“Dini ekstremizm dünya üçün böyük təhlükəyə çevrilib” – MƏDƏT QULİYEV

102272

Minsk şəhərində MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 40-cı yubiley iclası keçirilib.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, iclasın işində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.
Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə tədbirdə müşahidəçi qismində Almaniya, İspaniya, İtaliya və Fransanın aidyyəti strukturlarının məsul vəzifəli nümayəndələri də təmsil olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev iclasda “Terrorçuluğun və ekstremizmin təzahürlərinə qarşı əməkdaşlığın fəallaşdırılması” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanın tərəqqisi və inkişafı üzrə strateji xəttin həyata keçirilməsi sahəsində təhlükəsizliyin təmin olunması məsələsində beynəlxalq əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Bu baxımdan, yeni yaradılan Dövlət Təhlükəsizliyi Xidməti təhlükəsizlik məsələləri ilə bağlı iki və çoxtərəfli səviyyədə müxtəlif formatlarda, o cümlədən SORB çərçivəsində tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsində maraqlıdır.
General-leytenant Mədət Quliyev diqqətə çatdırıb ki, qlobal xarakter alan terrorçuluğun və ekstremizmin doğurduğu problemlər və fəsadlar beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir: “Bu təhlükəli təzahürlərin coğrafiyası yeni ölkələrin və qitələrin hesabına daha da genişlənir. Terrorçuluqdan getdikcə çətin fərqləndirilən dini ekstremizm artıq müasir dünya üçün böyük təhlükəyə çevrilib. Hazırda törədilən terrorçuluq əməllərində dini ekstremizmin əsasları özünü daha çox büruzə verir. Bunun başlıca səbəbi kimi “Əl-Qaidə”, “İŞİD” və digər terrorçu təşkilatların öz dağıdıcı fəaliyyətlərində ənənəvi dinin ehkamlarını dəyişib əsl mahiyyətini təhrif edərək, ondan sui-istifadə ilə təlqin etdikləri dini-ideoloji təlimatları göstərmək olar”.
M.Quliyev regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükə və təhdidlər barədə əldə edilən qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, çıxışının sonunda iclas çərçivəsində aparılmış müzakirələrin əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektliyinin yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.
İclasda transmilli mütəşəkkil cinayətkarlığa və digər hüquqazidd əməllərə qarşı mübarizənin fəallaşdırılması və təkmilləşdirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi, o cümlədən dünyadakı geosiyasi şəraitin inkişafının Mərkəzi Asiya regionuna təsiri, MDB iştirakçı dövlətlərin terrorçuluq və ekstremizmin digər zorakı təzahürlərinə qarşı 2014-2016-cı illər üçün tərəfdaşlıq Proqramının icra vəziyyəti, eləcə də təhlükəsizlik və xüsusi xidmət orqanlarının səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə ibtidai istintaqın aparılması və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bununla yanaşı, SORB yanında Elmi-texniki əməkdaşlıq üzrə Komissiyanın, MDB-nin Antiterror mərkəzinin fəaliyyətinin, həmçinin MDB iştirakçı dövlətlərin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində təhlükəsizlik və xüsusi xidmət orqanlarının birləşmiş məlumat bankının Koordinasiya şurasının və Texniki komitəsinin iclasının yekunları və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır. İclasın sonunda gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuş, MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsi planlaşdırılıb.






Fikirlər