YOL POLİSİNDƏN ABSURD PƏRDƏ CƏRİMƏSİ – Ekspertlərin ŞƏRHİ

yol polisi

Yol hərəkəti haqqında” Qanuna edilən 1 saylı əlavənin tələbinə, eləcə də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təyin etdiyi normaya əsasən, hər il yalnız may ayının 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə pərdə, plyonka və standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilir.

Yol polisi noyabrın 16-dan artıq qaydaya əməl etməyənlərə qarşı reydlərə başlayır və qanunu pozanlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 150 manat cərimələnirlər.
Onu da qeyd edək ki, söhbət yalnız sənaye üsulu ilə quraşdırılan pərdələrdən gedir. Ölkədə sürücü tərəfindən kustar üsulla avtomobildə görməni əngəlləyən pərdələrin, plyonkaların vurulmasına isə ümumiyyətlə, icazə verilmir.

Son zamanlar redaksiyamıza sürücülər tərəfindən məsələ ilə bağlı xeyli şikayət daxil olub. Şikayətlərə görə bəzi yol polisləri yuxarıda qeyd etdiyimiz qaydalardan sui-istifadə edərək, yerli-yersiz sürücüləri 150 manat cərimələyirlər. Belə halla üzləşən bir sürücü deyir: “Uşaq sənaye üsulu ilə quraşdırılan pərdənin birini bilmədən çəkdiyi üçün polis məni 150 manat cərimələdi. Halbuki, digər tərəfdə pərdə çəkilməmişdi. Mümkün idi ki, yol polisi hər halda xəbərdarlıq etsin. Lakin o, birbaşa olaraq cərimə yazmağı üstün tutdu”.

Sürücülər iddia edir ki, polisin yazdığı cərimənin 25 faizi onun özünə qaldığı üçün bəzi polis əməkdaşları xəbərdarlıq etməyə deyil, cərimələməyə meyllidir.

Bir məsələni də qeyd edək ki, ölkədə yuxarıda qeyd etdiyimiz qanunu pozan sadə sürücülər cərimələndiyi halda, qaydalara əməl etməyən bir çox yüksək çinli məmurlara yol polisləri tərəfindən heç xəbərdarlıq belə edilmir. Bir çox məmurlar pərdəli avtomobillərdə hərəkət edirlər.

Ümumiyyətlə, 1 may-15 noyabr aralığında pərdəyə icazə verilib, digər müddətdə bunun qadağan edilməsi də sürücülərə qarşı tələ hesab olunur və bu həm də, fundamental insan haqlarına zidd olan məsələdir. Məsələn, tutaq ki, yanvar ayında bir qadın maşında yol gedərkən uşağına ana südü verməlidir.

Bu zaman pərdəni qaldıra bilməzmi?

Həmçinin, hansısa ağır fəsad törətməyən bir xətaya görə 150 manat cərimə tətbiqi də absurddur. Təsəvvür edin, birbaşa həyati risk olan kəmər taxmamağa görə cərimə 40 manatdır, amma heç bir təhlükə törətməyən pərdəyə görə cərimə 150 manat.

ershad-huseynov-21Ekspert Ərşad Hüseynov mövzu ilə bağlı bildirib ki, məsələ İnzibati Xətalar Məcəlləsinin 342 maddəsinə uyğun olaraq tənzimlənir: “Avtomobilin bir yanındakı şüşəsinin pərdələnməsinə görə də cərimə yazıla bilər. Qanunda qeyd olunmayıb ki, yalnız bütün şüşələr pərdələndiyi halda sürücü cərimələnir. Yol polisi əməkdaşları qanuna uyğun hərəkət edirlər. Burada xəbərdarlıq nəzərdə tutulmur. 25 faiz məsələsinə gəlincə isə qeyd edim ki, bu üsulu 2011-ci ildən tətbiq etməyə başladılar. Səbəb də odur ki, polis korrupsiya ilə məşğul olmasın. Yəni 25 faizi almaqla, korrupsiyaya meyl etməsin. Əslində bu, mübahisəli məsələdir. Bəli, Dövlət Yol Polisinin əməkdaşlarının əməyini qiymətləndirmək lazımdır. Gecə-gündüz hava şəraitindən asılı olmayaraq iş başındadırlar, cəmiyyət üçün çalışırlar, hər cür insanla üzləşirlər və bütün bunları nəzərə almaq lazımdır. Dünyanın hər yerində polis əməkdaşlarını ildə bir dəfə xüsusi reabilitasiya kurslarına göndərirlər ki, onların psixoloji müvazinəti bərpa olunsun. Bir məsələ də var ki, 25 faizin yerinə büdcəyə cərimədən yığılan pul hesabına, polisin əmək haqqını qaldırmaq olar ki, belə suallar ortaya çıxmasın”.

Hüquqşünas Ələsgər Məmmədli isə mövzu ilə bağlı fərqli fikirlər söyləyib.

elesger memmedli

O bildirib ki, hazırkı şəraitdə yol polisini cərimə yazması üçün maraqlı edən məsələlər var:
“Strukturlar cərimədən hər hansı bir faiz alırlarsa, həmin faiz onları təşviq edir ki, cərimə yazmaqda daha çox maraqlı olsunlar. Çünki cərimədən pul nə qədər çox yığılarsa, onlar da o qədər çox pul alırlar. Əslində isə polis gördüyü işdən asılı olmayaraq, normal əmək haqqı alarsa, həmin qanunların daha çox real tətbiqi gündəmə gələ bilər. Yəni qayda pozan, cərimələnər, pozmayan isə cərimələnməz. İndiki halda özüm də sürücü olduğum üçün müşahidə edirəm ki, bəzi polislər tənzimləməli olduğu yerdə qəsdən gizlənib gözləyir ki, problem olsun və qayda pozanlar cərimələnsinlər. Kimin nə deyib-deməməyindən asılı olmayaraq, polisin burada marağı var.

Hətta inzibati pozuntuya yol verən piyadaların cərimələnməsi ilə bağlı da bu kimi halların şahidi oluruq. Görürsən ki, polis yolun kənarında durub gözləyir ki, vətəndaş qaydanı pozsun, bundan sonra onu saxlasın. Halbuki, polisin biri sağda, biri də solda durubsa, hər ikisi vətəndaşa xəbərdarlıq etməlidir ki, əgər yolu keçsən, cərimələnəcəksən. Ancaq gözləyirlər və keçdikdən sonra deyirlər ki, yolu qanunsuz yerdən keçmişiniz. Bu da qeyd etdiyimiz kimi polisin pozuntunu önləməkdə deyil, cərimələməkdə maraqlı olması ilə bağlıdır. Beynəlxalq praktikada isə dövlət funksiyası gəlir gətirən sahə hesab olunmur.

Pozuntulara görə inzibati sanksiyalar isə hansısa büdcəni doldurmaq üçün deyil, vətəndaşın qaydalara əməl etməsinin təşviqi üçündür. Burada daha çox dövlətin qaydalara əməl olunma nizamının işləməsi qayğısı var. Polisə cərimədən 15-20 faiz vermək də legitim əmək haqqı deyil”.(musavat.com)






Fikirlər