Azərbaycandan Həcc ziyarətinə yola düşən sonuncu zəvvar qrupu Məkkəyə çatıb

Bu gün Azərbaycandan Həcc ziyarətinə yola düşən sonuncu zəvvar qrupu Məkkə şəhərinə çatıb.

Bununla bağlı "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı zəvvarlar hazırda Məkkədə Həcc ziyarəti ilə bağlı keçirilən Sağlamlıq və Təhlükəsizlik Forumunda iştirak edirlər.

"Hazırda Məkkə şəhərində 1500 zəvvarımız var. İyunun 14-dən etibarən Həcc ziyarətinin əsas hissəsi başlayacaq", - V.Cahangiri bildirib.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 1500 nəfərlik kvota ayrılıb. Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 3-ü səhər saatlarında təyyarə ilə Bakıdan Ciddə şəhərinə yola salınıb.

Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir.

Xatırladaq ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.






Fikirlər