelonu çəkməkdə çətinlik çəkir. Dəqiq, fundamental, təbiət elmlərinin, yəni real sektora töhfə verəcək, dəyər yarada, ÜDM-in formalaşmasında iştirak edə biləcək bir sektorun məsuliyyətinin bu sahədə heç bir təcrübəsi olmayan bir quruma həvalə edilməsi hələlik heç bir perspektiv vəd etmir. Çünki elm statik bir sahə deyil, dinamkanı sevir. Bu seqmentə ideya basqını olmalıdır, həmin “təcavüz” hökmən öz maliyyə qarşılığını tapmalıdır, ideyaların generasiyası ilə məşğul olan alim ləyaqətli məvacib almalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının bölünməsi məsələsinin zərurəti, fəlsəfəsi, bu ideyanın müəllifinin kimliyi, məntiqi yaxud məntiqsizliyi, vəd etdiyi perspektivlərin reallığı yaxud irreallığı və s. barədə hər hansı bir mühakimə yürütmək fikrindən uzağıq. Zira, olan-olub, qapılar bağlanıb, qatar da fit çala-çala gedib. Təsəvvürünü etmək belə adamı vahimələndirir ki, tanınmış, ölkə ilə, dünya ilə bir ad-şanı olan titullu professor və akademiklərə ən yaxşı halda magistr təhsilli adamlar rəhbərlik edəcəklər. Təbii, elmimizin gələcəyi ilə bağlı hər nə qədər pozitiv dalğalara yüklənmək istəsək belə, yenə də respublikanın bu ali elm məbədinin, intellektual qərargahının taleyi vətəndaşı əndişələndirməyə bilmir. İstənilən halda aldığı cüzi məvacib müqabilində bir alim-vətəndaş şücaəti göstərərək elmlə əhd-peymanını pozmayan, normal dolanışıq üçün elmin “daşını” atıb Sədərəkdə tuman-köynək satmağa getməyən fədakar alimlərimizin varlığı bizi optimizmə kökləyir, hər şeyin daha yaxşı olacağı ilə bağlı ümidlərə dirilik verir. Günümüzdə, təbiri caizsə, klassik Akademiyanın nəzdində Fərmandan da göründüyü kimi, yalnız 26 elmi müəssisə qalmışdır. Əksəriyyəti ictimai-humanitar profilli tədqiqat institutlarıdır. Müasir qloballaşma, yüksək texnologiyalar dövründə xalqın etnik identikliyini şərtləndirən mənəvi-mədəni dəyərlərin qorunub-saxlanmasıda, milli humanitariyanın ideya əsaslarının, ictimai şüura təsir edən effektiv humanitar texnologiyaların işlənib hazırlanmasında, milli mədəni-mənəvi oriyentasiya məsələlərinin müəyyənləşdirilməsində ictimai və humanitar elmlərin geniş imkanlarının səfərbər edilməsi vacibdir. Həmin elmlər hər zaman cəmiyyətdə milli birliyi və milli özünüdərki təmin etməklə dövlətin suverenliyinin və milli təhlükəsizliyin qarantı olan mənəvi immuniteti, həmçinin, ölkənin dayanıqlı inkişaf konsepsiyasının əsasını təşkil etmişlər. Və bu gün Elmlər Akademiyasının çox dəyərli, tanınmış alim kollektivlərinin təmsil olunduğu həmin elmi-tədqiqat institutlarının cəmiyyətdəki ictimai fikrin təşəkkül və inkişafında, mənəvi-estetik dəyərlərin formalaşmasıda, ədəbi-fəlsəfi görüşlərin ölkənin müasir inkişafında yerinin və rolunun təsbit olunmasında müstəsna rolu vardır. Rəhmətlik Sabir ... zamanında yazırdı ki, adəmi adəm eyləyən parədir. Təkzibi mümkünsüz gerçəklikdir! Bəzən belə bir fikir eşidirik ki, elm qocalır. Bəli, elmə yeni qan lazımdır. Kimin hesabına olmalıdır? Təbii ki, gənclərin! Amma gənclər “donor” olmaq istəmirlər. Birmənalı! Niyə? Çünki alim maaşı ilə ev saxlamaq, ailə dolandırmaq, xeyir-şərə yaramaq, uşaq oxudub böyütmək mümkün deyil. Elm ölkədə lazımsız, urvatsız, nüfuzsuz bir sahəyə çevrilib. Bəlkə də planlı, düşünülmüş şəkildə! Elmə elmin hansı “əllə yeyildiyini” bilməyənlər rəhbərlik edəndə başqa nə cür olasıdır ki?! Ömrünü elmə həsr etmiş elmlər doktoru, professor akademiyada 700-800 manat maaş alır. Hər kəsin cəmiyyətdəki yerinin, əhəmiyyətinin, eləcə də rifahının maaşındakı sıfırların sayı ilə ölçüldüyü bir vaxtda həmin rəqəmin necə alçaldıcı bir ismarıc, göstərici olduğunun fərqindəmisiniz, həzərat?! İllah ki, bu ölkəyə alim, ziyalı deyil də “podratçı”, “tenderçi”, evtikən, qısası isfəndiyarlar, ibrahimlər, ramazanlarmı lazımdır?! Millət vəkili Ə.Ələkbərov 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı öz narahatlığını bu cür dilə gətirmişdi: “AMEA-da elmi işçi vəzifəsində çalışan gənc alimlər müxtəlif dərəcələrlə 400 manatdan bir az çox əməkhaqqı alırlar. Halbuki ölkədə bu il üçün nominal orta aylıq əməkhaqqı 925.3 manat, paytaxtda isə 1000 manatdan yuxarıdır. Yəni paytaxtda yaşayan alim orta aylıq əməkhaqqının 1/3-i qədər maaş alır. Doğrudanmı bu maaşla gənclərimizi elmə gətirmək istəyrik?! Doğrudanmı güman edirik ki, bu qədər əməkhaqqı ilə alim elmlə məşğul olacaq?!” Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deputat Ə.Məsimli elmin maliyyələşdirilməsi ilə bağlı vətəndaş mövqeyini açıqlayaraq faktlara müraciət etmişdir: “Hesabat ilində elm xərcləri ÜDM-in 0,16 faizini, dövlət büdcəsi xərclərinin isə 0,5 faizini təşkil edib. Elmə ayrılan vəsait bu sahə üzrə iqtisadi təhlükəsizliyin kritik həddindən 12 dəfə azdır. Elmi işçilərin əksəriyyətinin maaşları isə çox a?