GENERALI NAZİR ƏVƏZ ETDİ – Bu qurumun tərkibi və idarəedici orqanı dəyişdi...

Poqonlu” idarəetmədən mülki idarəetməyə keçid sektorun inkişafına necə təsir göstərəcək?

Prezidentin imzaladığı yeni fərmanla 7 il əvvəl yaradılmış İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasında ciddi struktur dəyişiklikləri baş verib. Komissiyanın tərkibi və idarəedici orqanı yenilənib.

Əvvəllər Komissiyaya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəhbəri – general İlqar Musayev sədrlik edirdisə, bundan sonra bu vəzifəni Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev icra edəcək. Eyni zamanda, Komissiyanın cari fəaliyyətini koordinasiya edən orqan da XRİTDX-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) keçib.

Yeni qərarla Komissiyanın tərkibi də dəyişib. Komissiyaya yeni üzvlər əlavə olunub, bəziləri isə çıxarılıb. Artıq RİNN yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin rəisi və Elm və Təhsil nazirinin müavini də Komissiyanın üzvləri sırasındadır. Əvəzində, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini və ETN-nin İnformasiya Texnologiyaları İnstitutunun direktoru üzvlükdən çıxarılıb.

Dəyişiklikləri şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, hökumət Komissiyanın idarəçiliyində daha çox mülkiləşmə xəttini seçib. Onun fikrincə, bu keçid sektorun texnoloji inkişafı və çevik koordinasiyası baxımından əhəmiyyətli ola bilər: “Yeni tərkibdə generalın nazir ilə əvəzlənməsi və mülki qurumların – Elm və Təhsil Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti və s. – daha fəal iştirakı bu sahənin mülkiləşməsini göstərir. Son illər informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində ciddi irəliləyişlər əldə olunmuşdu və bu, Komissiyanın da töhfəsi ilə mümkün olub.”

O. Gündüz qeyd edir ki, ölkədə kritik informasiya infrastrukturu formalaşdırılıb və bu sahədə DTX və XRİTDX-in rolu böyük olub. Beynəlxalq reytinqlərdə də bu irəliləyişlər hiss olunur. Lakin bu mərhələdə Komissiyanın tərkibində aparılan dəyişikliklər müəyyən suallar doğurur: Əsas problemlərin hazırda qeyri-dövlət sektorunda olduğunu nəzərə alsaq, bu dəyişikliklər məntiqli görünə bilər. Hökumət özəl sektorun da daxil olduğu informasiya təhlükəsizliyi ekosistemində daha ciddi dönüş yaratmaq istəyir.”

Ekspert əlavə edir ki, RİNN-in tərkibində olan Elektron Təhlükəsizlik Xidməti son dövrlərdə nisbətən aktivləşsə də, hələlik tam potensialını nümayiş etdirməyib. Lakin yeni idarəetmə yanaşmaları bu istiqamətdə irəliləyişlərə yol aça bilər.

Bununla yanaşı, O. Gündüz qeyd edir ki, beynəlxalq təcrübədə də informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində idarəetmədə mülki xəttə üstünlük verilir. Bu yanaşma son illərdə DTX-nın fəaliyyətində də müşahidə olunurdu – qurum mülkiyyətə açıq Milli Kibertəhlükəsizlik Mərkəzi yaratmaqla yeni model təqdim etmişdi.

Sonda o bildirir: “Ümid edirəm ki, yeni tərkib Komissiyanın qarşısında duran vəzifələrin icrasında uğurlu olacaq.”

Xatırladaq ki, bir neçə il əvvəl Nazirlər Kabineti yanında fəaliyyət göstərən, “generallar komissiyası” kimi tanınan Radiotezliklər üzrə Dövlət Komissiyası da yenidən təşkil edilmiş və həmin Komissiyaya da Rəşad Nəbiyev sədrlik etməyə başlamışdı.

AzPolitika.info








Fikirlər