“BİZİ AĞIR GÜNLƏR GÖZLƏYİR...” - Putin istədiyini aldı, Avropa məyusdur, Tramp isə...

“Rusiyanın şərtləri təkcə Ukrayna deyil, hamımız üçün qəbuledilməzdir”

İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqları bir daha göstərdi ki, qarşısında güc görməyən, cəzasızlıqdan başı gicəllənən Kreml qətiyyən geri çəkilmək niyyətində deyil. Əksinə, daha böyük həyasızlıqla yeni tələblər irəli sürməkdədir və bunu Qərbdə də bir daha gördülər, anladılar. Lakin zamanında buraxılan səhvlər, dişsiz, cəsarətsiz, bəzən də riayakar siyasət indi ilk növbədə Avropanın özünü çətin duruma salıb…

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk İstanbuldakı Rusiya-Ukrayna danışıqlarından və ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra qarşıda çox ağır günlərin ola biləcəyini deyib.

 

 

Tusk xatırladıb ki, Rusiya danışıqlarda ABŞ nümayəndələrinin olmamasını tələb edib və həmçinin Rusiyanın danışıqlarda irəli sürdüyü şərtləri “təkcə Ukrayna üçün deyil, hamımız üçün qəbuledilməz” adlandırıb.

O, avropalı siyasətçilərin Ukraynada sülhün bərqərar olması istiqamətində fəaliyyətini davam etdirəcəklərini vurğulayıb. Bununla belə, Polşanın Baş naziri əlavə edib ki, əsas vəzifə bu məsələdə Avropa və ABŞ-nin birliyini qorumaq olacaq: "Biz gizlətmirik ki, Rusiyanın mövqeyini çətin ki, konstruktiv adlandırmaq olar. Bizi çox ağır günlər gözləyir".

Qeyd edək ki, Tuskun qatıldığı Avropa liderlərinin Albaniyadakı görüşü və xüsusilə də onların Trampla İstanbul görüşünün nəticələrilə bağlı telefon danışığından sonra belə bir bəyanatla çıxış etməsi doğrudan da vəziyyətin ağır olduğundan xəbər verir. Trampla danışıqdan sonra Polşa, Fransa, Almaniya, İngiltərə liderlərinin Volodimir Zelenski ilə birgə fotosundakı sifət cizgilərindən də görünür ki, ümidlər özünü doğrultmur. Məyusluq var…

 

 

 

Belə görünür ki, Tramp Kremlin bütün saymazyana davranışlarına və hətta “4 vilayəti verməsəniz, 8-ni istəyəcəyik” formasında açıq harınlıq səviyyəsinə keçmiş təhdidlərinə rəğmən Rusiyaya qarşı sərt addımlar atmaq fikrində deyil. Əksinə, Putinin başlatdığı “danışıqlar” adı altında vaxt uzatmaq və buna paralel olaraq Ukraynada müharibəni Kiyev təslim olana qədər davam etdirmək oyununda ona tərəfdaşlıq edir. “Atəşkəs, sonra danışıqlar” prinsipindən çıxış edən, lakin Trampın təkidilə bu prinsipdən imtina etməli olan və İstanbuldakı danışıqlara qatılmağa vadar edilən Ukrayna sonda çətin duruma salındı. İndi isə həmin Tramp Putinin İstanbula gəlməkdən imtina və real danışıqları iqnor etməsinə haqq qazandıraraq, “Putinlə mən görüşənə qədər heç nə olmayacaq” deyir. Soruşan yoxdur ki, əgər belədirsə, Ukraynanı nədən az qala zorla İstanbula göndərirdin? Putinin vaxt uzatmasına şərait yaratmaq və Avropa ilə ABŞ-nin bundan öncə artıq razılaşdırdığı sanksiyaları təxirə salmaq üçünmü?

 

 

Məlum olduğu kimi, İstanbul danışıqlarından iki gün öncə Avropa ABŞ ilə razılaşdırılmış mövqedən çıxış edərək, Kremlə ultimatum vermis və ona mayın 12-nə qədər vaxt vermişdi. Əks halda ABŞ ilə birgə yeni və Rusiyaya olduqca güclü təsir edə biləcək sanksiyaların tətbiqi barədə xəbərdarlıq etmişdi. Bu sanksiyalar Rusiyanın neft daşıyan “kölgə donanması”ndan, bank sektorundan tutmuş Rusiyadan neft alanlara qarşı ABŞ-nin 500 faizlik rüsum tətbiqinə qədər bir çox ağır bəndlərdən ibarət idi.

Buna görə narahat olan Putin dərhal, gecə saat 2-də çıxış edərək, İstanbulda birbaşa görüş barədə bəyanat verdi. Tramp isə “öncə atəşkəs” prinsipini kənara qoyaraq, dərhal Ukraynanı danışıqlara qatılmağa çağırdı və Avropa ilə birgə sanksiya ultimatumunu gündəlikdən çıxardı. Bununla da Avropanı bir növ tək buraxdı və indi Avropanın elan etdiyi sanksiyalar ABŞ-nin iştirakı olmadan dişsiz və qeyri-effektiv olacaq.

 

 

 

Bir çox Qərb mənbələri Trampın Putinlə təkbətək görüşə can atdığını bildirir. Elə Trampın öz açıqlamaları da bu cür düşünməyə əsas verir. Lakin əksər müşahidəçilər hesab edirlər ki, Putin mümkün qədər Trampla təkbətək görüşdən yayınmağa, müxtəlif bəhanələrlə vaxt uzatmağa çalışacaq. Çünki belə bir görüş bir növ rubikon xarakterli olacaq və Putindən Ukrayna ilə bağlı konkret addım, mövqe tələb edəcək. Belədə özünün müharibəni dayandırmaq fikrində olmadığını Trampın üzünə demək Putin üçün çətin olacaq. Çünki bunun ardınca Ağ ev sahibinin radikal qərarlar verməyəcəyinə kimsə təminat verə bilməz. Ya da həmin görüşdə Putin Trampı “Ukraynanın başını buraxmağa” inandırmalıdır ki, buna da nail ola biləcəyi asan görünmür.

Digər yandan, Putinin Trampa görə özünün Rus imperiyasının, yaxud SSRİ-nin bərpası kimi strateji hədəfindən yayınması inandırıcı görünmür. Putin üçün Tramp sadəcə, 4 illik ABŞ prezidentidir, 4 ildən sonra Tramp olmayacaq, Putin özü isə “əbədidir”. Tramp Putin üçün yalnız “fürsət pəncərəsi”dir və Kreml sahibi bu “pəncərə”dən maksimum istifadə etməyə çalışır. Ona görə də Putin zatən avtoritarizmə meylli olan, siyasətlə ticarəti qarışdıran Trampı Avropa ilə üz-üzə qoymaq, onların arasında uçurum yaratmaqdan ötrü əlindən gələni edir. Tramp da hələ ki, bu oyunda “can-başla” iştirak edir.

Bütün bunların fonunda isə Ukarynada müharibə, qətliamlar, şəhərlərin dağıdılması davam edir. Və hər keçən gün də Putin Trampı bu bəşəri, hərbi cinayətdə daha çox özünə ortaq etməyə nail olur…

 

 






Fikirlər