Ukraynada seçki - hakimiyyətə Timoşenko gətirilir?

Ukraynada SEÇKİ HAZIRLIĞI – Timoşenko yenidən hakimiyyətə QAYIDIR?

Arestoviç: “Zelenski, Zalujnı və Poroşenko oktyabrdakı seçkidə iştirak etməyəcək”

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Ukrayna hakimiyyəti prezident seçkisinin keçirilməsinə razılıq verib. Bu barədə xüsusi elçi amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

“Sizcə, Ukraynada seçkilər keçiriləcəkmi?”, – jurnalist soruşub.

“Bəli, onlar keçiriləcək. Onlar (Ukrayna rəhbərliyi-red) artıq buna razılıq veriblər. Ukraynada seçkilər keçiriləcək”, – Uitkoff cavab verib.

Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç isə keçiriləcək seçkinin gözlənilən tarixini açıqlayıb, həmçinin məşhur siyasətçilərdən hansının seçkilərdə namizəd olmayacağı ilə bağlı ilginc iddialar səsləndirib.

Onun dediyinə görə, Rusiya prezidenti Vladimir Putinin Rusiyada qeyri-qanuni yaşayan Ukrayna vətəndaşlarının sentyabrın 10-dək ölkəni tərk etməli və ya yaşayış yerlərinə qayıtmalı barədə fərmanı seçkinin nə vaxt keçiriləcəyi tarixindən xəbər verir.

Arestoviçin iddiasına görə, Putin bu fərmanla ukraynalılardan qərar vermələrini tələb edib: Kim Rusiya tərəfdarıdırsa, burada qalmağını leqallaşdırmalı, kimlər Ukraynanın yanındadırsa, ora qayıtmalı və seçkidə iştirak etməlidir. Keçmiş müşavir əlavə edib ki, Ukraynada seçki böyük ehtimalla bu ilin oktyabrında keçiriləcək. Yada salaq ki, bundan əvvəl Ukraynanın keçmiş prezidenti Petro Poroşenko da seçkinin oktyabrın 25-də olacağını, bu barədə Prezident Administrasiyasındakı və hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat aldığını demişdi.

Arestoviçin daha bir iddiasına görə isə Ukraynadakı payız seçkisində indiki prezident Zelenski, Britaniyadakı səfir Zalujnı və sabiq dövlət başçısı Petro Poroşenko iştirak etməyəcək. O, təmasda olduğu ABŞ-ın biznes və siyasi dairələrinin nümayəndələrindən belə informasiya aldığını iddia edib.

Zelenski isə bir neçə gün əvvəl ingilis jurnalistlıərlə söhbətində Ukraynada prezident seçkisi keçiriləcəyi təqdirdə, namizəd kimi iştirak edə bilər: “Məni əvəz etmək asan olmayacaq, çünki bunun üçün təkcə seçkilərin keçirilməsi kifayət deyil. Bunun üçün gərək mənim orada iştirakımın qarşısını alalar. Bu isə xeyli çətin olacaq”.

2019-cu il seçkisində Zelenskiyə məğlub olan keçmiş prezident Petro Poroşenkonun yenidən hakimiyyətə gəlmək üçün müxtəlif siyasi qüvvələrlə danışıqlara başladığı haqda informasiyalar var. Poroşenko 2014-2019-cu illərdə Ukrayna prezidenti olub. O, dünyaca məşhur şokolad firması olan “Roshen”in sahibidir. 1,4 milyard sərvəti olan Poroşenko Ukraynanın ən zəngin iş adamlarından biridir.

Keçmiş baş nazir Yuliya Timoşenkonun da son zamanlar fəallığını artırması, bəzi məsələlərlə bağlı konkret plan təqdim etməsi və Qərb ölkələrinin rəsmiləri ilə keçirdiyi görüşlər haqda danışılır. Qeyd edək ki, Yuliya Timoşenko 2007-2010-cu illərdə Ukraynanın baş naziri vəzifəsini icra edib.

O, 2010-cu il seçkilərində prezidentliyə namizədliyini irəli sürsə də, Viktor Yanukoviçə məğlub olub. 2009-cu ildə Rusiya ilə imzalanan qaz müqaviləsinin qanunazidd olması ittihamı ilə Timoşenko 2011-ci ildə 7 illik həbs cəzasına məhkum edilib. Lakin 2014-cü ildə vaxtından əvvəl azadlığa buraxılıb. Timoşenko da müxtəlif xırda partiyaları öz ətrafına çəkməyə çalışır. Eyni zamanda, Timoşenko komandasının Poroşenkonun yaxın müttəfiqi olan Sergey Kaplini də öz tərəfinə çəkmək üçün fəaliyyətə başladığı barədə iddialar var. Qərb ekspertlərinə görə, Ukraynanın növbəti prezidenti nisbətən mötədil Yuliya Timoşenko olacaq.

Kiyev meri Vitali Kliçko da müharibə dövründə kifayət qədər nüfuzunu artırıb və onun da seçkidə namizəd olması məsələsi aktualdır. Daha bir mümkün namizəd Zalujni isə Ukrayna Ordusunun sabiq Ali Baş Komandanıdır. O, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsini icra edir.

 






Fikirlər