“Bu gün Azərbaycan birmənalı olaraq ədalətin, Ukraynanın yanında olmalı, eyni zamanda...”

“Bu gün Azərbaycan birmənalı olaraq ədalətin, Ukraynanın yanında olmalı, eyni zamanda...”

“...Öz mübarizəsini də aparmalı, Rusiya ilə, onun hazırda Qarabağda – torpağımızda olan “sülhməramlı” adlanan hərbi qüvvələri ilə bağlı konkret mövqe ortaya qoymalıdır...”
 

 

“Həmin əcaib hadisələr o zamankı hökumətimizin yanlış siyasətinin nəticəsi idi... Bilirsiz ki, o vaxt SSRİ-də çox az müttəfiq respublika rəhbərliyi “QKÇP”-ni müdafiə etmişdi. Təəssüf ki, onlardan biri də Azərbaycan hökuməti idi. O zaman 3 gün sonra nə baş verəcəyini hesablaya bilməyən bir hökumətimiz var idi.  Bu cür yanlış siyasətin nəticəsi olaraq hökumətin həm o vaxtkı milisi, həm də mülki formada olan, ancaq rəhbərləri deputat mandatı daşıyan təşkilatlanmış qoçu dəstələri demokratik qüvvələrin qərargahına hücum etmişdi. Həmin hücum zamanı AXC sədri Əbülfəz Elçibəy və başqaları da yaralanmışdı.”
 
Bunu Moderator.az-a açıqlamasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamənin qəbulundan təxminən 10 gün öncə Moskvada məşhur “QKÇP” olayı baş verməsindən,  nəticədə SSRİ-ni mühafizə edib saxlamaq istəyən qüvvələr məğlub olmasından və bundan 3 gün sonra  Bakıda  AXC-nin Nərimanov heykəli yaxınlığındakı qərargahına hücumdan bəhs edən Klassik Azərbaycan Xalq Cəbhəsinin sədri, istiqlalçı millət vəkili Mirmahmud Mirəlioğlu danışıb.
 
“Səhv etmiriksə, AXC qərargahına bəhs edilən hücum zamanı siz də xəsarət almışdınız, hə?” sualına cavabında keçmiş milli azadlıq hərəkatı fəalı bunları söyləyib:
 
“Yox, mən xəsarət almamışdım. Həmin hücum ərəfəsində “Sovetski”də yerləşən həmin qərargahda idim. Ancaq son anda rəhbəri olduğum AXC Sumqayıt şöbəsində gözlənilən mitinqdən öncə hansısa təxribatların qarşısına almaq məqsədi ilə rəhbərliyin də razılığıyla Sumqayıta qayıdası oldum...
Zaman da göstərdi ki, Azərbaycan hökumətindən fərqli olaraq biz doğru yol tutmuşuq. Çünki Bakıda olduğu kimi, Moskvanın özündə də demokratik qüvvələr başda olmaqla əksəriyyət həmin “QKÇP”-ni tanımadı və SSRİ-nin saxlanmasına imkan vermədilər.  Bunun da nəticəsində az sonra SSRİ tarixin zibilliyinə gömüldü” 
 
“O zaman SSRİ adlı Rusiya imperiyası çökmək üzrə idi və Azərbaycandakı hakimiyyətin bununla bağlı mövqeyi, dediyiniz kimi, demokratik qüvvələr tərəfindən bəyənilmirdi. İndi də oxşar situasiya peyda olub.  Diktator Putin ordusunun Ukraynaya haqsız və amansız təcavüzündən sonra artıq Rusiya imperiyasının bütövlükdə məhv olması şansı yaranıb. Sizcə, Azərbaycan bu proseslərdə necə mövqe sərgiləməlidir?” sualını cavablandırarkən isə partiya sədri belə deyib:
 
“Bəli, hesab edirəm ki, müqayisəniz uyğundur. Vəziyyət o vaxtkına bənzərdir. Amma bir az fərqli cəhətləri  dəçoxdur. Fərq daha çox ondan ibarətdir ki, bu gün qudurğan Rusiya imperiyası artıq öz qudurğanlığını, özbaşınalığını, vəhşiliyini bütün dünyaya isbat etdi. Yəni əgər keçmişdə Rusiya imperiyası Çar Rusiyası və Sovet İttifaqı olaraq “xalqlar həbsxanası” kimi əsasən Qafqaz, Orta Asiya xalqları üçün öz vəhşi simasını göstərirdi. Bu gün isə birbaşa artıq müstəqil bir Avropa ölkəsi olan Ukraynaya təcavüz etməklə bütün dünyaya qarşı çıxan Rusiya öz çirkin və azğın mahiyyətini bütövlükdə bəşəriyyətə nümayiş etdirdi. Və yalnız bütün Qərb, bütün dünya daha qətiyyətli şəkildə Ukraynanın arxasında dayanacağı təqdirdə Rusiya daha tez bir zamanda bu savaşda məğlub edilə və tarix səhnəsindən bir imperiya olaraq silinə bilər. Bu mənada Azərbaycan birmənalı olaraq haqqın, ədalətin, yəni Ukrayna xalqının və dövlətinin yanında olmalıdır, Ukraynanı dəstəkləməlidir. Həm də ona görə ki, bu gün Ukrayna yalnız özünün müstəqilliyi, azadlığı, öz torpaqları, ərazi bütövlüyü uğrunda deyil, həm də Azərbaycan, Gürcüstan, Moldova, Orta Asiya və s. uğrunda, bütün insanlıq, dünya üçün, ümumbəşəri ədalət və demokratiya uğrunda döyüşür və savaşır. Əks arqument göstərənlər isə deyir ki, axı Azərbaycan Ukrayna deyil, görürsünüz, Ukraynanın bu qədər dəstəyi olmasına rəğmən müharibə hələ də uzanır və Azərbaycan Ukrayna kimi geniş imkanlara, böyük dəstəyə malik deyilik. Bu cür düşüncələrdə də müəyyən dərəcədə haqq payı var. Axı  hazırkı Putin rejimi üçün Azərbaycan da, bütövlükdə Qafqaz da, ümumiyyətlə, keçmiş SSRİ və Çar Rusiyası əraziləri hamısı “tarixi Rusiya torpaqları” olduğundan işğal edilməlidir. Ancaq dünya siyasəti, beynəlxalq güclər bunu reallıq yox, bir xəstə təxəyyül kimi qəbul edir və Rusiya imperiyasını durdurmaq üçün mübarizə əzmindədir. Odur ki, bir daha təkrar edirəm: Azərbaycan birmənalı olaraq Ukraynanın yanında olmalı, fəqət, eyni zamanda öz mübarizəsini də aparmalı, Rusiya ilə, onun hazırda Qarabağda – torpağımızda olan “sülhməramlı” adlanan hərbi qüvvələri ilə bağlı konkret mövqe ortaya qoymalıdır...”
 
Sultan Laçın






Fikirlər