Əsas Səhifə > Avto > YOL POLİSİNDƏN ABSURD PƏRDƏ CƏRİMƏSİ –
YOL POLİSİNDƏN ABSURD PƏRDƏ CƏRİMƏSİ –14-01-2017, 09:20 |
“Yol hərəkəti haqqında” Qanuna edilən 1 saylı əlavənin tələbinə, eləcə də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təyin etdiyi normaya əsasən, hər il yalnız may ayının 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə pərdə, plyonka və standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilir. Yol polisi noyabrın 16-dan artıq qaydaya əməl etməyənlərə qarşı reydlərə başlayır və qanunu pozanlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 150 manat cərimələnirlər. Son zamanlar redaksiyamıza sürücülər tərəfindən məsələ ilə bağlı xeyli şikayət daxil olub. Şikayətlərə görə bəzi yol polisləri yuxarıda qeyd etdiyimiz qaydalardan sui-istifadə edərək, yerli-yersiz sürücüləri 150 manat cərimələyirlər. Belə halla üzləşən bir sürücü deyir: “Uşaq sənaye üsulu ilə quraşdırılan pərdənin birini bilmədən çəkdiyi üçün polis məni 150 manat cərimələdi. Halbuki, digər tərəfdə pərdə çəkilməmişdi. Mümkün idi ki, yol polisi hər halda xəbərdarlıq etsin. Lakin o, birbaşa olaraq cərimə yazmağı üstün tutdu”. Sürücülər iddia edir ki, polisin yazdığı cərimənin 25 faizi onun özünə qaldığı üçün bəzi polis əməkdaşları xəbərdarlıq etməyə deyil, cərimələməyə meyllidir. Bir məsələni də qeyd edək ki, ölkədə yuxarıda qeyd etdiyimiz qanunu pozan sadə sürücülər cərimələndiyi halda, qaydalara əməl etməyən bir çox yüksək çinli məmurlara yol polisləri tərəfindən heç xəbərdarlıq belə edilmir. Bir çox məmurlar pərdəli avtomobillərdə hərəkət edirlər. Ümumiyyətlə, 1 may-15 noyabr aralığında pərdəyə icazə verilib, digər müddətdə bunun qadağan edilməsi də sürücülərə qarşı tələ hesab olunur və bu həm də, fundamental insan haqlarına zidd olan məsələdir. Məsələn, tutaq ki, yanvar ayında bir qadın maşında yol gedərkən uşağına ana südü verməlidir. Bu zaman pərdəni qaldıra bilməzmi? Həmçinin, hansısa ağır fəsad törətməyən bir xətaya görə 150 manat cərimə tətbiqi də absurddur. Təsəvvür edin, birbaşa həyati risk olan kəmər taxmamağa görə cərimə 40 manatdır, amma heç bir təhlükə törətməyən pərdəyə görə cərimə 150 manat.
Hüquqşünas Ələsgər Məmmədli isə mövzu ilə bağlı fərqli fikirlər söyləyib. O bildirib ki, hazırkı şəraitdə yol polisini cərimə yazması üçün maraqlı edən məsələlər var: Hətta inzibati pozuntuya yol verən piyadaların cərimələnməsi ilə bağlı da bu kimi halların şahidi oluruq. Görürsən ki, polis yolun kənarında durub gözləyir ki, vətəndaş qaydanı pozsun, bundan sonra onu saxlasın. Halbuki, polisin biri sağda, biri də solda durubsa, hər ikisi vətəndaşa xəbərdarlıq etməlidir ki, əgər yolu keçsən, cərimələnəcəksən. Ancaq gözləyirlər və keçdikdən sonra deyirlər ki, yolu qanunsuz yerdən keçmişiniz. Bu da qeyd etdiyimiz kimi polisin pozuntunu önləməkdə deyil, cərimələməkdə maraqlı olması ilə bağlıdır. Beynəlxalq praktikada isə dövlət funksiyası gəlir gətirən sahə hesab olunmur. Pozuntulara görə inzibati sanksiyalar isə hansısa büdcəni doldurmaq üçün deyil, vətəndaşın qaydalara əməl etməsinin təşviqi üçündür. Burada daha çox dövlətin qaydalara əməl olunma nizamının işləməsi qayğısı var. Polisə cərimədən 15-20 faiz vermək də legitim əmək haqqı deyil”.(musavat.com) Geri qayıt |