"Timoşenko azad edilməzsə, sanksiyalar tətbiq ediləcək "
"Ukrayna rəhbərliyi sabiq Baş nazir Yuliya Timoşenkonun azad edilməsini və son 2 ayda davam edən siyasi böhrana son qoyulmasını təmin etməzsə, Avropa Birliyi Ukraynaya qarşı sanksiyaları nəzərdən keçirəcək". Bunu Kiyevdə səfərdə olan Avropa Parlamentinin vitse-prezidenti Cianni Pittella keçirdiyi mətbuat konfransında deyib.
"Ukrayna hökuməti heç nəyə görə dayanmayacaq, bu rəhbərlik üçün bütün üsullar keçərlidir, amma Avropa Birliyi üçün yox. Mən Avropa institutlarını Ukraynada demokratik dəyərlərin kobud şəkildə pozulmasını dayandırmaq üçün bir yol tapmağa çağırıram. İnanıram ki, bəzi sanksiya formaları tapılacaq və mən avropalı həmkarlarımla bu barədə müzakirələr aparacağam".
Mətbuat konfransında Yuliya Timoşenkonun qızı Yevgeniya Timoşenko da iştirak edib. O, anasının azad ediləcəyinə inandığını deyib.
"Mənim anam bizim qələbəmizə inanır. O bilir ki, qələbə üçün cəmi iki amil lazımdır: Ukrayna xalqının gücü və demokratik dünyanın dəstəyi".
9 il müddətinə həbs cəzası alan Yuliya Timoşenkonun azad edilməsi "Avromaydan" hərəkatının da əsas tələblərindən biridir. Ukrayna prezidenti Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiasiya sazişini imzalamağa tərəddüd etməsi Avropaya inteqrasiya tərəfdarlarını küçələrə çıxarıb. Kiyevin Müstəqillik meydanında çadır düşərgəsi quran etirazçıların aksiyaları ötən gecə də davam edib.