12 GÜNLÜK “GİZLƏNPAÇ OYUNU”... – Müharibə bitdi, bütün tərəflər “qalib” elan olundu
“İsrail İran rejiminin ömrünü uzatdı” "Prezident Tramp tarixdə heç bir liderin bacarmadığına nail oldu - İran rejiminin nüvə proqramının məhv edilməsi və İsrail ilə İran arasında görünməmiş atəşkəs. Bu, həqiqətən heyrətləndiricidir!" Donald Tramp öz səhifəsində İranla İsrail arasında atəşkəs elan edənədən sonra bu “bəy tərifini” Ağ Evin mətbuat katibi Karolin Levitt yayımlayıb... Tramp özü isə NBC telekanalına müsahibəsində deyib: "Bu, Amerika üçün, Yaxın Şərq üçün böyük gündür. İşin öhdəsindən gələ bildiyimə görə şadam. Bu atəşkəs sonsuza qədər davam edəcək". Tramp iddia edib ki, İsrail və İran münaqişənin sona çatması və sülhün bərqərar olması üçün “demək olar ki, eyni vaxtda” ona müraciət ediblər: “İsrail və İran demək olar ki, eyni vaxtda mənə müraciət edib “Sülh!” dedilər. Bilirdim ki, vaxtdır. Sülh və Yaxın Şərq əsl QALİBİDİR! Hər iki ölkənin böyük sevgi, sülh və firavanlıq gələcəyi var, onların qazanacaqları çox şey var”. Üstəlik, Amerika lideri həm İsrailə, həm də İrana təşəkkür edib. O İrana ki, Tramp günlərdir onun rəhbərliyini bu savaşın əsas günahkarı hesab edir, hətta az qala terror yaymaqda ittiham edirdi. Əhalinin isə bu rejimi devirməli olduğuna eyham vurudu... Beləliklə, tərəflər nəyə qadir olduqlarını göstərdilər. İsrail göstərdi ki, İranın hava məkanına sahib olmaq, istənilən nöqtəsində, istədiyi əməliyyatı keçirmək, istədiyi obyekti vurmaq imkanına malikdir. Üstəlik, yüksək çinli generalları, ordu və SEPAH rəhbərlərini məhv etməklə göstərdi ki, demək olar, İran həbi-siyasi rəhbərliyində heç kim özünü təhlükəsizlikdə hiss edə bilməz... İran göstərdi ki, İsrailin “dəmir qübbəsi” keçilməz deyil. Atdığı raketlərin böyük əksəriyyəti vurulsa da, ara-sıra hədəfə çata biləni olur. Göstərdi ki, onu bombalayan ABŞ-nin hərbi bazasının yan-yörəsinə raket atmaq və atmazdan əvvəl də ABŞ-ni xəbərdar etmək “şakərindən” vaz keçməyib. Göstərdi ki, ABŞ və İsrailin regionda apardığı siyasətin bir parçası olaraq qalmaqdadır... ABŞ isə dünyanın ən böyük bombardmançıları olan təyyarələrindən Fordo və Natanza 4 milyard dollar(!) dəyərində səkkiz superbomba atmaqla göstərdi ki, o, dünyanın ən zəngin və ən güclü, eyni zamanda da ən qəti və gözlənilməz addımlar atmağa qadir ölkəsi olaraq qalır... Nəhayət, hər üç tərəf göstərdi ki, dünyada beynəlxalq hüquq, beynəlxalq nizam, ümumilikdə bəşəri dəyərlər, əxlaq, mənəviyyat adında heç nə qalmayıb. Dünya 3-5 başıpozuq, qəddar, yırtıcı liderin əlində qalıb... Bəs bununla da Yaxın Şərqdəki İran-İsrail qarşıdurması, Fələstin məsələsi, proksi müharibələr və s. bitdimi? Əlbəttə ki, yox. Bundan sonra da hərə öz rolunu oynamaqda davam edəcək... Azərbaycana gəlincə, İrandakı məlum qüvvələrin ermənilərlə birgə Azərbaycana qarşı təxribat cəhdləri baş tutmadı. Azərbaycanın guya İsrailin hücumu üçün şərait yaratdığı barədə şər kampaniyası heç bir effekt vermədi... İrandakı hakim rejimin və xalqın aqibətinə gəlincə, ABŞ-də yaşayan ən nüfuzlu iranlı müxalifətçilərdən biri olan jurnalist Məsih Əlinejad bununla bağlı maraqlı fikir söyləyib. O deyib ki, İsrailin zərbələri müxalifətin hakimiyyət dəyişikliyinə olan ümidlərini puça çıxarıb və ayətullah rejiminin ömrünü faktiki olaraq 15-20 il də uzadıb. Bəlkə də əsas nəticə və ən düzgün qiymət də budur... /“AzPolitika.info”