Tamaşaçıları hiddətləndirən verilişlərlə bağlı mühüm açıqlama: Yeni mövsümdən...

Tamaşaçıları hiddətləndirən verilişlərlə bağlı mühüm açıqlama: Yeni mövsümdən...

Təqribən 2 ay öncə Prezident Administrasiyası tərəfindən ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərlərinə kanalda yayımlanan bəzi verlişlərlə bağlı xəbərdarlıq edildiyi deyildi. Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bildirilərək ən qısa zamanda tədbir görülməsi tələb olundu. 

Bundan sonra sözügedən verilişlərin bəzilərinin efir vaxtı 2 saat, bəzilərininki isə 30 dəqiqə azaldıldı. 

Buna baxmayaraq, vətəndaşlar iddia edir ki, efir vaxtı azaldılsa da, verilişlərin məzmununda hər hansı dəyişiklik müşahidə olunmur. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan aparıcı Turan İbrahimov bildirib ki, əvvəlki dövrlə müqayisədə sosial verilişlər indi daha korrekt çalışırlar: 

“Açığı, o dediyiniz verlişlərdən heç bir xəbərim yoxdu, nəyinsə dəyişib- dəyişmədiyini də deyə bilmərəm. Ancaq o verlişlərdən olan hissələrin son vaxtlar sosial şəbəkələrdə daha az yayıldığını nəzərə alsaq, demək ki, tam da əvvəlki kimi deyil. Yaradıcı heyyətlər nisbətən də olsa, daha korrekt işləyirlər”. 

O bildirib ki, ciddi dəyişikləri yalnız yeni telemövsümdə görmək mümkün olacaq: 

“Ümumiyyətlə, nəyinsə dəyişib-dəyişməməsi haqqında tam olaraq yeni telemövsümdə fikir bildirə biləcəyik. Çünki yay aylarında kanallar yeni yayım siyasətlərini müəyyən edib sentyabr-oktyabr aylarında tətbiq etməyə başalayacaqlar. Yəqin ki, o zaman da müəyyən məsələləri nəzərə alacaqlar.

Bir şeyi də deyim ki, yerli özəl televiziyaların həlledici gəlirləri və tamaşaçı auditoriyası məhz o tənqid olunan verlişlər üzərində qurulub. Sözügedən verlişlər tamamən dayandırılsa, yerli TV-lərin tamaşaçıları daha da azlacaq, həmin verlişlərə baxan və həm də yerli TV-lərə baxanların böyük bir hissəsi Türkiyə TV-lərindəki eyni qəbildən olan verlişlərə yönlənəcək. Məncə, bu reallığı da nəzərə almaq vacibdir”. 

 






Fikirlər