ALLAHa təvəkkül etmək nə deməkdir?
“Təvəkkül” “Vəkil” sözündən gəlir, Allahın gözəl adlarından biridir.
Vəkil - hər şeyi görən, hər şeydən xəbərdar olan, hər şeyi idarə edən, hər şeyi nəzarət altında saxlayan, yaratdığı bütün məxluqatın ruzisini və idarəsini Öz üzərinə götürən Allah mənasına gəlir.
İnsanın Allaha təvəkkül etməsi, yəni Ona vəkalət verməsi bizim məhkəmələrimizdəki vəkilliyə bənzəmir. Allaha təvəkkül etmək o deməkdir ki, bir şeyə nail olmaq üçün boynuna düşən bütün vəzifələri yerinə yetirirsən və sonra nəticəni Allaha həvalə edirsən.
Təvəkkül məsələsində çox mühüm məqamlar var. Əvvəlcə gərək özündən başlayasan. Allah insanın bir məqsədə çatması üçün onun qarşısına müəyyən səbəblər və ya vasitələr qoyur. Həmin səbəblərə və ya vasitələrə riyaət etmədən insan gərək Allaha təvəkkül etdiyini deməsin. Çünki Allah Qurani-Kərimdə insana öz ağlından və iradəsindən istifadə etməyi dönə-dönə buyurur. Yəni, sən əvvəlcə öz boynuna düşən işi ən gözəl şəkildə yerinə yetirməli (təbii ki, imkanın yetdiyi dərəcədə), sonra məsələni Allaha həvalə etməlisən. Heç bir əziyyət çəkmədən istədiyinə qovuşmaq İslam məntiqinə ziddir.
Əgər payızda tarladan yaxşı məhsul toplamaq istəyirsənsə, gərək yazda o yeri yaxşıca şumlayasan, malalayasan, toxum səpəsən, suvarasan, qoruyasan, yəni lazım olan nə varsa, yerinə yetirəsən. Və ya çoxlu pul qazanmaq istəyirsənsə, gərək ağıl işlədəsən, yol tapasan, zəhmət çəkəsən, səhər təzdən qalxıb qazanc dalınca gedəsən, bir sözlə, halal olan bütün imkanlardan istifadə edəsən.
Təvəkkül məsələsində ən mühüm məsələlərdən biri də Allaha etibar etməkdir, həm də lap işin başından. Yəni, sən öz borcunu yerinə yetirəndə bütün ruhunla əmin olmalısan ki, Allah sənin heç bir zəhmətini boşa çıxarmayacaq. Etibar məsələsində ən mühüm məqam isə bizim əməyimizin, zəhmətimizin əvəzində Allahın verdiyi hər şeydən məmnun olmaqdır. İnsan əmin olmalıdır ki, Allah onun üçün nəyin xeyir, nəyin zərər olduğunu onun özündən daha yaxşı bilir.
Təvəkkül düşüncəsi əslində insanın formalaşmasında çox böyük rol oynayan amillərdəndir.
Təvəkkül - Allaha etibar etməkdir, Onun mərhəməti altına girməyə can atmaqdır.
Qurani-Kərimin də, Peyğəmbərimizin də (s.ə.s.) müsəlmanlara aşıladığı əsas şey təvəkkül ruhudur.