Əvvəl “Dəmir yumruq”, sonra Dəmirəl

Avropalılar çoxdandır bizimlə kəc düşüb. Azərbaycanın heç bir sözü onların boğazından keçmir. Nə deyiriksə, səfeh adamlar kimi gözlərini qıyıb üzümüzə bozarırlar... 

Hər şey ötən ilin sentyabrında gerçəkləşən antiterror əməliyyatından başladı. Dılğır Arayik Makronun və bu qəbildən olan hamilərinin dalında gizlənib hər gün Şuşanı atəşə tutanda seperatçıların "fatihə"si oxundu. Aydın məsələ idi ki, Azərbaycan uzun illər çörəyimizi yeyib vətənimizin ən dilbər guşəsində yaşayan, sonra isə xörək yediyi qaba tüpürən bir ovuc qurumsağın nazı ilə çox oynamayacaqdı. Belə də oldu. 

Ötən ilin sentyabrında bölgəyə daimi sülhü gətirən antiterror əməliyyatı həyata keçirildi. Fransanın xoruzuna güvənən seperatçılar bir sutka tamam olmamış ağ bayraq qaldırdılar. Bir dinc erməni sakininin burnu qanamadan Qarabağda terrorun kökü kəsildi. Azərbaycan bölgədə yaşayan erməni sakinlərinə ölkə vətəndaşlığını qəbul edib öz həyatlarını davam etdirməyi təklif etdi.

DTX-nın qara maskalı oğlanları Arayik, Saakyan, Babayan, Manokyan, İşxanyan kimi terrorçuları uzun illər törətdikləri qanlı cinayətlərin hesabını vermək üçün Bakıya gətirdiyinə görə artıq heç bir təhlükə qalmamışdı. Əgər dinc ermənilər İrəvanın şirin vədlərinə aldanıb öz xoşları ilə Qarabağdan köçməsəydilər, indi Azərbaycanda adam balası kimi yaşayıb bizə məxsus olan bütün hüquqlardan gen-bol yararlanırdılar. 

Uşaq vaxtı Hadrutda çox olmuşam. İndi orada alyanaq gilasın mövsümüdür. Əgər ermənilər Qarabağda qalsaydılar indi İrəvanda qablaşdırılmış konserv deyil, Hadrutda bal kimi şirin gilas yeyirdilər… 

Avropa yenə Türk dünyasına diş qıcayır. Futbol üzrə Türkiyə yığma komandasının Avropanın göbəyində Çexiyanı məğlub etməsi qədim qitənin müasir sakinlərini əməlli-başlı pəjmürdə edib. Türk millətindən qisas almaq üçün əllərində bəhanə də var. Matçda rəqib komandanın qapısına iki baxımlı qol vuran Məlih Dəmirəlin Bozqurd işarəsini göstərməsi qisas almaq üçün bəhanəyə çevrilib.

UEFA boyda yekəpər qurum avropalı siyasətçilərin əlində oyuncağa çevrilib. Dəmirəllə bağlı araşdırma başlanılıb. Hələ də anlaya bilmirəm ki, türkün totemi olan Boz qurd avropalıları niyə bu qədər qıcıqlandırır. Yeri gəldiyi üçün soruşuram: Bozqurd pisdir, xoruz yaxşı? 

Xoruzunuzu qoltuğunuza vermişik, gedin o yanda banlayın... 

Əslində avropalıları da başa düşmək olar. Onları əsəbləşdirən səbəbi ustad jurnalist İttifaq Mirzəbəyli dəqiq ifadə edib:

“Bir tərəfdə Azərbaycanın Dəmir yumruğu, o biri tərəfdə Türkiyənin Dəmir əli - avropalı qurumsaq əsəbləşməsin neyləsin?” 

Su için, su, Cana faydalıdır...






Fikirlər