İlahiyyatçıdan SƏRT qınaq: “Bu, Ramazanın ruhuna ziddir”

İlahiyyatçıdan sərt qınaq: “Bu, Ramazanın ruhuna ziddir” 

“Yaxşı olar ki, restoranlar iftar menyuları hazırlayarkən kasıbları, imkansız şəxsləri də nəzərə alsın və onlara da şərait yaratsın”. 

Bu təklifi “Yeni Sabah”a ilahiyyatçı Ağa Hacıbəyli restoran və kafelərdəki müxtəlif cür təqdim olunan menyuları şərh edərkən bildirib. Qeyd edib ki, restoranların iftar menyusundan sadəcə imkanlı şəxslər yararlana bilir:

“Ramazan ayı ümumi olaraq, rəbbimizin rəhmət ayıdır. Bu ayın bərəkət və mənəvi nemətlərini Allah özü təqdim edib. Əsas hədəf də yer üzündəki insanların, Adəm nəslinin bu böyük süfrədən yararlanmasıdır. Bu baxımdan restoranların qapılarını açıb, sahur və iftar vaxtlarında insanlara xidmət göstərməsi təqdirəlayiq bir addım və gözəl bir haldır. Burada hər insan öz büdcəsinə uyğun olan menyunu seçir. Restoranlara isə adətən imkanlı şəxslər üz tutub, iftar edirlər. Kasıb təbəqə isə yenə də kənarda qalır”. 

İlahiyyatçı insanlara kor-koranə yox, mənasını anlayaraq oruc tutmağı tövsiyə edib:

“Demək istədiyim odur ki, iftar süfrələri biznes marağına çevrilməməlidir. Belə olduğu halda, həmin obyektlər 2-3 dəfə pulsuz iftar süfrəsi də təşkil edə, imkansız insanlar üçün qapılarımız açıqdır deyə bilərlər. Əgər restoran sahibləri iş adamı, imkanlı şəxs kimi bu xeyir işə şərait yaratsalar, bu onların zəkatı sayılar. Əsas hədəfimiz bu olmalıdır ki, Ramazan yemək-içmək, menyunu dəyişmək ayı olmasın. Bəzən biz digər aylarda yemədiyimiz qidaları Ramazanda qəbul etməyə çalışırıq. Bu isə Ramazanın ruhuna, orucun iffətinə ziyandır. Bu baxımdan orucu tutan zaman çalışaq ki, onun mənasını, sirlərini anlayaraq əməl edək. Digər tərəfdən isə imkansız və köməyə ehtiyacı olan şəxslərə əl tutmağa çalışaq. Bu cür iftar süfrələrində onlara da şərait yaradaq ki, Allah bayram günü digər insanlar kimi bizi də bağışlasın”. 






Fikirlər