İsgəndər Həmidovdan Ukrayna Təhlükəsizlik Xidmətinə şikayət verildi

 İsgəndər Həmidovdan Ukrayna Təhlükəsizlik Xidmətinə şikayət verildiAzərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov onun barəsində Ukrayna Təhlükəsizlik Xidmətinə göndərilmiş şikayəti haqqın.az-ın əməkdaşına şərh edib. İ.Həmidov bildirib ki, o, Ukraynada “persona non-qrata” elan edilib.

“Mən fəxr edirəm ki, Yanukoviçin Rusiya meylli hökuməti məni persona non-qrata elan edib, lakin bu qərar heç bir halda ukrayna xalqının qərarı hesab edilə bilməz” deyə o bildirib.

Keçmiş daxili işlər naziri bildirib ki, Ukrayna xalqını sevir və onun azadlıq uğrunda mübarizəsini dəstəkləyir. “Ukrayna millətçilərinin lideri Oleq Tyaqnibok mənim ən yaxşı dostumdur, mən onunla daim əlaqə saxlayıram. Düzünü desəm Ukrayna hakimiyyətinin mənim barəmdə nə fikirləşdiyinə əhəmiyyət də vermirəm. Mən Ukrayna xalqını dəstəkləmişəm və dəstəkləməkdə davam edəcəyəm, heç bir qadağa Ukrayna xalqının azadlıq uğrunda mübarizəsini dayandıra bilməz” deyə İ.Həmidov bildirib.

Keçmiş daxili işlər naziri Ukrayna XİN-in onu nə vaxt və hansı səbəbdən “persona non-qrata” elan etdiyini dəqiqləşdirməyib. Virtualaz.org saytı qeyd edir ki, Ukraynada İ.Həmidovun barəsində xüsusi xidmət orqanlarına şikayəti Yanukoviç hökuməti yox, bu hökumətə müxalif mövqedən çıxış edən siyasətçi etmişdi. Bununla belə keçmiş daxili işlər naziri informasiyanı şərh edərkən özü barəsində daha bir maraqlı detalı-Ukraynada arzuolunmaz şəxs elan edilməsini açıqlamış olub.

“...Onun rəhbərlik etdiyi “Boz qurd”lar Ukraynada fəallaşıb”

Azərbaycanda Elçibəy hakimiyyətində daxili işlər naziri postunu tutmuş İsgəndər Həmidovdan Ukrayna xüsusi xidmət orqanlarına şikayət göndərilib. Virtualaz.org saytı xəbər verir ki, şikayət edən Ukraynanın sağ-millətçi “Haqq işi” partiyasının lideri Dmitri Sineqryovdur.

D.Sineqryovun Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, general-mayor Aleksandr Yakimenkoya göndərdiyi məktubdan bəlli olur ki, İsgəndər Həmidovdan şikayətin səbəbi onun rəhbərlik etdiyi “Boz qurd”lar hərəkatının Ukraynada fəallaşmasıdır.

Məktubda deyilir: “Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, general-mayor Yakimenko A.Q-ya. Son vaxtlar Ukraynada radikal islamçı struktur olan “Süleymançılar” (“Boz qurdlar”) öz fəaliyyətini gücləndirib. Onun Ukrayna şöbəsinə etnik tatar olan və Odessa vasitəsilə ölkəyə gələn Türkiyə vətəndaşı rəhbərlik edir. “Boz qurdlar”ın həm Türkiyə xüsusi xidmət orqanları, həm Səudiyyə Ərəbistanının vəhabi təşkilatları ilə əlaqəsi var.

“Süleymançılar” 1958-ci ildə yaradılmış radikal islamçı türk təşkilatıdır və hazırda Türkiyədə yarı-leqal fəaliyyət göstərir. “Süleymançılar”ın ideologiyası nüfuzlu türk siyasətçilərinin və ruhanilərinin Ukraynanın Qara dəniz sahillərini də özündə birləşdirən “böyük Türkiyə” maraqlarını əks etdirir. SSRİ-nin dağılmasından sonra “Boz qurdlar” bizim ölkəmizin ərazisində fəallaşıb. Azərbaycanda daxili işlər naziri İsgəndər Həmidovun rəhbərliyi altında təşkilatın qolu yaradılıb.

İ.Həmidov təşkilatın Ukraynadakı fəaliyyətinə şəxsən rəhbərlik edib. Təşkilatın Ukraynadakı fəaliyyəti Azərbaycan milli-mədəni cəmiyyətləri altında həyata keçirilib. Hazırda “Boz qurdlar”ın maraq orbitinə Azovsk mədrəsəsi daxildir. Mədrəsə Türkiyənin Əziz Mahmud Xudai Vəkfinin patronajlığı altında fəaliyyət göstərir. Fond Krımda 90-cı illərin əvvəllərindən fəaliyyətdədir”.

Sineqryov yazır ki, Krımda Türkiyədə dünyəvi dövlət rejimini dəyişdirməyə çalışan “Nurçular” təriqəti də fəaldır. Onun iddiasına görə, bu təriqət Ukraynada “Boz qurdlar”la sıx əməkdaşlıq edir. Ukrayna millətçisinin yazdığına görə, “Boz qurdlar”ın bu ölkədəki təşkilatının rəhbəri son vaxtlar Nikolayev, Odessa, Xerson, Zaparojets və Luqansk vilayətlərinə tez-tez səfərlər edir. Orada azərbaycanlı diasporunun rəhbərləri ilə görüşür, habelə türk cəmiyyətləri ilə təmasda olur.

“Sizə müraciət edərək tələb edirəm ki, Ukrayna ərazisində “Boz qurdlar” radikal təşkilatının və “Nurçular” təriqətinin fəaliyyəti qadağan edilsin. Onların fəaliyyəti mövcud dövlət quruluşunu dəyişdirməyə yönəlib və fəaliyyətlərində terrorçuluq əlamətləri var. Həmçinin tələb edirəm ki, “Boz qurdlar”ın və “Nurçular”ın fəaliyyətinə himayəçilik edən azərbaycanlı diaspor təşkilatlarının və türk cəmiyyətlərinin rəhbərlərinin fəaliyyəti də yoxlanılsın” deyə Sineqryov yazır.

Qeyd edək ki, D.Sineqryov Ermənistan üzərindən Dağlıq Qarabağa səfər edərək erməni separatçıları ilə görüşdüyü üçün Azərbaycan XİN-in “arzuolunmaz şəxslər” siyahısında yer alır. O, əvvəllər də Azərbaycana qarşı çıxışlar edib. Virtualaz.org Ukrayna millətçisinin İsgəndər Həmidov barədə şikayətini keçmiş daxili işlər naziri ilə aydınlaşdırmağa çalışacaq.






Fikirlər